“Dayım qızı evdə deyil, gəlin” – Cəlilabadda olaylar

Baxış sayı: 
310
0  
0  

 
Cəlilabad rayonunda oğurluq hadisələri törətməkdə təqsirli bilinən rayon sakinləri – 1987-ci il təvəllüdlü Samir Əzizov, 1986-cı il təvəllüdlü Rəşad Məmmədov və 1990-cı il təvəllüdlü Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Teleqraf.com xəbər verir ki, onlar qabaqcadan əlbir olub, qrup şəklində cinayət əlaqəsinə giriblər.
 
Cəlilabad şəhərində yaşayan Əzizağa Mustafayevin 2016-cı il fevralın 16-da evdə olmamasını bilən dəstə üzvləri onun evinə giriblər. Rəşad Məmmədov ətrafa nəzarət etmək üçün pusquda dayanıb, Samir Əzizov və cinayətkar qrupun digər üzvü isə evin yerləşdiyi ünvana gəlib, pəncərədən içəri daxil olublar. Oğrular evdən Əzizağa Mustafayevə məxsus 15208 manat dəyərində 9700 ABŞ dollarını, 100 manat pulunu götürüblər.
 
Samir Əzizov, Rəşad Məmmədov və Cavid Hüseynov Sevinc Quliyevanın da evindən oğurluq ediblər.
 
Rəşad Məmmədov aprelin 30-da, saat 22 radələrində qrup üzvlərinə mobil telefonla zəng edərək dayısı qızı Sevinc Quliyevanın onunla eyni toy məclisində olduğunu bildirib. Bundan istifadə edən Samir Əzizov və Cavid Hüseynov Sevinc Quliyevanın yaşadığı evindən 3 min 300 manat dəyərində qızıl-ziynət əşyalarını və 2000 manat pulunu oğurlayıblar.
 
Daha sonra onlar yenə Cəlilabad şəhərində Zenfira Əsgərovanın evdə olmamasından istifadə ediblər.
 
14 iyun 2016-cı il tarixdə, saat 23 radələrində hər üçü Rəşad Məmmədovun idarə etdiyi “VAZ-21115” markalı avtomobillə Zenfira Əsgərovanın yaşadığı evin yanına gəliblər. Rəşad Məmmədov avtomobildə gözləyib, Samir Əzizov və Cavid Hüseynov evə giriblər. Evdən 1.000 manat dəyərində “Arçelik“ markalı televizoru və 80 manat dəyərində iki ədəd gümüş üzük oğurlayıblar.
 
Dəstə üzvləri bu dəfə Cəlilabad şəhərində yaşayan Fərid Əliyev və ailə üzvlərinin evdə olmamalarından istifadə edib, iyun 27-də, saat 23 radələrində evə giriblər.
 
Samir Əzizovun özü ilə gətirdiyi burğu ilə evin qapısını açıb. Bu zaman binada yaşayan Fərid Əliyevin yaxın qonşuları duyuq düşüb və onlar səs-küy salaraq, oğurluğa mane olublar.
 
Samir Əzizov, Rəşad Məmmədov və Cavid Hüseynov Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham ediliblər.
 
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Əzizov 6 il 11 ay 27 gün, Rəşad Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Zamində olan hər iki təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Onlar məhkəmə zalından həbs olunublar. Digər təqsirləndirilən Cavid Hüseynovun barəsində 2700 manat cərimə cəzası təyin edilib.
 
Hökmdən narazı qalan Samir Əzizov apelyasiya şikayəti verib. O, şikayətində barəsində olan hökmün dəyişdirilməsini, daha yüngül cəza verilməsini xahiş edib. Digər iki təqsirləndirilən isə apelyasiya şikayəti verməyiblər.
 
Samir Əzizovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Amil Dosiyevin sədrliyi ilə baş tutan prosesdə araşdırılıb. Hakim kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib.
 
Samir Əzizovun cəzası 5 il 11 ay 27 günə endirilib.
 
Məhkəmə Rəşad Məmmədov apelyasiya şikayəti verməsə də, onun cəzası ilə bağlı da dəyişiklik edib. Onun cəzası 7 il 3 aya endirilib.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...