​“Dedi “detdom”da böyümüsən, nə tərbiyən olacaq?” – Uşaq evinin məşhurları

 
Teleqraf.com uşaq evində böyüyən məşhurların acınacaqlı keçmişi ilə bağlı yazını təqdim edir:
 
“İnternatdan çıxan qızları pis yola çəkirlər”
 
Müğənni Bahar Lətifqızı 6 yaşından 15 yaşına qədər uşaq evində böyüyüb. O, taleyini belə dilə gətirir: “Uşaqlar var, ali savadlı ailələrdə böyüməklərinə baxmayaraq, valideynlərinin başını aşağı edirlər. Bəzən əksinə də olur. Mən uşaq evində böyümüşəm. Bir vacib amili internatda böyüyənlərin nəzərinə çatdırmaq istəyirəm: mütləq yaxşı oxumalı və təhsil almalıdırlar. Əks halda, insan çox əziyyət çəkir.
 
15 yaşımda uşaq evindən çıxdım. Çünki qardaşım Arifin 17 yaşı tamam oldu və oradan çıxanda məni tək qoymadı. Uşaq evindən çıxdığım ilk vaxtlar günü “1 şirvan”a kafedə oxumağa başladım. Orada həm də yemək yeyirdim. Bilsəm ki, balam şikəstdir, öləcək, yenə də onu internata vermərəm”.
 
İfaçı internatda keçən ağrılı günlərindən də danışır: “Uşaqlara qulluq edirdim, analıq etməyə çalışırdım. İkinci sinifdə oxuyurdum, qardaşımın corabları təmizdirmi, səhər dərsə nə geyinəcək deyə düşünürdüm.
Səhər dərsə gedirdik, günorta yeməyindən sonra iki saat gəzirdik. Axşam hazırlığından sonra yemək yeyib yatırdıq. Palatanı özümüz yığışdırırdıq, paltarlarımı özüm yuyurdum. İnternatda heç vaxt işgəncə olmayıb. Mila ana həmişə bizi qoruyub. İndi də onu axtarıram, pul verirəm. Ona böyük borcum var”.
 
Bahar Lətifqızının uşaq evindən çıxan qızlara tövsiyəsi var: “İnternatdan çıxandan sonra heç kimə inanmasınlar. Mənim kimi olmasınlar. Mən savadsız idim. İndi hesabı bacarıram, yazı-pozu öyrənirəm. Amma uşaq evində heç nə öyrənə bilmədim. Orada hər kəsə çox inanırdım. Bayramlarda verilən hədiyyələri paylayırdım. Deyirdilər ki, birinci sənin hədiyyəni yeyək, sonra bərabər yeyərik. Mən onlardan istəyəndə isə vermirdilər. Heç kimə inanmamaq lazımdır. Atam əziyyətimizi çəkməyib, amma qəbir üstünü götüzdürdüm. Manaf Ağayevin dəstəyi ilə atamın qəbrini tapdım. Qəbrini ot basmışdı, baş daşı da yox idi. Övladlıq borcumu yerinə yetirərək məzarını düzəltdirdim. Bütün qadınlar dünyaya mələk kimi gəlirlər. Onları çirkləndirən kişilər olur. Mən arzu edirəm ki, internatdan və ailələrdən çıxan qızların qarşısına qeyrətli oğlanlar çıxsın. Əgər bizim cəmiyyətdə kişilərimiz görəndə ki, 15 yaşlı qız pozğunluğa gedir, ona mane olmalıdır. Amma zövq almaq üçün onları pis mühitə çəkirlər. Çox təəssüf ki, cəmiyyətdə belə kişilərimiz var. Sevgi qızımın atası deyirdi "detdom"da böyümüsən, sənin nə tərbiyən olacaq? Mən bilirəm, bizə yenə elə baxırlar, amma boş verirəm.
 
Keçmiş həyat yoldaşımla toyların birində tanış olmuşduq. Artıq ondan ayrılmışam, başqa həyat yoldaşım var. O, kiçik qızımın atasıdır. Onu da deyim ki, uşaq evində yaşadığım üçün anamı günahlandırmıram, bağışlamışam. Onun nə günahı var? Günah atamdadır. Anam atamdan boşanıb. Yenə də atam qızı olduğuna görə, bizi yalnız buraxmamalı idi. İcazə verməməli idi ki, onun qızı internatda yaşasın”.
 
Müğənni o dövrdə özünü daim çarəsiz hiss etdiyini vuğulayır: “Qardaşımla uşaq evindən çıxandan sonra anamın yaşadığı evə gətdik. Evə getmək istəmirdim. İnsan harda yaşayırsa, ora öyrəşir. Doqquz il internatda yaşamışam, Mila ana yanımda olub. Qızdırmam olanda qulluq edib”.
 
“İnternatdan çıxandan sonra küçələrdə döyülürdüm”
 
Tanınmış stilist Samir Əliyev (Samiraldo) uşaqlıq illərini belə xatırlayır: “İnternatda həyat fərqlidir. Oradan çıxandan sonra ya öləcəksən, ya yaşayacaqsan. Düzdür, orada mənə həyatı öyrədiblər. Hərdən ora üçün darıxıram.
 
İnternatdan çıxanda düşündüm ki, sanki həbsxanadan küçəyə çıxıram, məni heç kim qəbul etmir, işə götürmür. Amma o çətinliklərə qalib gəlməliyəm. Uşaqlıqdan tikiş tikirdim. Bu bacarığım, istedadım olmasaydı, bəlkə də bu gün həyatda olmazdım. 1992-ci ildə texniki peşə məktəbinə getdim. Orada balaca, yararsız otaqda yaşayırdım. Düşündüm ki, işləməliyəm. Gündüzlər fabrikdə, gecələr “pekarni”də işləməyə başladım.
 
Küçədə yaşadığım vaxtlar olub. Çox zaman döyülürdüm, təhqir edilirdim. Amma internatda belə hadisələr yaşamamışam”.
 
Stilist valideynlərinin onu axtarmadığını deyir: “Valideynlərim yüksək vəzifədə çalışıblar. Mən doğularkən xəstə, ölümcül vəziyyətdə olmuşam. İllərlə hərəkət edə, danışa bilməmişəm. Heç kimin ağlına gəlməzdi ki, mən yaşayacam. Körpəlikdən internata qoyublar. Heç vaxt valideynlərimi görməmişəm. Bəlkə də ata-anam məni axtarıblar. Sovet dövründə atam bir dəfə gəlmişdi. Onda da icazə vermədilər. Anam və atam ayrılıblar, hər ikisinin ayrı ailələri, övladları var”.
 
Samiraldo yaşadığı uşaq evinə tez-tez baş çəkirmiş: “İnternata müəllimlərimin yanına gedirdim. Sanki ora mənim ziyarət evim idi. Amma 7 ildir ki, getmirəm. Sonuncu dəfə gedəndə mənə əziz, ana kimi olan müəlliməmin rəhmətə getdiyini öyrəndim. Ondan sonra bir daha getmədim”.
 
“Gözlə, peçenye alıb gəlirəm…”
 
Xalq artisti Arif Quliyev də uşaq evində böyüyən məşhurlardandır: “Körpə vaxtından uşaq evində böyümüşəm. O illər uşaqlığım rahat keçməyib. İki yaşımda valideynlərim vəfat edəndən sonra qara çarşablı bir qadın məni Mərdəkanda uşaq evinin qarşısında qoyub getdi. Mən ətəyindən tutub, buraxmadım. Dedi gözlə, peçenye alıb gəlirəm. Amma gəlib çıxmadı”.
 
Amma bütün çətinliklərə baxmayaraq, Arif Quliyev küskün deyil: “Allahımdan razıyam. Bu gün tanınıram, tamaşaçılar tərəfindən sevilirəm”.
 
Əməkdar artist Teymur Əmrah da uşaq evində böyüyüb. Müğənninin qarşısına xeyirxah, tanınmış insanlar çıxıb. O, gimnaziyada Sergey Zarembov, daha sonra BMD-da təhsil alarkən Firudin Mehdiyev, Məlik Dadaşov, Şəfiqə Məmmədovadan dərslər alıb.