Demək olarmı ki, neft xilas edildi?

Ötən həftə bir neçə ölkənin neftin hasilat həcmlərini donduracağı haqda xəbərlər çox tez bir zamanda medianın əsas xəbər başlıqlarına çevrildi. Dərhal məlum oldu ki, Rusiya prezidentindən gələn bu təşəbbüsə Azərbaycan hökuməti də “hə” deyib...
Amma irəlicədən aydın idi ki, nəticələrlə tələsmək lazım deyil. İndi də hər şey ondan asılıdır ki, son nəticədə OPEK ölkələri buna nə deyəcək?
Qeyd edək ki, neft istehsal edən ölkələrin böyük görüşünü mart ayında Rusiyada keçirmək nəzərdə tutulurdu.
İndi məlum olur ki, görüş aprel ayına keçirilib və o, ya Rusiyada, ya da Qətərdə baş tutacaq. Bunun özü də bəlkə bir daha onu göstərir ki, neft hasil edən ölkələr arasında hələki yekdillik yoxdur. 
Xüsusən də İranın mövqeyindən çox şey asılıdır. Neftlə dolu ilk İran tankeri elə bu günlərdə Avropaya çatdı. İran rəsmiləri bir daha bəyan etdilər ki, məqsədləri ilin axırına qədər gündəlik hasilatı 4 milyon barelə çatdırmaqdır.
Azərbaycana gəldikdə, müəyyən səbəblər üzündən onun 2016-cı ildə hasilatı artırmaq imkanları onsuz da yox idi.
Elə bu səbəbdən ona yaxın ölkənin potensial razılığının olduğu deyilsə də,  hasilatın dondurulması haqdakı xəbərlər hələlik yalnız birjalara təsir edə bilir. Etiraf etmək lazımdır ki, bu təsir heç də cüzi deyildi. Bəzi proqnozlara görə neftin qiyməti yaxın günlərdə “dibə enməli,” maksimum aşağı həddə düşərək barel üçün 10 dollar təşkil etməlidi. Amma tamam əksinə oldu. Qiymət bir az da artmağa və hətta 35 dolları keçməyə, bəzi hallarda isə 40 dollara çatmağa başladı...
Amma İran gündəlik hasilatı 4 milyon barelə çatdırmaq istədiyini deyəndən sonra qiymətlər bir az enməyə başladı.
Prinsipcə, neftin qiymətinin otruşmasını demək olardı. Əgər bəzi nüanslar olmasaydı. ABŞ bu yaxınlarda bazara özü üçün rekord həddə neft çıxarmışdı. Sanksiyalardan qurtulan İran da bazara daxil olmağa başlamışdı (hələlik kiçik həcmlərlə!). Əgər bütün bunların müqabilində neftin qiyməti müəyyən həddə qaldısa, bu, o demək idi ki, neft duruş gətirdi. Amma bir qeyd var. O da budur ki, hasilat sabit qalmır, bazara yeni həcmlərdə neft daxil olmağa başlayır.
Ona görə də ruslar demişkən, “Pavel müsibəti” təhlükəsi hələ sovuşmayıb, çünki bazarda tələblə təklif arasında hələki çox böyük disbalans var və o, indi azalmır, əksinə artmaqda davam edir...
Azərbaycana gəldikdə, yeniləşmiş büdcədə neftin qiyməti 25 dollardan müəyyən edildi. Artıq bir neçə dəfə anons edilib ki, ölkə post - neft dövründə yaşamağa başlayıb. Amma bunu demək çox asan, etmək isə olduqca çətindir.
İnsanlar arasında hələ də neftlə bağlı gözləntilər var. Maraqlısı budur ki, elə hökumət adamları da “Neft erası bitib!” desələr də, bu ümidləri birdəfəlik dəfn etmək istəmirlər.
Hətta bir neçə həftə bundan əvvəl aidiyyətli qurumlar səviyyəsində deyildi ki, ilin sonunadək neftin qiyməti 60 dollara qədər qalxa bilər. Doğrusu, bilmirik ki, belə ifrat optimist proqnozlar nəyə əsaslanır? Ona görə ki, dünya miqyasında ən optimist proqnozlar hələki 40 dolları keçmir...
Elə bu səbəbdən də daha çox dördüncü Bakı Qlobal Forumunda səslənən proqnozla razılaşır və sadəcə, hesab edirik ki, neftin ucuzlaşması uzun müddət davam etməyəcək və müəyyən dövrdən sonra stabil faza başlayacaq.
Məsələnin ən qəliz tərəfi isə bir başqa müstəvidədir. Azərbaycan yaxın gələcəkdə neftdən gələn gəlirləri heç nə ilə kompensasiya etmək iqtidarında deyil. Qeyri-neft sektoruna gəldikdə isə, o, yenicə addımlamağa başlayan uşaq kimidir, hələ uzun müddət əlindən tutmaq lazım gələcək...
Düzdür, hökumət neftə alternativlər axtarır. Ölkənin tranzit imkanlarını artırmağa və hətta onun təbii coğarfi üstünlüklərindən faydalanmağa cəhd edir. Amma bu imkanlar hələ yenicə formalaşır. Təbii ki, İran və Rusiya ilə dəmiryolu xətlərinin birləşdirilməsi və Cənub-Şimal dəhlizinin açılması çox ciddi layihə hesab oluna bilər və olunmalıdır da...
Amma bir daha deyirik ki, bu imkanlar yenicə yaranır. Üstəlik, Rusiya ilə Türkiyə arasında münasibətlər pisləşəndə Azərbaycan Türkiyə tırlarını Xəzər üzərindən Mərkəzi Asiyaya ötürdü. Amma tez zamanda da məlum oldu ki, Xəzəryanı ölkələrin liman və yük qəbuletmə infrastukturu hələ belə həcmlərə hazır deyil, onları inkişaf etdirmək lazımdır. Eləcə də Xəzərin özü də yükdaşıma üçün az problemlər yaratmırdı. Bir də görürdün ki, hava şəraiti o qədər pisləşirdi ki, bərələr dənizə çıxa bilmirdi...
Fəqət, başqa yol da yoxdur. Neftin indiki qiyməti, ümumiyyətlə, dünya yanacaq konyunkturasındakı vəziyyət daha çox geosiyasi amilərlə bağlı olsa belə, yenə də qeyri-neft sektoru haqqında ciddi düşünmək lazım gələcək, ən azı ona görə ki, alternativ enerji axtarışları daha ekzotika kimi görünmür...
Təbii ki, hamımız neftin bahalaşmasında maraqlıyıq. Çünki bir daha deyirik ki, qeyri-neft sektoru bir-iki günün işi deyil...
Elə bu səbəbdən bu geosiyasi tryuklar nə qədər tez bitsə, bir o qədər yaxşıdır.
Bunun üçün hətta Rusiya prezidentinin də səylərini izləməyə məcburuq. Bəlkə elə doğrudan da neftin qiymətini təhlükəli həddən yuxarıda saxlamaq mümkün oldu?..
Əsas odur ki, insanlar daha bir maliyyə şoku yaşamasın. Bunun üçün isə neftin qiymətinin müstəsna rolu var. Əgər daha bir maliyyə şoku yaşamaq və bir az da dərin böhrana girmək zərurəti yaransa, artıq bunun sosial nəticələrini proqnozlaşdırmaq çətin olacaq...
Ümid verən detallardan biri budur ki, neftin qiymətinin düşməsi bir az süni məsələdir və əvvəldə dediyimiz kimi geosiyasi konyunkturadan asıldır. Bəlkə bunun özü də bir az qəribədir ki, hamı neftin xilasının neft bosslarının deyil, siyasətçilərin əlində olduğunu güman edir.
Onlar yanılmır, elə həqiqətən də belədir – məsələ doğrudan da siyasətçilərdən asılıdır...
Suriyada müəyyən razılıq oldu. Ümid edək ki, bu günlərdə üçüncü həftəsi başlayan atəşkəs davamlı olacaq. Amma bu, hələ hər şey deyil. Cəmi bir neçə gün bundan əvvəl ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini daha bir il də uzatdı. Həm də belə məlum oldu ki, Avropa strukturları bilavasitə V.Putinin özünə qarşı sanksiyalar tətbiq etməyə çağırır...
Səbəb nədir? Rusiya təhlilçiləri səbəbi Rusiya ilə ABŞ arasındakı fundamental ziddiyyətlərdə görürlər.
Məsələn, belə detala diqqət yetirirlər ki, guya bir neçə il bundan əvvəl Z.Bjezinski deyibmiş ki, biz SSRİ-ni dağıtdıq, Rusiyanı da dağıdacağıq və bu işdə heç kim bizə mane olmayacaq...
Bəs nədir bu qarşılıqlı nifrətin kökü? İndi ki, kommunizm təhlükəsi yoxdur!?. Rusiyalı təhlilçilər belə düşünür ki, səbəb sadədir: Rusiya ABŞ - ın qarşısında dayana bilən və potensial olaraq onu məhv etməyə qadir olan yeganə ölkədir!..
Nə demək olar? Zənnimcə, onlar bu dəfə də ifrata varırlar. Ən azı indiki ziddiyyətlərin kökü bir o qədər də dərində deyil, bir azca üzdədir: ABŞ, eləcə də əksər Qərb ölkələri Rusiyanın Ukraynaya qarşı siyasətini bağışlamaq istəmir və belə hesab edirlər ki, Rusiya dərhal Krımdan və Şərqi Ukraynadan çəkilməlidir. Onların fikrincə, bu ölkə 21-ci əsr siyasətinin tabularından birini və bəlkə də ən əsasını pozub. O tabu da budur ki, indi daha heç bir ölkə özünə özgə ərazilər biləşdirmir!..
Rusiyada isə sanki torpaq aclığı var. Ölkə onsuz da böyükdür və hətta o qədər böyükdür ki, rusiyalılar “Bizi böyük olduğumuza görə sevmirlər!” deyirlər.
Ona görə də siyasi ziddiyyətləri aradan qaldırmaq bir elə də asan iş deyil. Neft məsələsi də həmin ziddiyyətlərə ilişib qalıb, irəliləyə bilmir.
Rusiya prezidenti başa düşmək istəmir ki, neftin qiyməti hasilatçı ölkələrlə üzücü və bəzən də perspektivsiz danışıqlardan aslı deyil, ilk növbədə şəxsən onun özündən aslıdır. O, Ukraynadakı siyasətini dəyişsə, bunun ardınca çox şey dəyişər və hətta neft məsələsi də həll olunar...  
Hələlik Rusiya bunu qəbul etməkdən çox-çox uzaqdır. Nə etmək olar? “Ümid həmişə sonda ölür!” - deyiblər. Odur ki, ümidimizi itirməyək... (musavat.com)