Dekabrda dollar 2 manatdan da baha olacaq - Mərkəzi Bank çarəsizdir

 
“Manatın möhkəmlənməsi bir neçə həftə davam edə bilərdi. Əslində gözlənilən kimi də oldu. Bununla da təxminən bir aylıq möhkəmlənən manat iqtisadi səbəblərdən dollara qarşı yenidən dəyər itirməkdədir. Dolların yenindən möhkəmlənəcəyi gözlənilən və proqnozlaşdırılan idi. Belə ki, Mərkəzi Bankın manat bazasını məhdudlaşdırması və hərraclarda xarici valyuta intervensiyası uzun deyil, qısamüddətli dövr üçün səmərəli alətlərdir”.
 
Missiya.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov manatın yenidən dəyərini itirməsini şərh edərkən deyib. Ekspert hesab edir ki, artıq Mərkəzi Bank da prosesə ciddi müdaxilə etmək imkanında deyil: “Neftin dünya bazar qiyməti azalmağa başladıqdan sonra 11 milyard dollardan artıq vəsait xərcləyən Mərkəzi Bankın təxminən 4 milyard dollarlıq valyuta ehtiyatları ilə manevr imkanları da məhdudlaşdıb. Daha çox Dövlət Neft Fondunun valyuta təkifləri üzərində prosesə müdaxilə etməyə çalışan Mərkəzi Bankın intervensiya məbləğinin mərhələli şəkildə azalacağı şübhəsizdir”.
 
Qeyd edək ki, ekspertlər dolların bahalaşması prosesinin davamlı olacağını bildirirlər. Bir çox iqtisadçların hesablamasına görə, dekabr ayında dollar 2 manata qədər bahalaşacaq. Hətta məzənnənin 2 manatdan da yuxarı olacağını proqnozlaşdıranlar var.