Dedi, xristian təqvimini unut, Babazadə nədi? – Mühacir əzabı/Foto

 
"20 yaşında gənc idim. İstiqlal mücadilələri içində böyümüşdüm. 1918-ci ilin mart qətliamı günlərində saysız-hesabsız qurbanlar vermişdik. Vücudum 15 sentyabr zəfər mücadiləsi ilə yoğrulmuşdu. 28 May səadəti ilə dalğalanan müqəddəs üç rəngli bayrağımızın altında kölgələnmək səadətini dadmışdım. Hürriyyətin nə olduğunu öyrənmişdim".
 
(Əjdər Qurtulan, "Azərbaycan" dərgisi, 1962-ci il)
 
Onun adına ilk dəfə balaca bir fotoşəkilin arxasında rast gəlmişdim. Azərbaycan Cümhuriyyətinin İstanbul səfirliyinin yerləşdiyi binanın şəklinə arxa tərəfdən bu sözlər yazılmışdı: “Azərbaycanın qara gününün (27 nisan) 38-ci ili münasibətilə möhtərəm Mirzəbala bəy arxadaşıma-qardaşıma təqdim edirəm. İstanbul, 27.04.1958-ci il, Əjdər”.
 
Əjdər adlı şəxsin kimliyi həmin vaxt diqqətimi çəkməmişdi. Sovet zülmündən qaçaraq mühacirətə gedən minlərlə şəxsdən biri zənn etmişdim. Amma daha sonra Ankarada yerləşən Azərbaycan Kültür Dərnəyinin çap etdiyi "Azərbaycan" jurnalında Əjdər Qurtulan imzasını gördükdə, milli hökumət dönəmində onun hərbçi olduğunu bildikdə diqqətimi çəkdi.
 
Növbəti dəfə bu soyad başqa bir Qurtulanla qarşıma çıxdı: Eldəniz Qurtulan.
 
Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Leyla xanımla eyvanda çəkilmiş bir fotosu var. Fotoda ikisinin arasında bir gənc dayanıb. Həmin gəncin Əjdər Qurtulanın oğlu olduğunu öyrəndikdə isə bu ailə bir daha diqqətimi çəkdi. Araşdırdım, Eldəniz Qurtulanın "Amcam Hamlet" adlı kitab yazdığını öyrəndim, oxumaq üçün sifariş verdim. Kitab ünvanıma yetişdi, yarısına qədər oxudum, lakin başqa işlərimə görə davam etdirməyi təxirə saldım.
 
Ötən ilin noyabrında isə Üsküdarda Qaraca Əhməd məzarlığında Mirzəbala Məhəmmədzadənin qəbrini ziyarət edərkən Qurtulan ailəsi bir daha qarşıma çıxdı. Mirzəbala bəyin məzarının arxasında Əjdər, Turan, Eldəniz və Eldar Qurtulanın məzarları vardı...
 
Bu ilin yayında Bakıda gənc dostum, mühacirət irsi ilə bağlı araşdırmalar aparan Orxan Məmmədzadə "Amcam Hamlet" kitabını Azərbaycan türkcəsinə uyğunlaşdırdığını və Qurtulan ailəsinin Bakıdakı nümayəndələri ilə əlaqə yaratdığını deyəndə çox sevindim.
 
Bu ailənin üzvü, Azərbaycan Milli Arxiv İdarəsi Dövlət Kino-Foto Sənədləri Arxivinin şöbə müdiri Aidə xanım Babazadə ilə bu qaydada tanış olduq. Bir neçə dəfə görüşdük, Qurtulan ailəsi haqqında geniş söhbət etdik. Bizə qiymətli bilgilər, fotoşəkillər, məktublar verdi.
 
Əjdər Qurtulan "Azərbaycan" dərgisində öz həyatı haqqında bəzi məqalələr yazsa da, oğlu Eldəniz Qurtulan "Amcam Hamlet" kitabında geniş bir dövrü detallı şəkildə bizə çatdırıb. Bu kitab təkcə Qurtulan ailəsinin deyil, Azərbaycan mühacirətinin romanıdır. Orada Məhəmməd Əmin Rəsulzadənin, Mirzəbala Məhəmmədzadənin, Əli Azərtəkinin və digərlərinin həyatı haqqında ilk dəfə yayımlanan bilgilər var.
 
***
Əsl soyadı Babazadə olan Əjdər Qurtulan 1898-ci ildə Bakıda doğulur. İlk və orta təhsilini bitirdikdən sonra Bakıda hərbi məktəbə daxil olur. Buranı tamamladıqdan sonra orduda xidmətə başlayır. Bakının işğalından sonra bolşeviklər milli ordunu dağıtmaq üçün ya onun üzvlərini öldürür, həbs edir, ya da ki İran üzərinə göndərərək orada həlak olmasını istəyirdilər. Əjdər də bir müddət İranda qalır, daha sonra gizli Müsavatın göstərişi ilə Bakıya dönür.
 
1923-cü ilin 15 iyununda İstiqlal Komitəsinin bir çox üzvləri kimi o da saxlanılır. 1927-ci ildə Əjdər yenidən həbs edilir. Bu dəfə o, ya öldürüləcək, ya da Solovkiyə sürgün ediləcəkdi. Buna görə də İran səfirliyi ilə əlaqəsi olan yaxınlarının sayəsində ona İran pasportu düzəldilir.
 
Əjdər bəy əvvəlcə Rəşt, daha sonra Tehrana sığınır. Tehranda Məhəmməd Əmin Rəsulzadə ilə əlaqə qurur, onun buradakı təmsilçisi olur. "İstiqlal" qəzetinin, "Qurtuluş" jurnalının İranda mühacirlər arasında yayılmasında fədakarlıq göstərir.
 
SSRİ-nin İranda hegemon olduğu 1940-cı illərdə isə Qurtulan burada qalmağın təhlükəli olduğunu düşünüb İranın yüksək vəzifəli şəxsləri və Türkiyənin İran səfirliyinin dəstəyi ilə yaxın dostu Əli Azərtəkinlə birgə İstanbula gəlir. Əjdər bəy bir tərəfdən ailəsini dolandırmaq üçün bir şirkətdə çalışır, eyni zamanda Azərbaycan Kültür Dərnəyinə və onun mətbu orqanı olan "Azərbaycan"a dəstək olur. 1971-ci il iyulun 6-da İstanbulda Kadıköydə Koşuyolu caddəsində ürək infarktı nəticəsində qaldığı evdə vəfat edir.
 
Əjdər Babazadənin və onlarla ortaq taleyi bölüşən Əsədullah Axundovun həyatını Eldəniz Qurtulan detallı şəkildə "Amcam Hamlet" kitabında yazıb. Biz oradakı faktlardan bəzilərini təqdim etməyi uyğun bilirik.
 
Xüsusən, İrana pasportu alarkən Babazadə soyadının Qurtulana çevrilməsi, Rəsulzadənin son günləri ilə bağlı bölümləri həyəcansız oxumaq mümkün deyil.
 
***
 
Babazadədən Qurtulana
 
"Amcam Hamlet", səhifə 254-255.
 
"...Növbə ona gəldiyi zaman başqaları kimi sənədlərini uzatdı və tək-tək dedi: "Qəni oğlu Əjdər Babazadə, 1898-ci il Bakı doğumlu... Nüfus məmuru sənədlərini almadı, altdan-yuxarı süzdü və hirsli şəkildə dedi: "İllallah siz mühacirlərdən. Bax, diqqətlə dinlə məni. Bir, 1898 miladidir, xristian ilidir, onu unut, burada keçərli deyil. Burada hicri-şəmsi keçərlidir... İki, sabahdan bəri yüzlərlə Babazadə soyadı yazdım, artıq yazmıram, başqa bir soyad söylə, həm də "ev"li, "ov"lu olmasın. Tez ol, sırada gözləyənlər var"...
 
Əjdər sıradan çıxdı... Nüfus məmuru dəftərinə nə yazsın? Səriyyənin dediyi kimi Qaçqın yazsın? Xeyr, mən qaçmadım ki... Elə isə Sürgün! Xeyr, o da doğru deyil, mən sürgün edilmədim. Nəyəm mən? Mən qurtuldum. Tamam!... Yeni bir həyat başlayır... Qurtulanla başlasın... Əjdər Qurtulan".
 
Rəsulzadə ilə görüş
 
"Amcam Hamlet", səhifə 396-397.
 
"Ankara. Yenişəhər. Sakarya caddəsi, No: 67/3. Qapını Leyla xanım açdı. Məni tanıyırmış, içəri dəvət etdi. Əyləşdim, Əmin bəy gəldi. Hələ Türkiyə adətlərinə alışmamışdım, əl öpmürdüm. Qucaqladı məni. Çox sevimli, istiqanlı bir insandı. Gətirdiyim kitabları verdim, sevinərək aldı, adlarını tək-tək oxudu: "Dadgah, Azer ve ya Zebane Bastani Azerbaygan, Pasoh ber Pasoh, Der Pasohe Bedhahan, Şiegeri, Sufigeri".
 
"Mənim gəlməyim... - deyə sözə başladım yavaş-yavaş, çəkinə-çəkinə - “Kitab göndərmək məsələsini axsatmayacağam" dedi atam”.
 
"Çox sağ olsun, sən də çox sağ ol. Əhməd Kəsrəvi, bu kitabların yazarı təbrizli, yəni azəri olduğu halda fars millətçisidir, əleyhimizə əsərlər nəşr edir. Onun iddialarını çürüdəcək bir əsər düşünürəm. Ortaya çıxdığında görərsən. Sən atan, anan haqqında danış. Səhhətləri yaxşıdırmı? Onlar da çox iztirab çəkdilər. Ananın atası Əsədullah Axundov mənim yaxşı dostum idi..."
 
Rəsulzadənin ölümü
 
"Amcam Hamlet", səhifə 403.
 
"Mən imtahanlar içində boğuşarkən Əmin bəy prostat əməliyyatına görə xəstəxanada yatırdı. Mən evimi dəyişdirmə təlaşı içində ikən əməliyyat uğurlu keçmişdi... Bir imtahandan çıxıb o biri imtahana girərkən Əmin bəyin qoluna serum taxmışlar, yəni dekstroz - şəkərli su. Diabet xəstəsi olduğunu nəzərə almadan. Komaya girmiş, bir daha ayılmamış. 6 mart 1955-ci il".
 
***
 
Bu gün Qurtulan ailəsi uzaq Amerika və Kanadaya qədər yayılıb. Azərbaycanda da bu ailənin üzvləri Babazadə soyadını daşıyırlar. Biz bu ailənin Bakıda yaşayan üzvü Aidə xanımdan "Varislər" layihəmiz üçün müsahibə aldıq.
 
Müsahibəni təqdim edirik:
 
- Aidə xanım, sizin Azərbaycan Cümhuriyyəti ordusunun hərbçisi, mühacir Əjdər Babazadə ilə qohumluq əlaqəniz necədir?
 
- Çox yaxın qohumuq. Həm yoldaşımın, həm də anamın doğma əmisidir.
 
- Azərbaycan yenidən müstəqillik əldə etdiyi ərəfədə qohumlarınızla, Əjdər bəyin oğlu Eldəniz bəylə görüşübsünüz. İlk görüş necə oldu, nələr hiss etdiniz?
 
- Gözəl hisslər idi. İstanbula axşam çatdıq, şam yeməyinə qonaq etdilər. Yeməyə təzə başlamışdıq, soruşdum ki, Eldəniz bəy, Müsavatın ən önəmli adamlarından biri Mirzəbala Məhəmmədzadə olub, onun haqqında bilmək istəyirəm.
 
İnanın ki, Eldəniz bəyin çəngəl əlindən düşdü. Dedi ki, Bakıdan gələn ilk adamsan ki, məni şok etdin. Kim gəlir, deyir ki, məni apar alış-veriş yerlərinə.
 
Tez arxivi çıxardı və mən ilk dəfə olaraq Mirzəbala bəyin şəklini gördüm. Azərbaycana Mirzəbala Məhəmmədzadənin fotosunu ilk dəfə mən gətirdim.
 
- Bəs, əlaqə necə quruldu?
 
(ardı var)
 
Müəllif: Dilqəm Əhməd

Загрузка...
Загрузка...