​Deputat atasının agent olub-olmadığını araşdırır...

 
 
İlham İsmayıl: “Xüsusi xidmət orqanı heç bir halda şəxsin agent olduğunu açıqlamaz”
 
Sosial şəbəkələrdə Azərbaycan Sosial-Demokrat Partiyasının sədri, deputat Araz Əlizadənin atası, şərqşünas alim Məmmədmübariz Əlizadənin DTK (KQB) agenti olması barədə iddialar yenidən gündəmə gəlib. Onun mərhum prezident Əbülfəz Elçibəyin həbsinə baiskar olduğu, Elçibəyin isə son sözündə M.Əlizadəni biabır etdiyi bildirilir.
 
Bununla bağlı virtualaz.org A.Əlizadəyə müraciət edib. Deputat suala cavab olaraq bildirib ki, məsələ ilə əlaqədar Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyevə müraciət edib: “Xahiş etdim ki, atamın xüsusi xidmət orqanlarının gizli əməkdaşı olub-olmaması barədə mənə məlumat versinlər və Əliyev Əbülfəz Qədirqulu oğlunun məhkəmə işinin materialları ilə tanış olmaq imkanı barədə bildirsinlər. Qeyd etdim ki, atamın parlaq ruhu qaralanır və bunları öyrənmək mənim üçün vacibdir. Mədət müəllimə çox təşəkkür edirəm, o, mənə aydın cavab verdi ki, sizin atanızın adı milli təhlükəsizlik orqanlarının gizli əməkdaşlarının siyahısında yoxdur və o, Əliyev Əbülfəz Qədirqulu oğlunun məhkəməsində iştirak etməyib”.
 
Amma əksəriyyət ASDP rəhbərinin yalan danışdığını, bununla izləri atasının üzərindən götürməyə çalışdığını deyir. Arqument kimi də xüsusi xidmət orqanlarının şəxsin agent olmasını təsdiqləyən açıqlama verməsinin mümkünsüzlüyü göstərilir.
 
 
 
Sabiq MTN polkovniki İlham İsmayıl bildirdi ki, əgər DTX rəhbəri Araz Əlizadəyə başqa cavab versəydi çox təəccüblənərdi: “Mədət Quliyevin cavabı düzgündür. Dünyanın heç bir xüsusi xidmət orqanı heç kəsə demir ki, mənim agentimsən, yaxud deyilsən. Burada arayış veriləcək bir şey yoxdur. Hətta ifşa olunmuş agentlər haqqında belə xüsusi xidmət orqanı məxfi əməkdaş olduğu, yaxud agent olması haqqında heç bir rəsmi informasiya vermir. Burada söhbət Məmmədmübariz Əlizadədən getmir. Heç kəs bu dəqiqə deyə bilməz ki, o, agentdir. Onu sübut etmək çox çətindir. Belə şəxsləri onlarla birlikdə işləmiş insanlar ifşa edə bilərlər. Bu da cinayət məsuliyyəti yaradır. Bu cür məsələlərin bu şəkildə üzə çıxarılması düzgün deyil. Araz Əlizadə deyir ki, arayış verildi ki, sizin atanız siyahıda yoxdur. Əlbəttə, belə olmalı idi. Mədət Quliyev başqa nə deməli idi? Deməli idi ki, bizim agent olub?  Əlizadənin bunu mətbuatda sanki kimlərəsə cavab kimi təqdim etməsi çox absurddur.
 
 
Kimin haqqında indiyə qədər təhlükəsizlik xidməti deyib ki, bizim agentdir, yaxud agentimiz olub? Hətta hazırda davam edən Akif Çovdarov, Elçin Quliyevin məhkəməsində bəzi agentlərin yalnız ləqəbi səslənib, ad-soyadları deyil. Hərçənd ki, o da düzgün deyil. Amma ləqəblə heç kəs bilinmir. Bu məlumatın mətbuata çıxarılması həm jurnalist peşəkarlığı deyil, həm də Araz Əlizadənin sanki Amerikanı kəşf etməsi kimi çıxır. Kimsə deyə bilər ki, onun atası agent olub, amma bu sübut olunmur ki. Bunu sübut edən şəxs cinayət hüququ daşıyar. İndiyə qədər mətbuata çoxsaylı müsahibələr vermişəm. Bir dəfə agent adı çəkmişəm? Bunu demək mümkün deyil. Dedinsə, həbs olunmalısan. Çünki dövlət sirrini açmış olursan. Kim haqqında, hətta əlinizin içi kimi əmin olduğunuz bir şəxs barəsində müraciət etsəniz belə, təhlükəsizlik xidmətindən yalnız bizdə bu adda adam yoxdur cavabını alacaqsınız. Hətta DTX rəhbəri Araz Əlizadəyə şifahi və ya yazılı müraciətinə cavab olaraq onun qeyd etdiyi cavab veribsə belə, onun bunu mətbuata açıqlamasının özü də doğru hal deyil”.

Загрузка...
Загрузка...