Deputat Şeyxin bazarını “vurdu”: milyonlar hara gedir? - ÖZƏL

 
 
Son günlər insanların pirlərə, ziyarətgahlara getməsi barədə mübahisə və dartışmalar gedir...
 
Politika.Az-ın verdiyi məlumata görə, bu qızğın müzakirələrə böyük bir entuziazmla qoşulanlar arasında deputat da var.
 
Millət vəkili Fazil Mustafa ziyarətgahlara getməyin əleyhinə çıxaraq bunu cahillik və dini biliyin aşağı səviyyədə olması ilə izah edir.
Deputat Şeyxin bazarını “vurdu”: milyonlar hara gedir?
Milli Məclis üzvü son olaraq yazıb: “Ötən günlərdə bir ər-arvad dəniz səviyyəsindən yüksəklikdə yerləşən Babadağa qalxıblar. Oradakı qəbirdən kəramət qoxusu duyaraq ziyarət etməyi məqbul sayıblar. Bu kəramət sahibinin kimliyi barədə hansısa bilgiləri olmayıb.
 
Baxıblar ki, cümlə vətəndaşlarımızın bir qismi bu ziyarətlə xeyli rahatlamış olurlar, onlar da bu davranışı təkrar ediblər. Qayıdanbaş hər ikisi sərt enişli dağdan enə bilməyiblər və 17 saat köməksiz vəziyyətdə dağda qalmalı olublar. Sağ olsun Fövqəladə Hallar Nazirliyinin işçiləri, məlumat alan kimi bir neçə saat ərzində çətinliklə də olsa onları xilas edib evlərinə təhvil veriblər.
 
Kəramət sahibindən imdad diləmək üçün getdikləri Babadağdan enişdə heç bir kəramət onlara yardım etməyib və dağda əməlli-başlı ölum-qalım stresi keçiriblər.
İkincisi, əgər bu cür qəbirlərdəki kəramət sahiblərinin əvəzinə Fövqəladə Hallar Nazirliyinin işçiləri gəlib sizi xilas edirsə, o zaman basa-basa o hündürlükdə dağa niyə dırmaşırsınız, şəhərin ortasında yerləşən həmin nazirliyi ziyarət etsəniz daha məntiqli olmazmı?
 
Politika.Az xatırladır ki, Azərbaycanda hər gün insanlar nəzir qutularına pul atır, dualar edir və arzularının reallaşacağına inanır. Amma kimsə o pulların hara getdiyi ilə maraqlanmır.
 
F.Mustafa deyib ki, Azərbaycanda isə nəzir qutuları gəlir yerinə çevrilib: “Bu da ondan qaynaqlanır ki, insanların axmaqlığından istifadə edərək bunu edirlər. Ağıllı adam gedib nəzir qutusuna pul salmır ki!
Yaxud da Bibiheybət məscidinin yanından keçəndə də, qayıdanda da pul salır ki, “qayıtdım” və “gəldim”. Elə bil sövdələşməyə girib ki, bunun sağ-salamat qayıtması nəzir qutusundan asılıdır. Bu, axmaqlıqdır. Ancaq ağıllı adamlara üz tutub söyləmək lazımdır ki, ziyarətgahlar boş şeydir. Bunlar ancaq mədəniyyət abidəsi kimi dəyərə sahibdir”.
 
Politika.Az-ın məlumatına görə, hazırda Azərbaycan ərazisində 400-dən artıq ziyarətgah var. Bu ziyarətgahlarda böyük məbləğdə pullar toplanır. Hazırda ölkədə xeyli məşhur olan ziyarətgahlar var ki, onların bir qismi QMİ-nin “çətiri” altındadır və nəzirlərdən idarəyə pay verir.
 
Ancaq ziyarətgahların böyük bir qismi QMİ ilə hesablaşmır və toplanmış ianələrdən idarəyə pay ayırmır. QMİ sədri özü də dəfələrlə ziyarətgahların böyük əksəriyyətinin idarəyə pul vermədiyini etiraf edib.
 
Bu qutulara hər ay on milyonlarla manat pul toplanır. Təbii ki, həmin pullarla bağlı heç zaman rəsmi hesabat verilmədiyindən biz pulların miqdarı ilə bağlı yalnız təxminlərlə danışa bilıərik. Amma bir şey gün kimi aydındır:
 
Ortada dövr edən pulun dəyəri milyonlarla ölçülə bilər və buna əsla şübhə yeri yoxdur. Sirr kimi qorunan isə təkcə həmin pulların konkret miqdarı deyil, həmin milyonların hansı təyinat üzrə xərcləndiyi də müəmma olaraq qalır.