Deputatdan Qarabağla bağlı pozitiv açıqlama

 
Prezident danışıqlar prosesini Minsk Qrupu çərçivəsində aparan şəxsdir. Azərbaycanın öz ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa muxtariyyət statusu verməsi və bununla da ən böyük kompromisə getməsi ölçülüb-biçilmiş bir qərardır.
 
Bu sözləri Axar.az-a açıqlamasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib. Millət vəkili hesab edir ki, rəsmi Bakının ermənilərə vəd etdiyi muxtar respublika statusu ərazi bütövlüyümüzün təmin edilməsi ilə bərabər, eyni zamanda, Dağlıq  Qarabağın erməni icmasının gələcəkdə də Azərbaycan ərazisində əvvəlki yaşam tərzini təmin edəcək:
 
“Bununla da böyük bir problemin və mümkün müharibənin aktiv fazaya keçməsinin qarşısı alınacaq. Təəssüf ki, Ermənistan hələ də konstruktiv mövqe sərgiləmir. Dünya ictimaiyyəti, aparıcı dövlətlər və Minsk Qrupu üzvləri Ermənistan tərəfindən Azərbaycana qarşı işğalçılıq siyasətinin davam etdiyini çox yaxşı görürlər. Bütün beynəlxalq hüquqi prinsiplərə nəzər salsaq, münaqişənin sülh yolu ilə həllinin yeganə ən optimal yolu ölkə başçısının təklif etdiyi variantdır. Ermənistan öz gələcəyi və Cənubi Qafqazda yeni bir səhifənin açılması üçün müsbət addım atmalıdır. Düşünürəm ki, yaxın gələcəkdə Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Regionda yeni bir sülh isə digər mövcud münaqişələrin həllində müsbət model rolunu oynaya bilər”.