​Deputat unu 60 qəpik bahalaşdırdı: “Karat” mitinqlərdən dərs çıxarmadı - Qiyam

 
Azərbaycanda 50 kiloqramlıq unun qiymətində ən azı 60 qəpik bahalaşma qeydə alınıb
 
Politika.Az-ın İqtisadiyyat Şöbəsi mediada yayılan məlumatlara istinadən xəbər verir ki, "Fatoğlu”nun 50 kiloqramlıq un kisəsini hər gün 20 qəpik artımla alırlar.
 
Əvvələr 25 manat 40 qəpiyə aldıqları unun kisəsini hazırda 26 manatdır. Ölkənin ən iri un istehsalçılarından olan "Karat Holding"in baş direktoru Taleh Qasımov isə rəhbərlik etdiyi şirkətdə istehsal olunan unun qiymətinin bahalaşdığını təsdiqləyib.
 
O, bunu elektirik enerjisi və təbii qazın yeni qiyməti ilə deyil, buğdanın dünya bazarında bahalaşması ilə əlaqələndirib:
 
“Bu, dünya bazarında buğdanın qiymətinin bahalaşması iləbağlıdır. 4 gün əvvəl 50 kiloqramlıq unun qiyməti 22 manat 90 qəpik idisə, hazırda 23 manat 70 qəpiyə satılır”.
 
15 yanvar 2016-ci ildə manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı bu gündən etibarən əlavə dəyər vergisindən (ƏDV) azad olunub.
 
İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, bunun nəticəsində unun topdansatış qiyməti əhəmiyyətli dərəcədə azalıb, daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisəunun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb.
 
Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılması barədə qərar qəbul edilib.
 
"Karat Holding"in baş direktoru Taleh Qasımov isə bildirmişdi ki, prezidentin tətbiq etdiyi güzəştlərlə əlaqədar dəyirmanlarda 50 kiloqramlıq 1 kisə unun qiyməti 22 manata endiriblər.
 
Politika.Az-ın məlumatına görə, deputat Əsabil Qasımovun ailəsinə məxsus olan "Karat” holdinqin 2015-ci ilin dekabrında bahalaşma getməsi mitinqlərə səbəb olmuşdu.
 
Deputatın ailə holdinqi Azərbaycan un məhsulları bazarında kifayət qədər böyük çəkiyə malikdir. Bu baxımdan deputatın ailə şirkətinin qiymətləri qaldırması manatın qiymətdən düşməsi fonunda ölkədə çörəyin qiymətinə, çəkisinə də birbaşa təsir edir.
 
Xatırladaq ki, 2015-ci ildə holdinqin əsas istehsal sahəsinin yerləşdiyi İmişli şəhərində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları əməliyyat keçiriblər. Nəticədə İmişlidə "Karat”da istehsal olunan unun topdansatışı ilə məşğul olan iki böyük anbardan birinin sahibi tutulub.
 
Həmin anbarlardan biri Milli Məclisin deputatı Əsabil Qasımovun xalası oğlu Naib Xəlilovun, digəri isə iş adamı Nizami Umudovundur. N.Xəlilov unun 1 kisəsini 27 manata, digər iş adamı isə 27 manat 50 qəpiyə satırmış. Keçirilən əməliyyat zamanı saxlanılan da Nizami Umudov olub.
 
O, unun 1 kisəsini istehsalçı şirkət kəskin bahalaşdırandan sonra 50 qəpik baha satırmış. N.Umudov 3 gün imiş unun qiymətini 18 manatdan 27 manat 50 qəpiyə qaldırıbmış.
 
Xatırladaq ki, Əsabil Qasımovun yaratdığı, hazırda oğlunun idarə etdiyi “Karat Holdinq”in tərkibinə – Karat MTK, “Azinvest” MTK, İdeal MMC, İzmir MMC (tikinti şirkətləri); Everest-M, Şin Servis (armatur alqı-satqısı); “Karmen” MMC (dəyirman və un alqı-satqısı); Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki; ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq Fabrikləri), Taxıl Anbarları və Dəyirman Kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); Gəncə Fatoğlu (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki “Marina Plaza” oteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran; Bakı şəhəri, Səməd Vurğun küçəsində “Ağ Saray” binası; Bakı şəhəri, Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi, 61-də yerləşən “Premium Market” daxildir.