​“Dedilər ki, yeməyi Allahdan deyil, Lenindən istəyin” – HƏYAT HEKAYƏSİ

 
“1931-ci ildə İrəvanda doğuldum. Atamın adı Rza, anamın adı Geyis idi. O zamanlar İrəvanda yaşayan insanların çoxu kimi bizim də kökümüz azəridir... Beş qardaş idik. İki böyük qardaşım, iki də bacım vardı...”.
 
Məcid Bahçıvan.
 
Sentyabr ayında İstanbula yeni gəldiyimdə əslən İrəvandan olan bir türk biznesmenin vəfat etdiyini öyrəndim. Özüm də İrəvandan olduğum üçün çox təəssüfləndim və belə bir insanla sağlığında görüşə bilmədiyim üçün kədərləndim. Burada yaşayan dostumuz İradə xanım həmin biznesmenlə bir neçə dəfə görüşdüyünü, ona müəllifi olduğu xatirə kitabını imzaladığını dedi. Kitabı oxumaq üçün istədim və İrəvandan İrana, İrandan Türkiyə “krallığı”na yüksəlmiş Məcid Bahçıvanı tanımış oldum.
 
“Timaş” yayınlarında, Murat Hekimoğlu tərəfindən hazırlanmış “Mecit Bahçıvan. Rahva Krallığından Peynir Krallığına” adlı xatirə kitabı 300 səhifəyə yaxındır. Kitabda mərhum Məcid bəy İrəvandakı günlərindən, ailəsinin Türkiyəyə mühacirət etməsindən və tanınmış bir iş adamına çevrilməsinə qədər olan bütün həyatını yazıb və əsəri sağlığında iki dəfə nəşr olunub.
 
Kitabda həmçinin M.Bahçıvanın həyatının müxtəlif dönəmləri ilə bağlı fotoşəkillər verilib, o şəkillər arasında bizim üçün ən maraqlısı mərhum prezident Əbülfəz Elçibəylə olandır.
 
Biz bu yazıda Məcid bəyin ailəsinin Türkiyəyə necə köçməsindən bəhs edəcəyik, onun ticarət dünyasındakı zəfərlərini isə xatirələri oxumaqla öyrənə bilərsiniz.
 
İrəvan günləri
 
Özünün də yazdığı kimi iki qardaşı olub, Məhəmməd və Həmid adında. Hədiyyə və Nəzirə adlı iki bacısı olub. Nəzirə 1985, Həmid isə 2003-cü ildə vəfat edib.
 
Xatirələrdən aydın olur ki, İrəvanda o dönəmin şərtlərinə görə imkanlı ailə sayılıblar, böyük bir çiftliyə, tarlalara, heyvanlara sahib olublar. Lakin aldıqları məhsulu dövlət mənimsəyir, ehtiyaclarını qarşılayacaq qədərini saxlayırdı.
 
Müəllif həmin dönəmi belə xatırlayır: “Çörək talonla verilir, bir çörək ala bilmək üçün uzun növbələrdə saatlarla gözləyirdik. Bir gün anamla çörək növbəsində gözləyərkən ayağım buzda sürüşdü və yıxıldım. Alnıma atılan tikişlər illər sonra da sanki o günləri xatırlamam üçün həm alnımda, həm də ürəyimdə qalıcı bir iz buraxmışdı”.
 
Həmin o çətin vaxtlarda ruslar ənənələrinə sadiq qalaraq ermənilərlə türklər arasında qarşıdurma yaradır və iki tərəfi də bir-birinə qırdırırdılar. Bu qırğında Məcid bəyin atası Rza kişi də yaralanır: “... İrəvan artıq rusların idi və iki toplum arasındakı qarşıdurmalar hər gün bir az da şiddətlənir, hər iki tərəfdən böyük itkilər verilirdi. O günlərdə atam da boynuna dəyən bir güllə ilə yaralandı. Qurşun boynunun sağından girib, solundan çıxmışdı. Dövlət dini inancları qadağan etmişdi, inanmaq, namaz qılmaq, qurban kəsmək, hər cür ibadət yasaq idi. Anam və atam gizli şəkildə ibadət edirdilər”.
 
Məcid Bahçıvan artıq Sovet Ermənistanı sayılan ölkədə Leninin allahlaşdırılması ilə bağlı da maraqlı bir hadisədən bəhs edir: “... Bir dəfə yemək vaxtı “Əllərinizi açıb Allahdan yemək istəyin” dedilər. Biz də əllərimizi açıb dua etdik. Sonra isə “Allah sizə yemək vermədi, indi də Lenin babanızdan istəyin” dedilər. Biz də “Lenin baba, bizə yemək ver” deyincə bütün süfrəni doldurdular. Bundan sonra “gördünüzmü, Allah sizə yemək vermədi, sizin əsl babanız Lenindir” dedilər”.
 
Bahçıvan yazır ki, evlərdə Leninin rəsminin asılması məcbur idi, bir dəfə məktəbdə qardaşı Məhəmməd evdə atasının Lenindən xoşu gəlmədiyini söylədiyinə görə,bir dəfə də gizli şəkildə qurban kəsdiyinə görə Rza kişi bir neçə günlük həbs edilib.
 
Məcid bəyin ailəsi dindar bir ailə olub, babası zamanında həcc ziyarətinə də gedib: “Anam və atamdan həcc yolunda vəfat edən babamızla bağlı hekayələr dinləyib etiqad məsələlərini öyrənir, amma bir tərəfdən də məktəbdə ateizm yönündə təlqinlərə məruz qalırdıq. Sonunda qazanan ailəm oldu. Çox şükür, hamımızın qəlbinə inanc toxumu səpmişdilər”.
 
Sovet zülmü şiddətləndikcə türklər İrəvanı tərk etmək məcburiyyətində qalırdı: “İrəvanda müsəlman əhali hər gün bir az daha azalırdı. Köçlər Bakı və İran üzərindən olurdu. Təbii ki, bu yolçuluq xeyli pulla mümkün idi. Buna görə də İrəvandan köçənlər maddi vəziyyəti yaxşı olan ailələr idi”.
 
Nəhayət, hər gün daha da artan təzyiqlər nəticəsində Məcidgilin ailəsi də köçməyə qərar verir: "Türkiyəyə birbaşa getməyin mümkün olmadığını, ancaq İran üzərindən gedə biləcəyimizi bildiyimiz üçün hazırlıqlara başladıq. İllərlə adı və şərəfi üçün yaşamış bir ailə əsarət şərtlərinə dözə bilməzdi... Atam İran konsulluğu ilə təmas qurdu və hər birimizə kimlik aldı”.
 
İrəvandan ayrılmaq
 
İrəvandan ayrıldıqları gecəni Məcid bəy kədərlə xatırlayır: “İrəvanda keçirdiyimiz son gecə idi. Hamı evimizə toplanmışdı. Babam, xalalarım, dayılarım... Biz də, burada qalanlar da çox həyəcanlı idilər... Sabah oldu. Bir Vətəndən başqa bir Vətənə doğru səssiz ağılarla yola çıxdıq. İran vəsiqələrimizə görə sərhəddən rahat keçdik. Ruslar bizim İran vətəndaşı olduğumuzu zənn edərək keçməyimizə mane olmadılar. Urmiya şəhərinə gəldik. Urmiya İranın Azərbaycan əyalətinin qərbində, Türkiyə sərhədinə yaxın bir şəhərdir. Şəhərə girəndə atamın için-için ağladığını xatırlayıram... İranda iki il qaldıq. Orada da məktəbə getdik”.
 
İranda çox əziyyət və yoxsulluq çəkirlər. Rza kişi tikintidə çalışır, uşaqlar isə analarının bişirdiyi yeməkləri bazarda satırlar. Bu ağır günlərdə Əhməd adlı bir şəxslə tanış olurlar: “Əhməd dayı bizdən çox əvvəl Rusiyadan İrana köçüb, Türkiyə xəyalı ilə yaşayırdı. Çox cəsur bir insan idi. Üç nəfərlik bir ailəsi vardı... Əhməd dayı bir gün sərhədi keçməyə vasitəçilik edən, dəfələrlə İran-Türkiyə arasında gedib-gələn birindən bəhs etdi. Kürd əsilli bir iranlı idi. Türkcə, kürdcə, farsca bilirdi. Bu planı atam da bəyəndi və bizi Başkale hüdudundan Türkiyəyə keçirməsi məsələsində anlaşdılar”.
 
Türkiyə yolunda
 
Əllərində olan son əşyaları da sataraq 1938-ci ilin may ayında ailə İrandan ayrılır. Rza kişi dörd eşşək, Əhməd dayı isə iki eşşək götürərək yataq və yorğanları yükləyirlər. Qarşıda isə onları çətin bir sədd gözləyirdi: Zap çayını keçmək: “Bir-birimizə və bir ucu Əhməd dayının əlində duran ipdən tutaraq qarşıya keçdik. Çayın içində irəliləməyə başladıq... Qardaşım Məhəmməddən başqa hamımız artıq qarşı tərəfdə idik. Əhməd dayı onu da gətirmək üçün yenidən çayın o biri tərəfinə keçdi. Tam çayın ortasına çatmışdılar ki, Məhəmmədin tutduğu ip qopdu və bütün bədəni suyun altında qalacaq şəkildə çaya düşdü... Biz Məhəmmədin öldüyünü zənn edib çarəsiz şəkildə bağırarkən Əhməd dayı özünü suya atdı və sürətli şəkildə irəliləyib qardaşımı tutdu. Məhəmməd xilas olmuşdu”.
 
Türkiyəyə keçdikdən sonra anlaşdıqları adam onları aldadaraq yoxa çıxır. Az sonra isə Türkiyə jandarmaları və gömrük işçiləri tərəfindən yaxalanırlar. Onları Barjinka adlı jandarma bölməsinə aparırlar: “Atam haradan gəldiyimizi, niyə qaçdığımızı, sərhəddən necə keçdiyimizi komandana izah etdi”.
 
Ailə Yüksəovaya yerləşdirilir, haqlarında Hakakri valiliyinə və Ankaraya məlumat göndərilir, yaşamaları üçün şərait yaradılır. Burada xoş qarşılanan ailənin vali ilə də görüşmək imkanları olur və valiyə durumlarını bir daha izah edirlər.
 
Məcid Bahçıvan yazır: “Bu söhbətin üstündən 15 gün keçmişdi ki, 15 sentyabr 1938-ci ildə kaymakam yanımıza gələrək Türk vətəndaşlığı qazanmağımızla bağlı bizə müjdə verdi... O gün bizim bayramımızdı. Bizim də artıq bir vətənimiz vardı. Türkiyə Cümhuriyyəti dövləti bizə sahib çıxmışdı...”.
 
Kitabın sonrakı bölümlərində Məcid Bahçıvan ilk kiçik ticarətə necə atılmasından, qarlı, çovğunlu yollardan, təhlükələrdən keçərək türk ordusunun da hörmətini qazanmasından, cəsarətinə görə ordunun layihələrini əldə etməsindən və tədricən pendir biznesinə necə keçməsindən və bu gün Türkiyədə “pendir kralı” adlanmasına qədər olan dönəmi ən incə detalına qədər izah edir. Eləcə də, yenə də Azərbaycandan mühacirət edən Məsim Laçınel adlı şəxsin qızı ilə evlənməsindən, ailə həyatından, övladlarından, dünya səyahətinə çıxmasından geniş şəkildə bəhs edir.
 
Məcid Bahçıvan bu ilin sentyabrın 2-də 85 yaşında vəfat edir. Sentyabrın 3-də Ədirnəqapı şəhidliyində dəfn edilir.
 
Onun biznesini bu gün oğlu Erdal Bahçıvan davam etdirir. Aşağıda təqdim etdiyimiz videoda isə Məcid Bahçıvan və oğlu həyat və iş dünyasındakı uğurlarından bəhs edirlər.

Загрузка...
Загрузка...