​Deputatların mandatını itirməsində YENİ QAYDA: Milli Məclis üzvləri nə düşünür?

Baxış sayı: 
132

 
    
 
Deputatların mandatının ləğv olunması səlahiyyəti Mərkəzi Seçki Komissiyasına (MSK) verilir. Bununla bağlı Seçki Məcəlləsinin 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi) maddəsinə əlavələr edilir. Belə ki, Milli Məclisinin deputatı qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə və səsvermə hüququnun şəxsən həyata keçirilməsi qaydasını pozduqda mandatdan məhrum ediləcək.
 
Layihəyə görə, maddənin 3-cü bəndində bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2, 4 və 5-ci bəndləri ilə yanaşı, 6-cı və 7-ci bəndlərində də göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qəbul ediləcək. Deputat MSK-nın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
 
Məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılacaq. Deputatlar bununla bağlı “Cümhuriyət” qəzetinə şərh verib.
 
 
 
Milli Məclisin üzvü Zahid Oruc deyib ki, Konstitusiyaya görə, parlament üzvü xalqın iradəsinin təmsilçisidir:
 
”Bu o deməkdir ki, insanlar onların mövqelərini, istək və arzularını, ümumiyyətlə, onların mənafelərinin təminatını məhz parlament üzvlərini, yaxud seçkili orqanları nümayəndələrini formalaşdırmaqla həyata keçirirlər. Bu ayrı bir iradədir. O deməkdir ki, hakimiyyətin formalaşmasını millətimiz müəyyənləşdirir. Belə olan təqdirdə bizim də atacağımız addımlar hüquqa dayanıqlı olmalıdır. Parlament üzvləri əlbəttə ki, digər hakimiyət qolları kimi müxtəlif etik tələbləri öz fəaliyyətlərində gözləməlidirlər. Yəni başqa cür də ola bilməz. Çünki hər kəs bu ictimai vəzifə daşıyan şəxslərin fəaliyyətinin tənzimlənməsinin tərəfindədir. Parlament üzvlərinin də üzərində müxtəlif tələblər mövcuddur və qeyd edilən layihədə bunlar yazılıb. Ancaq hansısa bir İntizam Komissiyası çərçivəsində Milli Məclis üzvlərinin mandat məsələsinə baxılması avtomatik Milli Məclisin özünün içərisində bir qrup şəxsi hansı ki, əlahiddə üstün hüquqları mövcud deyil, digərləri üzərində sanki funksional orqana çevrilirdi”.
 
Zahid Oruc qeyd edib ki, bu məsələ komitə səviyəsində artıq baxılıb və Milli Məclisin müzakirəsinə çıxarılacaq: “O zaman da bu ətrafda fikirlərimizi bölüşəcəyik. Düşünürəm ki, atılan hər bir addım parlament üzvünün sərbəstliyini, mustəqilliyini qoruyub saxlamalı, onun fəalliyət azadlığını təmin etməlidir. Hazırki parlament tərkibindən çıxış etsək, burada üstünlüyü qazanan məhz hakim partiyanın nümayəndələridir. Ona görə də ümidvaram ki, ən sonda müzakirələr açıq və hərtərəfli getdikdən sonra optimal bir qərar veriləcək”.
 
 
 
Deputat Aydın Mirzəzadə isə deyib ki, söhbət deputatın etika qaydalarına riayət etməməsindən və deputat səlahiyyətlərinin yerinə yetirilməməsindən gedir: “Belə olduğu halda deputat mandatından azad olunacaq. Təsadüfi hallar olur ki, deputat nizamnaməni pozur, dövlətçilik əleyhinə şüarlar səsləndirir. Ümumi götürəndə, bunlardan nadir hallarda, hətta belə demək mümkündürsə, istifadə olunmur. Hüququn normativləri olduğu kimi qalır”.
 
 
 
Millət vəkili Fazil Mustafa isə deputat mandatının ləğv olunması səlahiyyətinin MSK-ya verilməsini yalnış qərar hesab edib: “Bu uyğun olmayan bir müddəadır. Bu müddəa müzakirə olunacaq və fikirlərimizi söyləyəcəyik. Hesab edirəm ki, yalnız Konstutusiya Məhkəməsində bunun həlli mümkündür”.
 
Alçina Amilqızı
 
Cebhe.info

Загрузка...
Загрузка...