Dəbdəbəli məzar daşlarından sonra: Komitə ehsan süfrələrini təbliğatla yığışdıracaq

Baxış sayı: 
216
0  
0  

 
 
Yas məclislərində və qəbir daşlarının hazırlanmasında müşahidə edilən israfçılıq  az qala milli adət-ənənəyə çevrilib. Dəfələrlə dini qurumlar israfçılığın qarşısının alınması ilə bağlı monitorinqlər aparsalar da, müəyyən tövsiyələr versələr də, israfçılıq, ehsan süfrələrindəki dəbdəbə davam edir. Məsələ burasındadır ki, istər Bakıda, istərsə də bölgələrdə həmin qurumların tövsiyyələrinə məhəl qoyulmur. Yalnız Naxçıvanda və Gəncədə bu tövsüyyələrə  əməl edilir. Bəzi toylar yas məclislərini geridə qoyur. Ehsan süfrəsinə naz-nemət düzülür, həddindən artıq israfçılığa yol verilir.
 
Kimin imkanı çatırsa, dəbdəbəli ehsan süfrəsi verə bilir. Amma Azərbaycanda qəribə bir tendensiya var. Bu dəbdəbə sonradan “qonşudan qalma dala” prinsipi ilə davam etdirilir, genişlənir, hətta daha kəskin şəkil alır. 
 
Maraqlıdır, Bakıda və digər bölgələrdə israfçılığa qarşı mübarizə ilə bağlı dövlət qurumlarının tövsiyyələrinə niyə əməl edilmir?
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova məsələ ilə bağlı “Cümhuriyət” qəzetinin sorğusuna cavabında deyib ki, bu istiqamətdə maarifləndirmə işləri davam edir:
 
“Qeyd etdiyiniz kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən yas mərasimlərinin keçirilməsi qaydalarının sadələşdirilməsi, onların İslam dəyərlərinə uyğun təşkil olunması və israfçılıq hallarının qarşısının alınması məqsədilə son dövrlər bölgələrdən paytaxta qədər hər yerdə dini maarifləndirmə işləri aparılır, bu məsələ ilə bağlı dini hökmlər və müqəddəs kitabın tələbləri əhaliyə çatdırılır. Bu məqsədlə tanınmış din xadimlərinin, ictimaiyyət, dövlət nümayəndələrinin, habelə KİV-in iştirakı ilə başlanılmış təbliğat işləri bu günədək davam etməkdədir. Dövlət Komitəsinin diqqəti və aktivliyi sayəsində ictimaiyyət və müvafiq qurumlar bu məsələnin tezliklə həll olunmasının vacibliyinə lazımi reaksiya verirlər. Xüsusilə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu məsələdə öz dəstəyini nümayiş etdirir. Hətta QMİ-nin Qazılar Şurası 2009-cu ildə fətva verib və həmin fətvada yas mərasimlərində israfçılığa yol verilməməsinə dair çağırış edilib”.  
 
Komitə yetkilisi deyib ki, israfçılıqla mübarizədə nəticələr də var:
 
“Bu məsələnin həlli ilə bağlı ilkin müsbət nəticələr əldə edilib. Artıq 3 və 7 mərasimləri ayrı-ayrılıqda deyil, birlikdə 3 mərasimi olaraq keçirilir, eləcə də cümə axşamları qeyd edilmir. İlk dəfə olaraq, Naxçıvanda yas mərasimlərinin sadə şəkildə keçirilməsinin ənənə halını alması təqdirəlayiq və digər bölgələrimiz üçün nümunəvi haldır. Dövlət Komitəsi tərəfindən aparılmış araşdırmalara əsasən, Gəncə və Naftalan şəhərlərində, eləcə də Füzuli, Lerik, Ağdaş, Astara, Siyəzən, Goranboy, Tərtər, Qəbələ rayonlarında əhalinin mütləq əksəriyyəti yas mərasimlərini tövsiyə edilən sadələşdirilmiş qaydada həyata keçirir. Habelə Şirvan, İmişli, Salyan, Neftçala, Hacıqabul, Zərdab, Göyçay, Biləsuvar, Şəki, Şəmkir, Oğuz və digər rayonlarda əhali yas məclislərini əsasən sadə şəkildə icra edir. Dövlət Komitəsi hazırda bölgələrdə bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərini gücləndirməkdədir.
 
Burada bir vacib məqamı vurğulamaq lazımdır ki, ölkədə yas məclislərinin təmtəraqlı şəkildə təşkil edilməsi indiyədək formalaşmış qaydalara söykəndiyindən onun sadələşdirilməsi və nizama salınması müəyyən zaman tələb edir. İnsanlar maarifləndikcə, İslamı öyrəndikcə bu cür mənfi hallar aradan qalxacaq və yas mərasimlərindəki israfçılığa son qoyulacaq. Hər kəs bu sahədə fəal olmalı, mövqeyini bildirməli, ətrafında bu barədə maarifləndirici iş aparmalıdır”.
 
Alçina Amilqızı
Cebhe.info

Загрузка...
Загрузка...