''Daxili işlərimizə qarışmayın'' - Gülənlə bağlı Almaniyadan Türkiyəyə cavab

 
Almaniyanın “Deutsche Welle” kanalı bildirir ki, 15 iyul çevriliş cəhdindən sonra Türkiyə Fətullah Gülənin Almaniyadakı fəaliyyət sahələrinin nəzarətə alınmasını tələb edib.
 
Avropa.info xəbər verir ki, Türkiyə Gülən hərəkatı haqda alman rəsmilərə məlumat verərək, gülənçilərin təhsil, mədəniyyət ticarət fəaliyyətlərinin Almaniyanın daxili kəşfiyyat orqanı Konstitusiya Mühafizə Təşkilatı tərəfindən izlənməsini istəyib. Bundan əlavə, alman rəsmilərdən fətullahçılarla təmasa məsafə qoyulması istənilib.
 
Türkiyənin tələbləri ilə bağlı mətbuata açıqlama verən Berlin əyaləti baş naziri və bələdiyyə sədri Maykl Müller, Beden-Vürttemberq baş naziri Vinfrid Kretçman Gülən hərəkatının izlənməsini qəbul etmədiklərini, bunun alman konstitusiyası və qanunlarına uyğun olmadığını açıqlayıblar.
 
“Gülən hərəkatı qanunlara, qaydalara əməl etdiyi müddətdə onlara qarşı hər hansı hüquqi prosedura başlamaq düzgün deyil. Bizim demokratiya və insan haqları məsələsində cənab Ərdoğanda davranış təlimatı almağımıza ehtiyacımız yoxdur” – Müller belə deyib.
 
Türkiyənin cəhdlərini alman siyasətçilər Almaniyanın daxili işlərinə qarışmaq kimi qiymətləndirərək, Türkiyənin daxili problemlərin Almaniyaya transfer edilməsini də düzgün saymayıblar.
 
Almaniya XİN rəsmiləri deyiblər ki, Türkiyənin Gülənlə bağlı aldığı qərarları nəzərə alırlar. Amma Camaatın fəaliyyətinin araşdırılması Almaniya DİN-nin səlahiyyətlərinə daxildir.