Deputat: “Münaqişənin həllində müharibə ən ədalətli yoldur”

Millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında bəzi media orqanlarında Azərbaycana qarşı aparılan əks-təbliğatdan narahatlığını dilə gətirib.
Turaninfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, millət vəkili qeyd edib ki, cəbhədə baş verən son hadisələrlə bağlı bütün dünya ölkələrindən Azərbaycana dəstək gəlməkdədir: “Dünən İslam Əməkdaşlıq Təşkilatının toplantısında da Azərbaycana dəstək ifadə edildi. Amma təəssüflər olsun ki, bəzi media orqanlarında dövlətin apardığı siyasət, ölkəmiz barəsində, Milli Məclis haqqında xoşagəlməz, həqiqətə uyğun olmayan yazılar gedir. Bunlar düşmən qüvvələrinin əlinə işləyirlər.
Amerika Dövlət Departamentinin nümayəndəsi Azərbaycan haqqında müsbət fikirlər səsləndirir, amma başlığa hansısa mənfi cümləni çıxarırlar. Bir daha qeyd edirəm ki, üzdəniraq qüvvələr buna kölgə salmaq istəyirlər. Hesab edirəm ki, bu mətbuat orqanları haqqında müvafiq tədbir görülməlidir”.
Spiker Oqtay Əsədov isə millət vəkilinə cavabında deyib ki, kölgə salanlar özləri kök altındadırlar.
Millət vəkil Zahid Oruc ordu ilə bağlı mövzunu davam etdirərək qeyd edib ki, son hadisələr bir daha göstərdi ki, müharibə Qarabağ münaqişəsinin həllində elə ən ədalətli yoldur: “Yetər ki, savaş meydanında Azərbaycanla Ermənistan baş-başa qalsın. Kimsə Ermənistana himayədarlıq etməsin”.
Millət vəkili eyni zamanda son hadisələr fonunda Ermənistanda vüsət alan antirusiya ovqatına da toxunub:
“Onlar bildirib ki, guya ki, bu hadisələrdə Rusiya bizə dəstək verib. Biz İrəvanımı almışıq ki, Rusiya bizə kömək etsin?”
Spiker də öz növbəsində deputata cavab olaraq qeyd edib ki, bu, dördgünlük döyüş əməliyyatıdır, müharibə deyil.