Devalvasiya pensiyaçılara daha çox təsir edib - ARAŞDIRMA

Devalvasiya pensiyaçılara daha çox təsir edib - ARAŞDIRMAİqtisadçı ekspert: “Pensiyaçıların sosial müdafiəsinin daha da gücləndiriləcəyinə inanıram”
“Yaşlı insanlara verilən aylıq pensiya onların aylıq normal qidalanmasını təmin etməklə bərabər, həm də xəstələndikləri zaman müalicə xərclərini ödəməlidir”
Hər ayın 20-dən başlayaraq Bakıda çoxsaylı bankomatların qarşısında yaşlı qadın və kişilərin ciddi növbəsi yaranır. Onların arasında şax-şax pulları əlinə alanda sevincdən gözləri parlayanı da, pensiyanın həcmi artırılsa da, yenə də məbləğdən narazi qalıb qaşlarını dartanları da az olmur. Böyük Vətən Müharibəsi veteranı, 95 yaşlı Hürü nənə isə hər dəfə pensiya kartını pulun ardınca göndərəndə “Allah hökumətimizə, dövlətimizə dayaq olsun” – deyir, sonra da bankomatdan gələn pulları çin-çin edib sandığında yerləşdirirdi. Arada da deyərdi ki, “pensiyam artdıqca, ondan kənara atıram”. Bunu niyə etdiyini deməsə də, hamı səbəbi anlayırdı.
Bu il martın 11-də Hürü nənə qəflətən rəhmətə getdi. Kimi-kimsəsi yox idi. Dünyasını dəyişməzdən əvvəl qonşusuna deyib ki, dəfn xərclərini sandıqda saxlayır. Pensiyasından etdiyi qənaət sayəsində Hürü nənə kimsənin ianəsinə ehtiyac olmadan bu dünyadan köçünü çəkdi... Qonşu da yasda iştirak edənlərə bu haqda kədərlə danışaraq dedi ki, nə yaxşı, pensiyalarda artım tez-tez baş verir. Kimi-kimsəsi olmayanlar belə günlərdə heç kimə möhtac qalmırlar.Qəribədir ki, çox nadir hallarda rast gəldiyim bu haldan yas məclisində daha çox danışıldığını görüb statistikayla maraqlandım.
Statistikaya görə...
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyevin mətbuata verdiyi açıqlamalarda deyilir ki, Prezident İlham Əliyevin “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” imzaladığı sərəncama əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib. Sərəncamın icrasından irəli gələrək DSMF Azərbaycan Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin artırılaraq yenidən hesablanması təmin olunub. 2016-cı il yanvarın 1-nə olan statistik məlumata görə, respublikamızda 1 milyon 296 min pensiyaçı bu sərəncamdan yararlanır. Prezident İlham Əliyevin əmək pensiyalarının baza hissəsinin artırılmasına dair sərəncamı təxminən 1 milyon 223 min pensiyaçıya şamil edilib.
DSMF sədri Elman Mehdiyevin sözlərinə görə, sözügedən artımdan yararlanmayan qulluq stajına görə əmək pensiyasına əlavələr alanlar, yəni dövlət qulluqçuları, hərbi qulluqçular və digər bu kateqoriyaya aid pensiyaçıların sayı 73 min nəfərdir. Onların pensiyaları isə “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq fərqli qaydada artırılıb. Pensiyanın baza hissəsini 100 faiz alanların - 1 milyon 169 min nəfərin pensiyasının artımı 10 manat, bəzi kateqoriyaya aid olan pensiyaçılarda isə daha çox olub. Belə ki, pensiyanın baza hissəsini 120 faiz həcmində alanlar (I qrup gözdən əlillər istisna olmaqla, 17 min nəfər) üzrə artım 13 manat, pensiyanın baza hissəsini 200 faiz həcmində alanlar üzrə (I qrup gözdən əlillər 8700 nəfər) isə 21 manat təşkil edib. Milli Qəhrəmanların ailə üzvlərinin pensiyasının baza hissəsi 20 manat artırılaraq 220 manata, şəhid ailəsi üzvlərinin pensiyasının baza hissəsi isə 18 manat 50 qəpik artırılaraq 203 manat 50 qəpiyə çatıb. Döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçuların pensiyasının baza hissəsi 11 manat artıb. Böyük Vətən Müharibəsi (BVM) iştirakçılarının pensiyasının baza hissəsi 19 manat, I qrup BVM əlillərinin 25 manat, II qrup BVM əlillərinin 21 manat, III qrup BVM əlillərinin isə 19 manat artırılıb.
Gecikmə problemi baş vermir
Devalvasiya pensiyaçılara daha çox təsir edib - ARAŞDIRMA
Pensiyaların vaxtından əvvəl hesaba köçürülməsi də pensiyaçıların müavinətlərini lazımı anda əlinə almasına vəsilədir. DSMF-nin mətbuat xidmətindən aldığımız məlumata görə, Fondun daxilolmalarının artım səviyyəsi hər ay pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. Ona görə də pensiyaların maliyyələşdirilməsində heç bir gecikmə problemi baş vermir. Əksinə, bayramlarda respublika üzrə bu proses qrafikdə nəzərdə tutulan qabaq başa çatdırılır. Belə ki, 2015-ci ildə DSMF-nun xərcləri 2934,2 milyon manat təşkil edib ki, bundan 97,9 faizi (2872,0 milyon manatı) əhaliyə ödənişlərə
yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 2797,3 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 74,7 milyon manat təşkil edib.i
Dünyada baş verən iqtisadi çətinliklər fonunda Azərbaycanda bütün sosial proqramların vaxtında reallaşdırılması, o cümlədən əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi tədbirlərinin davam etdirilməsi, heç şübhəsiz təqdirəlayiq hadisədir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Xanhüseyn Kazımlının sözlərinə görə, 2016-cı ildə sosial layihələrin, o cümlədən sosial müavinətlərin, pensiyaların, əməkhaqqı artımlarının vaxtlı-vaxtında verilməsi üçün büdcəyə kifayət qədər əlavələr edilib. Millət vəkili qeyd edib ki, parlamentdə 2016-cı ilin dövlət büdcəsinə baxılıb, müzakirələr aparılarkən büdcənin həm gəlir, həm də xərc hissəsinə 2,3 milyard manat vəsait əlavə edilib: “Bu vəsaitin 800 milyon manatı büdcənin xərc hissəsi üçün nəzərdə tutulub. Əsasən, sosial müavinətlərin, pensiya və əmək haqqının artımlarını əhatə etdi. Həmçinin, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi də yenidən təsdiqlənib. Prezident İlham Əliyevin bu sahədə qarşıya qoyduğu məqsəd budur ki, bütün sosial layihələr tam şəkildə həyata keçirilməsi sürətlənsin. Məhz buna görə də, sosial layihələrin reallaşması üçün xərclər biraz da artırıldı. Hazırda sosial layihələrin dövlət büdcəsində payı 38 faizdir. Bu da öz növbəsində vətəndaşların, o cümlədən pensiyaçıların sosial müdafiəsinin təminatı məqsədiylə dövlətin həyata keçirdiyi tədbirləin nəticəsidir”.
Millət vəkili hesab edir ki, respublikamızda pensiyalar, müavinətlər, sosial yardımlar, əmək haqları daim Prezident İlham Əliyevin diqqət mərkəzində olan məsələdir.
Beynəlxalq təcrübə
Deputat Mahir Abbaszadə isə hesab edir ki, vətəndaşların pensiya təminatının qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulması Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin strateji istiqamətlərindəndir: ““2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nın icrası və burada qoyulan məsələlər də söylədiklərimi təsdiqləyir. Sözügedən proqram ölkə vətəndaşlarının pensiya təminatının daha da yaxşılaşdırılması, sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunmasını təmin etmək məqsədilə uğurla həyata keçirilib. M.Abbaszadənin sözlərinə görə, pensiya sahəsində islahatların digər təkanverici qüvvəsi “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”dır. Bu sənəd sözügedən sahədə mühüm vəzifələrin icrasını hədəfləyir və növbəti mərhələdə pensiya islahatının prioritet istiqamətlərini müəyyənləşdirir, pensiya sistemini təkcə sosial öhdəliklərdən çıxış edən təsisat kimi deyil, bütövlükdə iqtisadiyyatın əsas həlledici həlqəsi kimi nəzərdən keçirilir: “Pensiyalarla bağlı vətəndaşlara normal və yüksək xidmətdən danışrkən isə Dövlət Sosial Müdafiə Fondu fəaliyyətini xüsusi qeyd etməmək olmur. DSMF ölkənin vətəndaşlara xidmət göstərən ən nümunıvi qurumlarındandır”
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab edir ki, ölkədə pensiyaların mütəmadi artırılması bu sahənin dövlət siyasətində prioritet məsələ olmasının göstəricisidir: “Azərbaycanda 2006-cı ildən başlayan pensiya islahatların davam etməsi, dövlətin vətəndaşa qayğısının göstəricisidir. Eyni zamanda, ailə başçısını itirmə və əlilliyə görə pensiyaların verilməsi və təyin olunması qaydalarında dəyişiklik aparıldı. Bu da aztəminatlı və pensiyaya ehtiyacı olan insanların sevincinə səbəb olur. Son illərdə aparılan islahatlara baxmayaraq, bu siyasətin davam etdirilməsi zəruri haldır.
Devalvasiya və pensiyalar
Ötən il iki dəfə devalvasiyanın baş verdiyini xatırladan millət vəkili Əli Məsimli isə hesab edir ki, dollarla müqayisədə manatın kifayət qədər ucuzlaşması ən çox pensiyaçılara zərər verir: “Manatın alıcılıq qabiliyyəti aşağı düşüb. Buna görə də pensiyaların dəyəri də iki dəfə düşüb. Lakin kompensasiyası istiqamətində müəyyən addımlar atılıb, prezident müvafiq sərəncamlar imzalayıb. Belə sərəncamlar davamlı olmalıdır. İşləyən vətəndaşların əlavə gəlirləri ola bilər, ancaq pensiyaçıların belə gəliri yoxdur. Çünki onlar ancaq dövlətin verdiyi pensiya ilə dolanırlar. Buna görə də yaşlı insanlara verilən aylıq pensiya onların aylıq normal qidalanmasını təmin etməklə bərabər, həm də xəstələndikləri zaman müalicə xərclərini ödəməlidir. Hesab edirəm ki, bu cür təqdirəlayiq tədbirlər davamlı olmalıdır”.
Pensiyaların artırılması pensiyaçıların sosial müdafiəsinin güclənidirməsində əhəmiyyətli rol oynayıb
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov pensiyaların baza və sığorta hissəsinin artırılmasından danışarkən qeyd edib ki, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi üzrə əsas göstəricilərdəndir: “2016-cı ilin dövlət büdcəsinə edilən son dəyişikliklər, xüsusilə də pensiyaların artırılması pensiyaçıların sosial müdafiəsinin güclənidirməsində əhəmiyyətli rol oynayıb. Sonuncu 10 faizlik artım da pensiyaçıların sosial rifahlarının yaxşılaşdırılması baxımından təqdirəlayiqdir. Neftin ucuzlaşmasına rəğmən, əminəm ki, pensiyaların baza və sığorta hissəsi davamlı olaraq artırılacaq, pensiyaçıların sosial müdafiəsinin daha da gücləndiriləcəyinə inanıram”.
İqtisadçı ekspert Fikrət Yusifov isə Prezidentin pensiyalarla bağılı verdiyi son sərəncamı təqdirəlayiq hesab edir. O bildirir ki, Prezident İlham Əliyevin pensiyaçıların sosial müdafiəsini daim diqqət mərkəzində saxlaması hər il pensiya məbləğlərinin nəzərəçarpacaq artımını şərtləndirdiyi üçün bütün pensiyaların vahid prinsiplə hesablanması təmin edilib: “Vətəndaşların pensiyasının sığorta hissəsi əmək stajına görə, formalaşdırılıb. Bu isə inflyasiya göstəricilərinə uyğun olaraq, hər il aparılacaq pensiyaların sığorta hissəsinin artırılması prosesinin bütün pensiyaçılara şamil olunmasına gətirib çıxarır. Üstəlik, pensiya təyinatının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən «Mərkəzi Çağrı Sistemi» vasitəsilə həyata keçirilməsi, həmçinin «ASAN xidmət» mərkəzlərində əmək pensiyalarının təyinatı xidmətinin təşkili işi pensiyaçıların əlavə xərc və vaxt itkisi ilə üzləşməsinin də qarşısını alıb. Ümid edirım ki, bu cür tədbirlər mütəmadi davam edəcək”.
“Hürriyət”
Qeyd: Yazı Dövlət Sosial Müdafiə Fondunun “Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir” mövzusunda elan etdiyi müsabiqəyə təqdim olunur.