​“Dədə”si “Hafka”nın “Bahar”ını necə "Qış"a çevirdi? - Şok etirafa sözardı...

Mahmudov-Məmmədov xüsusi təyinatlılarının Nağıyev-Qurbanov tandeminə qarşı əməliyyatı necə fiaskoya uğradı?
 
 
“Hafka” ləqəbli biznesmen Hafiz Məmmədovun  başına gətirilənlərlə bağlı mediada aydın səmada şimşək effektinə bərabər üsyankar etirafları moderator.az/news/208113.html əslində keçmiş nəqliyyat naziri Ziya Məmmədovun məmur və insan olaraq kimliyinə, hansı mənəviyyatın daşıyıcısı olduğuna bir daha aydınlıq gətirdi. Onunla bağlı indi qeyd edəcəklərimiz heç bir halda yıxılana balta çalmaq kimi qiymətləndirilməməlidir. Çünki  biz Moderator.az olaraq keçmiş “yollar kralı”nın əslində hansı yolun yolçusu olduğunu yaxşı bilirik və 4 il öncə başımıza gətirilənlərdən xatırlayırıq.
 
Məsələ burasındadır ki, Moderator.az-ın keçmiş təsisçilərindən biri olun jurnalist həmkarımız Pərviz Həşimlinin 2013-cü ilin 17 sentyabrında alçaqcasına qondarma ittihamlarla sanki Əl-Qaidə lideri Üsamə Bin Ladendən qorxulu beynəlxalq terrorçu kimi MTN xüsusi təyinatlıları tərəfindən saxlanılması və ardından 12 nəfərlik xüsusi təyinatlının Moderator.az-ın redaksiyasına basqın edərək nəinki kompüterləri, digər texniki avadanlıqları, hətta əməkdaşların ayaqlarına geyindikləri “şəpitlər”i belə müsadirə edərək ortalıqda vahim bir mənzərə yaratmaq niyyətlərinin əslində nəyə xidmət etdiyini bizlər gözəl anlayırdıq.
 
Təbii ki, bu əməliyyata qol qoymaqla Eldar Mahmudovun heç cür bacara bilmədiyi, intellektual və peşəkarlıq baxımından yanından belə ötməyə haqq etmədiyi keçmiş birinci müavini general Əli Nağıyevi şərəfsizcəsinə ləkələmək niyyəti gün kimi aydın idi. Amma əməliyyatı namərdcəsinə apardıqları kimi qeyri-peşəkarcasına da davam etdirdilər və qazdıqları quyuya özləri kor dovşan kimi düşdülər. Pərviz Həşimlinin ona edilən gözqamaışdırıcı təklifləri və bu da nəticə verməyəndə  mənəvi və fiziki işgəncələri mərdi-mərdanə dəf etməsindən çaş-baş qaldılar. Nəticədə MTN xüsusi təyinatlıları Eldar Mahmudovun hətta fiziki mövcudluğunu heç cür həzm edə bilmədiyi düşməninin dəmir barmaqlıqlar arxasına saldırmaq arzusu gözündə qoydular və 2005-ci ildə məşhur “Qara kəmər” əməliyyatının emosional ovqatında yaranmış fürsətdən istifadə edərək oxşar namərdliklə daxili işlər naziri Ramil Usubovu qandallamaq niyyəti puça çıxmasından sonra 2013-cü ilin 17 sentyabr əməliyyatını keçmiş “obxss”in karyerasının ikinci böyük fiaskosu adlandırmaq olar.
 
Amma məsələnin maraqlı və əslində acınacaqlı tərəflərindən biri keçmiş nəqliyyat naziri Ziya Məmmədovun həmin dövrdə az qala MTN-nin ikinci adamı statusunda olması və bu qurumun xüsusi təyinatlılarını özünün çirkin oyunlarının iştirakçısına və qurbanına çevirməsidir. Hafiz Məmmədovun bu günkü etirafları bir zamanlar “dədəm” dediyi Ziya Məmmədovun necə bir təhlükəli persona və hətta “mafiya babası” olduğunun sübutu kimi qəbul edilə bilər. O başqa söhbətin mövzusudur ki, nə baş verdi, “dədəm” dediyi bir adam ona niyə cəlladlıq edəcək qədər dəyişdi, dost dönüb qarı düşmənə çevrildi. Bu dönüşün və ona məxsus “Bahar” yatağının işlənməsi ilə bağlı layihənin və digər şirkətlərin ələ keçirilməsinin təfərrüatlarını Allahdan savayı yəqin Ziya Məmmədovla Hafiz Məmmədovun özlərindən yaxşı bilən yoxdur...
İndi Hafiz Məmmədov hüquq - mühafizə orqanlarına yalvarır ki, məsələni araşdırsınlar və onun necə bir cinayətkar şəbəkə ilə üz-üzə qaldığı üzə çıxarılsın. Təbii ki, onun bu müraciəti cavabsız qalmayacaq və müvafiq strukturlar lazımi ölçü götürəcəklər.
 
Xatırlatmaq yerinə düşər ki, sonradan “MTN işi” çərçivəsində Bakı İstintaq Təcridaxnasında intihar etdiyi bildirilən MTN Antiterror Mərkəzinin keçmiş rəis müavini İlqar Əliyev də Ziya Məmmədovun həmyerlisi və bəzi iddialara görə MTN - dəki əsas adamlarından biri olub. Məhz Pərviz Həşimliyə qarşı aparılan əməliyyata da İlqar Əliyev rəhbərlik etmişdi. O zaman keçmiş nəqliyyat bossunun da əslində Moderator.az-a qarşı cinayətdə iştirakı və bununla da bulanıq suda balıq tutmaq mərəzi ifşa oluna bilər. Təbii ki, Eldar Mahmudov Əli Nağıyevin MTN-dən uzaqlaşdırılmasından sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini kimi dimdik ayaqda olmasını həzm edə bilmədiyi kimi Ziya Məmmədov da Cavid Qurbanovun ona həvalə olunan sferadakı uğurlarına görə ölkə başçısının yanında etibarının günü - gündən artmasından əndişələnirdi və onu gələcək rəqibi kimi gördüyünə görə alçaqcasına sıradan çıxarmaq üçün dəridən-qabıqdan çıxırdı. Amma Mahmudov-Məmmədov tandeminin şərəfsiz planını Allahın iradəsi, dövlət başçısının peşəkar dövlət adamı olaraq bu oyunlara boyun əyməməsi, eyni zamanda Pərviz Həşimlinin işgəncələrə baxmayaraq ona təklif edilən “etiraflar”ı etməkdən imtina etməsi pozdu. Üstündən 4 il keçəndən sonra isə Hafiz Məmmədov etirafları ilə Ziya Məmmədovun görünməyən “bacarıqlar”ını cəmiyyətə açıqladı.
 
İndi son söz müvafiq strukturlarındır və ümid edirik ki, ölkə başçısının etimadından sui-istifadə edərək onun komanda üzvlərindən kimlərisə namərdcəsinə ləkələmək, eyni zamanda onun köməkçilərindən (Prezident ötən ilin yayında jurnalistləri özünün sadiq köməkçiləri adlandırıb) bu məqsədlə istifadə etməkdən çəkinməyən qaranlıq adamları ifşa edəcəklər. O zaman bizlərə bəri başdan dövlət başçısının köməkçiləri olaraq bu şərəfli işdə hüquq-mühafizə orqanlarımıza uğurlar arzulamaq qalır.

Загрузка...
Загрузка...