Ədəbiyyatda "bazar qanunları"...

 
 
Tanınmış filosof-yazıçı Firuz Mustafanın redaksiyamıza göndərdiyi, müzakirə təriqi ilə qələmə alınmış yazıda klassik və müasir ədəbi prosesin eksklüziv müqayısəsi fonunda çağdaş ədəbiyyatın üzləşdiyi problemlərə də toxunulur.
 
ƏDƏBİYYATDA “BAZAR QANUNLARI...”
 
Tez-tez bu cür və ya buna bənzər ritorik suallar eşidirik: “Niyə bizim Tolstoyumuz, Dostoyevskimiz, Turgenevimiz yoxdur? Hanı bu günün Belinskisi, Dobrolyubovu?”
 
Elə sualın havasından başa düşmək olur ki, onu ortaya atan adamlar ədəbiyyat sevdalılarıdır.
Maraqlı sualdır. Mən bu sualları ortaya atan adamlara bəribaşdan öz dərin ehtiramımı bildirirəm. Amma artıq dediyim kimi, sualda ritorika da yox deyildir. Və ən maraqlısı da odur ki, bu sualla çıxış edənlərin əksəriyyəti çağdaş rus ədəbiyyatının havadarları və ya ruslar özləri  deyil, bizim milli ədəbiyyatın təəssübkeşləridir. Halbuki adı çəkilən bu nəhəng ədəbi simalar “rus faktı” və “rus faktoru” olduğundan onların bir daha geri dönməsini, adi məntiqlə götürsək,  ruslar özləri arzu etməlidirlər... Amma görünür, bir çox dərdlər kimi, dünya ədəbiyyatının dərdini çəkməyi də Tanrı bizə qismət edib.
 
Əvvəla, onu demək lazımdır ki, Tolstoyu, Dostoyevskini, Turgenevi, lap elə Qoqolu, Qonçarovu, Gertseni, Çernışevskini yenidən yetişdirmək imkanı yoxdur. Onları yetişdirmək üçün gərək 150-200 il əvvələ qayıdasan, yəni tarixi geriyə addımlayasan. Bundan ötrü gərək “Peterburqdan Moskvaya səyahətə” Radişşevlə birgə çıxasan. Bunun üçün gərək Puşkin və Qoqoldan xeyir-dua alasan, Belinskinin –“qəzəbli Vissarionun” səsi sonralar çıxacaq  “usta şilləsini” qazanasan. Bunun üçün gərəkdir ki, “Moskovskiy teleqraf”, “Oteçestvennıye zapiski”, “Sovremennik”, “Russkoye slovo”, “Vremya”, “Epoxa”, “Moskvityanin”, “Vremya”, “Xristianskiye çteniye”  jurnallarının yaradıcısı və ya oxucusu olasan.
 
Mən hələ həmin dövrdəki yazıçıların dekabristlərlə dostluq əlaqələrini, azadlıqsevər insanların keçdiyi sürgün və məşəqqət yollarını demirəm. Hələ yağmurlu Peterburq, Neva, baş-başa verən kilsə qüllələri və o qüllələrdən gələn zəng səsləri qalsın bir yana...
 
Açığı, hərdən mənim də ürəyimdən buna bənzər suallar keçir: “Hanı bizim Flöberimiz, Balzakımız, Hüqomuz, Mopassanımız, Zolyamız, Qonkur qardaşlarımız?” Hə də, mən rusları bir yana qoyub fransız yazıçılarını deyirəm. Onlarda belə dahilər var, bəs bizdə niyə olmasın? Birdən yadıma düşür ki, bunun üçün ən azı Fransa, Paris, Napoleon, fransızların Rusiyaya və Prussiyaya hücumu, Paris kommunası, gilatino, inqilab... lazımdır. Məlumdur ki,  bütün bunların baş verməsi üçün ən azı 150-200 il əvvəlki tarixə qayıtmaq zərurəti yaranmalıdır.
 
Fransız xalqını öz ədəbiyyatının problemləri ilə baş-başa buraxıb gəlin keçək necə deyərlər, məsələnin əsas  tərəfinə. Axı biz söhbətə rus ədəbiyyatından başlamışdıq. Daha doğrusu, öz ədəbiyyatımızda “rus yazıçılarını” görmək istəyənlərin arzusunu ifadə etməyə çalışmışdıq.
 
Gəlin baxaq görək bu gün Rusiyanın özündə adlarını yuxarıda sadaladığımız dahilər bir yana dursun, heç o dövrün orta səviyyəli yazıçılarına tay tutulacaq bir qələm adamı varmı? Məsələn, bu günkü rus ədəbi mühitində heç Konstantin Aksakov, Nikolay Leskov, Mixail Saltıkov-Şedrin, Aleksandr Drujinin səviyyəli yazıçılar gözə dəymir, o ki ola Tolstoy və ya  Çexov..
 
Rus tənqidi də elə rus ədəbiyyatı kimi bu gün az qala “yatıb hürür”, bizdən iraq və ya üzdən iraq. Axı klassik anlamda böyük ədəbiyyatın meydana gəlməsi üçün böyük tənqidçilər də olmalıdır. Mən hələ Vissarion Belinskini, Apollon Qriqoryevi, Pavel Annenkovu, Dmitri Pisarevi, necə deyərlər qoyuram bir kənara (bu ifadəni artıq bir neçə dəfə zərurətən işlətsəm də, hər halda təkrara görə üzr istəyirəm) təkcə Nikolay Dobrolyubovun adını xatırlatmaq istəyirəm. Cəmi 25 il ömür sürmüş bu “ədəbiyyat uşağının” özünün və dahiyanə fikirlərinin təzədən doğulması, meydana gəlməsi üçün də tarix geri dönməlidir. Bunun üçün gərək həmin o Dobrolyubov kimi gərək sənin atan keşiş ola, hələ lap “uşaq-muşaq” vaxtında yunan fəlsəfəsi ilə tanış olasan, Qədim Roma şairi Horatsinin şeirlərini orijinaldan tərcümə edəsən, o vaxtkı Peterburq Pedaqoji Universitetində təhsil alasan, müəllimlərin  ola Lorens və Blaqoveşenskiy, ədəbi himayədarınsa, məsələn,  Çernışevski... Bunun üçün gərəkdir ki, vərəm xəstəliyinə mübtəla olasan, az bütün Avropa xəstəxanalarını dolaşasan, dərdinə dərman tapılmaya, gəlib öz vətənində 25 yaşında vəfat edəsən və özünə ustad saydığın, 37 yaşında dünyadan köçmüş dahi bir  insanla eyni qəbristanlıqda yan-yana dəfn olunasan. Bəli, Dobrolyubovla Belinskinin məzarı Volkov qəbristanlığında yanaşı uyuyur...
 
Bu cür misalların sayını kifayət qədər uzatmaq olar. Öz ədəbiyyatımızı hələ qoyuram bir kənara, gəlin elə söhbəti rus ədəbiyyatı kontekstində davam etdirək.
 
Bu gün rus ədəbiyyatında nə baş verir? Uzun-uzadı təhlilə nə vaxtımız var, nə də  marağımız. Təkcə onu demək kifayətdir ki, hazırda rus ədəbiyyatının ən görkəmli nümayəndələri fentezi, detektiv, ən yaxşı halda tarixi  yazan macəralar yazan müəlliflərdir. Onların yaratdığı “sabun operaları” hazırda kitab dükanlarını zəbt etməkdədir. Tirajları da Dostoyevskidən, Tolstoydan min dəfələrlə yüksək. Fikrimizə illüstrasiya kimi bəzi adları xatırlatmaq da olar. Məsələn, Lyudmila Ulitskaya, Boris Akunin, Dina Rubina, Yelene Çijova, Tatyana Tolstaya, Tatyana Ustinova, Darya Dontsova... Gəlin etiraf edək, elə bizim ədəbi təsərrüfatımızda da az-çox bu cür, yəni yüngül-əyləncəli janra müraciət edən müəlliflərin yazdıqları oxunur. Nə etməli? Bu, gerçəklikdir.
 
Amma bu o demək deyildir ki, bu gün bütün dünya ədəbiyyatı “yerində saymaqdadır”. Xeyr. Ədəbiyyat, böyük ədəbiyyat öz əbədi marşrutu ilə irəliləməkdədir. Mən vaxtilə yazdığım bir məqalədə bu barədə ətraflı söhbət açmışam.
 
( Bax: Firuz MUSTAFA “ROMAN JANRININ İNKİŞAF TRAYEKTORİYASI” “Azərbaycan” jurnalı: http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=3108)
 
Bu da rus dilində:   “ Траектория развития прозы”: http://proza.ru/2013/05/22/593
 
Rəhmətlik Hegel deyirdi ki, tarix öz qəhrəmanlarını, qəhrəmanlarsa öz tarixini yaradır.
Görünür, bu günün “qəhrəmanlıq həddinin səddi” elə bu qədər tələb olunur. Axı indi ədəbiyyatda da bazar  iqtisadiyyatından hoppanıb gəlmiş bir fenomen öz qanununu və hökmünü diktə edir. Bu, “tələb-təklif” qanunudur.
 
İndi ədəbiyyat az qala bütün paradiqma və paralellərinə görə bazarı yamsılamaqdadır. Orada hər şey isteklak üçün nəzərdə tutulub. Hətta özünə “yardımçı”, “satıcı”, “vasitəçi” tutan müəlliflər meydana gəlib.
 
Bu aləmin öz “yükdaşıyanları”, “hambalları”, “qulları” vardır. Bəli, bəli, ədəbi aləmdə “ədəbi qul” və ya “ədəbi zənci” anlayışı çoxdan özünə yer tutub. Mahiyyəti də bundan ibarətdir ki, məsələn əlinin altında artıq pulu olan, amma özünü həyatda təsdiq edə bilməyən bir “ağıllı” birdən-birə şöhrət xəstəliyinə tutulur. Çıxış yolunu incəsənət sahəsində görür. Ya rəssam, ya bəstəkar, ya da yazıçı olmaq istəyir. Dilemma qarşısında qalan bu “istedad”, məsələn, fırça tuta bilmədiyi və ya not işarələrindən bir şey anlamadığı üçün özünü ədəbiyyata həsr etmək qərarına gəlir. Amma bu binəva, axmaq və  eyni zamanda pullu adam hərfləri də düz-əməlli tanımır. Vaxtilə istədiyi qıza məktubu dostu yazıb. Bu dərəcədə savadsız olan şəxs arayıb-axtarıb özünə “ədəbi qul” və “ədəbi zənci” tapır. Bizim qəhrəmanın verdiyi pulun müqabilində “qul” onunçün “əsərlər” yazır. Bazar qanunları ilə işləyən bir aləmdə bundan daha optimal yol ola bilərmi?
 
Bəli, vaxtilə mənəviyyata işləyən ədəbiyyat indi bazara işləməkdədir. Reallıq budur.

Загрузка...
Загрузка...