Dekabrda manatın taleyi… - İqtisadçıdan xəbərdarlıq

 
Qonşu ölkələrdə yenidən dolların milli valyutalara təzyiqinin artması müşahidə edilir.
 
Teleqraf.com xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov deyib.
 
Onun sözlərinə görə, bir sıra Qərb dövlətləri ilə münasibətləri pisləşən Türkiyədə artıq 1 dollar almaq üçün 4 lirəyə yaxın pul ödəmək lazımdır: “Yalnız son 1 ay ərzində lirə dollara nisbətən 8 faizdən çox dəyər itirib. Rusiyada rubl hələlik dollar təzyiqlərinə davam gətirsə də son 1 ayda rus pulunun kursu dollara nisbətən 4 faizə yaxın geriləyib.
 
Digər qonşumuz, Gürcüstanda isə lari qeyd edilən dövrdə 3 faizə yaxın dəyərsizləşib. Türkiyə və Rusiyada milli valyutaların məzənnəsinin dəyişməsi manata birbaşa olmasa da dolayı təsir edir. Söhbət həm iqtisadi, həm də psixoloji təsirlərdən gedir.
 
Bu ilin 9 ayında 1.07 milyard dollarlıq qeyri-neft ixracatımızın 223 milyon dolları Türkiyənin payına düşür. Türkiyə qeyri-neft ixracatımızda 336 milyon dollar paya malik olan Rusiyadan sonra ikincidir. Azərbaycanla Türkiyə arasında illik ticarət dövriyyəsi isə 2 milyard 315 milyon dollardır. Bu, ümumi ticarət dövriyyəmizin 13 faizindən çoxu deməkdir.
 
Rusiya ilə ticarət dövriyyəmiz 2.05 milyard dollardır. Bu o deməkdir ki, sözügedən iki ölkə Azərbaycanın xarici ticarət dövriyyəsinin dörddə birini formalaşdırırlar. Kifayət qədər ciddi rəqəmdir”.
 
Ekspert əlavə edib ki, qonşu ölkələrdə milli valyutaların dəyərsizləşməsi prosesi davam edirsə, bu, həmin ölkələrlə qeyri-neft ixracatımıza təsirsiz ötüşməyəcək: “Çünki həmin ölkələrdə idxal məhsullarının bahalaşması müşahidə ediləcək, bu isə qeyri-neft məhsullarımızın sözügedən dövlətlərin bazarlarında rəqabət imkanlarını məhdudlaşdıra bilər. Bütün bunlar fonunda öncədən də proqnozlaşdırdığımız kimi, dekabrda dollara tələbin artacağı gözlənilir.
 
Bu, dövlət və yerli müəssisələrin, eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ay olması, idxalın artması, bayramlarla bağlı xarici səfərlərin çoxalması, o cümlədən FED-in qərarı kimi xarici faktorlar ilə əlaqədardır.
 
Buna görə də, qonşu ölkələrdə milli valyutalara olan təzyiq və dekabrda gözlənilən tələb artımı kontekstində Azərbaycan Mərkəzi Bank növbəti aya indidən hazırlaşmalıdır”.
 
Müəllif: Şəfiqə

Загрузка...
Загрузка...