Demokratiyasız iqtisadi inkişaf mümkündür, amma...

Ekspertlər səbəbləri və detalları açıqlayırlar
 
Azərbaycanın düşdüyü böhranlı vəziyyətdə əksər siyasilərin və ekspertlərin gətirdiyi arqument odur ki, əhalinin sosial durumunu düzəltmək üçün demokratiya olmalıdır. Bildirilir ki, demokratiya, azad seçki olmayan ölkələrdə sosial vəziyyəti, iqtisadi durumu, ümumilikdə iqtisadiyyatı yaxşılaşdırmaq olmaz, bu, mümkünsüzdür. Ancaq bir sıra neft ölkələri var ki, onlarda demokratiya olmasa da, vətəndaşların sosial durumu yaxşıdır. Ortada həmçinin Sinqapur, Malayziya, ərəb ölkələri nümunəsi var ki, iqtisadiyyat inkişaf edib, əhalinin güzəranı da yaxşıdır, yaşam səviyyəsi yüksəkdir.
 
Ekspertlər musavat.com-a bu təzadın səbəblərini açıqlayıblar, həmçinin bildiriblər ki, demokratiya olmadan iqtisadi durumu yüksəltmək necə mümkün ola bilər..
 
Ekspert Vüqar Bayramov məsələ ilə bağlı musavat.com-a bildirib ki, neft ölkələrində əsas problemlərdən biri iqtisadiyyatın neft gəlirləri hesabına formalaşmasıdır: “İqtisadiyyatın neft gəlirləri hesabına formalaşması və neftdən asılılığın yüksək olması nəticə etibarı ilə hətta sosial proqramların belə uzunmüddətli olmasına imkan vermir. Sosial proqramların həyata keçirilməsində çətinliklər olur. Nəzərə alsaq, yanaşma ondan ibarətdir ki, sosial təminatda dövlət özəl sektorun rolunun artırılmasına çalışmalıdır. İqtisadi inkişaf daha çox özəl sektor, sahibkarlıq hesabına formalaşmalıdır. Dövlətin funksiyası ondan ibarət olmalıdır ki, biznes mühitini yaxşılaşdırsın. Yəni biznes mühitini yaxşılaşdıraraq daha çox sərmayənin cəlb edilməsinə nail ola bilsin. O biri tərəfdən, bu, imkan verəcək ki, artıq yeni iş yerləri özəl sektorun, sahibkarlığın hesabına formalaşsın. Dövlətin də praktik olaraq sosial yükünün sahibkarlar vasitəsilə bölüşdürülməsinə nail olunsun. Amma təəssüf ki, neft ölkələrində özəl sektorun məşğulluqda payı yüksəkdir. İqtisadiyyatın strukturunda payı yüksəkdir, amma dayanıqlı məşğulluqda payı aşağıdır. Problem məhz özəl sektorun iş yerləri təminatında rolunun az olmasıdır”.
 
Ekspertin sözlərinə görə, təbii ki, bunun da artırılması birbaşa dövlətin siyasəti olmalıdır: “Dövlət özəl sektora imkan yaratmalıdır ki, özəl sektor məşğulluğu təmin etsin, iş yerlərinin yaradılmasında iştirak etsin. Körfəz ölkələrinə, neft ölkələrinə diqqət yetirsək, oxşar yanaşma, oxşar struktur var. Norveç, ABŞ, Kanada kimi ölkələr istisnadır. Özəl sektorun məşğulluqda payı azdır. Bu, onunla bağlıdır ki, neft sektorunun imkanları məhduddur. Azərbaycanda və digər neft ölkələrində özəl sektorun məşğulluqda rolunun artırılmasına nail olunmasına ehtiyac var. Vəziyyətin yaxşılaşdırılması, sahibkarlığa güzəştli kreditlərin və şəffaf şəkildə kreditlərin verilməsi kimi məsələlər imkan verəcək ki, artıq sosial təminat, o cümlədən yeni iş yerlərinin yaradılması özəl sektor tərəfindən həyata keçirilsin. Artıq sosial təminat neftin dünya bazarında qiymətinə bağlı olmayacaq. Məhz o baxımdan, Azərbaycanda da sosial təminata yanaşmanın dəyişməsinə ehtiyac var. Sosial təminat özəl sektorun hesabına yeni iş yerlərinin yaradılması ilə müşayiət olunmalıdır. Neftin dünya bazarında qiymətinin aşağı olduğu dövr neft ölkələrində sosial təminatda problemlər var. Bu da özəl sektorun sosial təminatının, yeni iş yerlərinin yaradılmasının zəif olması ilə bağlıdır
 
Ekspert Natiq Cəfərli
 
 
Ekspert Natiq Cəfərli isə musavat.com-a açıqlamasında qeyd edib ki, əslində demokratiya və azad seçkinin yanında qanunun aliliyi prinsipi də olmalıdır: “Bu üç komponentin birliyi mütləq olmalıdır. Azad seçki və demokratiyanın zəif olduğu ölkələrdə belə qanunun aliliyi üst səviyyədədir. Məsələn, misal gətirilən ölkələrdən biri Sinqapurdur. Sinqapurda son dövrlərə qədər azad seçki yox idi, demokratik ölkə sayılması mümkün deyildi. Amma orada hüququn üstünlüyü, ədalətli məhkəmə sistemi dünyanın ən yaxşı sistemlərindən biri sayılırdı. Üstəlik, yaxşı təhsil sistemi vardı. Hər iki komponentdə ölkə dünya üzrə ilk beşliyə daxil idi. Bu iki komponentə görə Sinqapur demokratiyası zəif olmasına baxmayaraq, ciddi şəkildə inkişaf etdi. Dünyanın ən az korrupsiya olan, ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrildi. Bu komponentlərin mütləq biri mövcud olmalıdır. Azərbaycanda isə təəssüf ki, nə demokratiya var, nə azad seçki var, nə də normal məhkəmə sistemi. Qanunun aliliyi, məhkəmənin ədalətliliyi də yoxdur ölkədə. Təhsil sistemi də çox pis vəziyyətdədir. Bütün bu komponentlərdən heç olmasa, biri, ikisi ölkədə olmalıdır ki, inkişafa və rifah halının yüksəlməsinə şərait yaransın. Bu, artıq sübut olunmuş faktdır”.
 
Demokratiya olmayan ərəb ölkələrinə gəldikdə isə ekspertin fikrincə, sosial durumun normal olmasının özünəməxsus səbəbləri var: “Orada bizdən iki önəmli fərq var. Birincisi, monarxik ölkələrdir. Hakimiyyətin legitimlik problemi yoxdur. Monarxın hakimiyyəti hamı tərəfindən qəbul olunur. Monarx olduğu üçün də ən azından, büdcə oğurluğu və büdcənin normal istifadə olunması məsələsi həll olunmuş olur. Dövlət büdcəsi monarxın cibidir. Səudiyyə Ərəbistanında hətta qanunvericilik şəklində bu, təsdiqini tapıb ki, dövlət büdcəsi ilə monarxın vəsaiti eynidir. Monarx heç vaxt büdcədən, yəni öz cibindən oğurluq etməz. İkinci məsələ isə odur ki, onlarda da məhkəmə sistemi normaldır. Azından, biznes sahəsində normal şərait var, biznes mübahisələrinin ədalətli həlli prinsipi artıq oturuşub. Bu prinsipin olması həmin ölkələrdə sosial vəziyyətin yaxşılaşmasına, əhalinin daha yaxşı dolanmasına şərait yaradır. Həm də bir önəmli məsələ var ki, bu inkişaf dayanıqlı deyil. Bütün ərəb ölkələrinin inkişafı neft faktoruna bağlıdır. Neft faktorunu çıxarsaq, həmin ölkələrin hamısında çox ciddi şəkildə sosial gərginlik və sosial problemlər ola bilər. Bu, dayanıqlı inkişaf modeli deyil”.

Загрузка...
Загрузка...