​"Deyirdi ki, "mən seyidəm, bu işi həll edəcəm" - həbsdə olan həkimin məhkəməsi

 
ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayev növbəti dəfə hakim qarşısına çıxarılıb.
 
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mirəddin Ağayevin cinayət işi üzrə məhkəmə iclasına hakim Novruz Kərimov sədrlik edib. Məhkəmə prosesində şahidlər və zərərçəkmişlər ifadə verib.
 
Şahid Gülər Əhmədli dindirilən zaman deyib ki, atası zərərçəkmiş şəxsdir və indi heç kimdən şikayətçi deyillər. Hakim ifadə vermək istəməyən şahidə xatırladıb ki, o, ifadə verməkdən imtinaya görə cinayət məsuliyyətinə cəlb edilə bilər. Şahid bundan sonra ifadə verməyə başlayıb.
 
O, sərbəst ifadəsində qeyd edib ki, atasının tanışı Mirsahib adlı şəxs onu işə düzəldəcəkmiş: "Mirsahib Babayev adlı şəxsi tanımışam. O da atamın tanışı olub. Mən ondan şikayətçi olmuşam. Zərərçəkmiş kimi atam tanınıb. 8 min manatı ona vermişik. Məni ASAN xidmətə işə düzəltməli idi. Sənədləri də Mirsahibə vermişəm. O, deyirdi ki, mən seyidəm, bu işi həll edəcəm".
 
Suallara cavab verən G.Əhmədli deyib ki, pulu verdikləri Mirsahib Babayevin işi Mirəddin Ağayev vasitəsi ilə düzəldəcəyini söyləyib. Məhkəmədə məlum olub ki, zərərçəkmiş tərəfə dəymiş ziyan tam olaraq ödənilib və onların tələbi və şikayəti yoxdur.
 
Zərərçəkmiş Gözəlxanım Səmədova da məhkəmədə ifadə verib. O, söyləyib ki, təqsirləndirilən şəxsi tanışları Adil vasitəsi ilə tanıyıb. G.Səmədova başına açılan müsibətlərin səbəbkarı kimi Adil adlı şəxsi göstərib. G.Səmədova iki övlad sahibi olduğunu, onlardan birinin hazırda həbsxanada cəza çəkdiyini söyləyib.
 
"Oğlum 4 ildən artıqdır ki, həbsxanadadır. Ağır xəstədir. Onun həbsdən çıxarılmasını istəyirdim. Bunun üçün də əlimdən gələni edirdim. Adili tanıdım. O, mənə söz verdi ki, işi həll edəcək. Məndən istənilən məbləğ 20 min manat idi. Elə bu qədər də vermişəm. Adil deyirdi ki, oğlumu əfvlə çıxaracaq" - deyən zərərçəkmiş daha sonra Mirəddin Ağayevi necə tanıdığını danışıb.
 
O, deyib ki, pulu verdiyi Adil adlı şəxs bir müddət sonra onu Mirəddin Ağayevlə görüşdürüb. Həmin görüşdə birinci dindirilən şahidin adını çəkdiyi Mirsahib Babayev də olub: "Mirəddin dedi ki, əfv komissiyasında həkimdir. Söylədi ki, "Sənə bacı deyirəm. Uşağını çıxaracam. Əmin ol". Mən də inandım. Bu görüşdən, söhbətdən sonra iş alınmadı. Bir müddət sonra məndən əvvəl ifadə verən şahidin adını çəkdiyi Mirsahibin evində olduq. Orada Mirəddinlə görüşdük. Adil deyirdi ki, pulun on minini Mirəddinə verib. Mirəddin dedi ki, iş həll olmadı, qaytaracaq. Aramızda borc müqaviləsi bağladıq. Hətta 100 manat müqavilə pulunu da mən vermişəm".
 
G.Səmədova zərərin bir hissəsinin ödənildiyini və indi Mirəddin Ağayevi bağışladığını deyib. Amma bir şərti olduğunu söyləyib: "Əgər vicdanı, insafı varsa, çıxsın mənim pulumu qaytarsın. Getsin fəhləlik eləsin. Mən dustaq anasıyam, özüm də ikinci qurup əliləm. İki uşağım da xəstədir. Mən indi bir qadın kimi Mirəddini bağışlayıram, amma çölə çıxsa da mən ondan əl çəkməyəcəm. O da bir kişi kimi mənim pulumu qaytarsın".
 
Zərərçəkmiş Zaur Abbasov isə ifadəsində ona dəymiş zərərin ödənildiyini söyləyib. Zaur Abbasov 1200 manatının geri qaytarıldığını deyib. O, işə düzəlmək adı ilə M.Ağayevin tanışına pul veribmiş.
 
Şahidlər və zərərçəkmişlər ifadə verdikdən sonra M.Ağayev məhkəmədən söz istəyib. O, öz əməllərini etiraf etdiyini, lakin bəzi şəxslərin ona qarşı qərəzli münasibətdə olduğunu vurğulayıb: "Bura gələn şəxslər mənə birbaşa pul verməyiblər. Özləri də təsdiqlədilər. Başqalarına pul veriblər, onlar da mənim adımdan istifadə ediblər. Pulu alıblar, dələduzluq ediblər. Mən günahsız olduğumu demirəm. Bəzi insanlara söz vermişəm. İş alınmayıb, etibarlarından sui-istifadə etmişəm. Bunun cəzasını da çəkirəm. Artıq bir ildir ki, həbsdəyəm. Etdiyimin cəzasını çəkirəm. Amma aydın görünür ki, kimlərsə bu işdən kənarda qalıb. Halbuki həmin şəxslər pulları alanlardır. Danışmıram, susuram, amma görürəm ki, haqsızlıqdır. Mən pulunu aldığım insanların zərərini ödəməyə çalışıram. Heç kim, heç kimin haqqını yiyə bilməz".
 
Növbəti məhkəmə prosesi yanvarın 18-nə təyin edilib.
 
Qeyd edək ki, Mirəddin Ağayev dələduzluqda ittiham edilir. Onun barəsində istintaq ötən ilin noyabrında başlayıb. Məlumata görə, Qəzənfər Davud oğlu Qəzənfərov adlı şəxsin Səbail rayon Polis İdarəsinə şikayəti əsasında o, istintaqa cəlb olunub. Vətəndaş, Mirəddin Ağayevin dələduzluq yolu ilə onun 2000 manatını mənimsədiyini bildirib. Təqdim olunan sübutlar əsasında cinayət içi açılıb və bir neçə gün sonra M.Ağayev yaşadığı Yardımlı rayonunda saxlanılıb. May ayının əvvəllərində isə məhkəmə onun barəsində həbs qərarı çıxarıb. İttihama görə, M.Ağayev 4 vətəndaşa qarşı ümumilikdə 86 min manat məbləğində dələduzluq edib. Onları işə düzəldəcəyini vəd edib.
 
İlkin Muradov,
Musavat.com

Загрузка...
Загрузка...