Davutoğludan sonra Türkiyə-Ermənistan münasibətləri necə olacaq?

Türkiyə baş naziri öz postu ilə vidalaşmaqda ikən, yeni baş nazirin fəaliyyətinin Türkiyə-Ermənistan dialoquna hansı mövqedən yanaşacağı Azərbaycanda maraq doğuran məsələlərdəndir.
Ahmet Davutoğlunun təşəbbüsü və dəstəyi ilə Ermənistanla sərhədlərin açılmasına dair protokollar Azərbaycanda narahatlıqlar doğurmuşdu.
Sonradan bu proses dondurulsa da, Davutoğlu tarixdə Türkiyə-Ermənistan yaxınlaşmasını irəli çəkən Türkiyə lideri kimi qaldı.
Türkiyəli təhlilçilərə görə, baş nazir Davutoğlunun müəllifi olduğu və hazırda dondurulan Türkiyə-Ermənistan yaxınlaşması məsələsində yeni baş nazirin gəlişilə xüsusi bir dəyişiklik gözlənilmir.
"İradə göstərmədi"
Ankara Politikalar Mərkəzindən Burcu Gültekin Punsmanna görə, Ahmet Davutoğlu “fərd olaraq türklərlə ermənilər arasındakı əlaqələrin normallaşmasına önəm verib”.
“Davutoğlu erməni və türklərin həm tarixdaş, həm də vətəndaş olduğunu demişdi. Özünün Konya mənşəli ermənilərlə xüsusi bir əlaqəsi də vardı”, Türkiyə-Ermənistan əlaqələrinə dair bir sira araşdırma və elmi məqalələrin müəllifi Burcu Gültekin Punsmann Ahmet Davutoğlunun Ermənistanla dialoqa verdiyi dəstəkdən bəhs edərkən deyib.
“Ahmet Davutoğlu protokolları imzalayan adam olsa da, turk-erməni əlaqələri istiqamətində lazımı iradəni göstərmədi - protokolları parlamentə təqdim etdi, amma sənədin qəbul edilməsi istiqamətində çağırış etməkdən çəkindi. Onun bir nazir kimi hərəkət edərək xarici işlər nazirliyinin əməyinə sahib çıxmasını gözləyirdim”, türk-erməni məsələləri üzrə araşdırmacı Burcu Gültekin Punsmann deyir.
Prezidentin baş məsləhətçisi, daha sonra isə xarici siyasət idarəsinin rəhbəri və baş nazir kimi Ahmet Davutoğlu Türkiyənin Ermənistanla əlaqələrinin qurulması istiqamətində bir sıra addımlar atmağa nail olmuşdu.
2008-ci ilin sentyabrında "futbol diplomatiyası" ilə başlanmış Türkiyə-Ermənistan dialoqu Ahmet Davutoğlunun adı ilə bağlanır.
O zaman prezident Abdullah Gül iki ölkənin milli futbol komandalarının matçını izləmək üçün Yerevana getmişdi.
Ahmet Davutoğlu xarici işlər naziri olduqdan bir neçə ay sonra isə tərəflər İsveçrənin Sürix şəhərində diplomatik əlaqələrin qurulmasına və sərhədlərin açılmasına yönəlmiş
«Diplomatik münasibətlərin təsisi» və «İkitərəfli əlaqələrin inkişafı» protokollarını imzalamışdı.
Türkiyə müxalifətindən və Azərbaycandan edilən təzyiqlərdən sonra bu sənədlər parlament ratifikasiyasına çıxarılmadan "rəfə qaldırılmışdı".
Beş il sonra Ahmet Davutoğlu yenidən erməni-türk əlaqələrinin bərpası üçün təşəbbüs göstərdi: 2013-cü ilin dekabrında Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatının Yerevanda keçirilmiş toplantısında şəxsən iştirak etdi.
"Yüksək səviyyəli münasibətlər"
Türkiyənin strateji tərəfdaşı olaraq Azərbaycanda da Ahmet Davutoğlunun istefası və yerinə kimin gələcəyi ilə bağlı müzakirələr izlənilir.
Ahmet Davutoğlu 2013-cü ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatının Yerevanda keçirilmiş toplantısında şəxsən qatıldı.
Türkiyə-Ermənistan əlaqələrini həm rəsmi Bakı, həm də Azərbaycan ictimaiyyəti daim aktiv izləyib. Azərbaycandan edilən yekdil təzyiqlər nəticəsində rəsmi Ankara son qərarın bir addımlığından geri dönməyə məcbur olub.
“Atlas” araşdırmalar mərkəsinin rəhbəri Elxan Şahinoğlu deyir ki, baş nazirin dəyişməsi ilə Türkiyə-Ermənistan dialoqunda “yeni heç nə gözlənilimir”.
“Türkiyə-Azərbaycan strateji münasibətləri o səviyyəyə qalxıb ki, Türkiyədə hakimiyyətdə kim olursa-olsun, bu siyasəti davam etdirməkdən başqa alternativi yoxdur,” – təhlilçi Elxan Şahinoğlu BBC Azərbaycancaya deyib.
Türkiyənin yeni baş nazirinin Ermənistanla dialoqun bərpa edilməsi istiqamətində mümkün cəhdləri barədə danışan cənab Şahinoğlu deyir ki, “yeni baş nazir Ankaranın Qarabağla bağlı strategiyasına sadiq qalacaq”.
“Bu məsələdə Ankaranın mövqeyi isə münaqişə həll olunmadan, işğal altındakı torpaqlar boşaldılmadan Ermənistanla münasibətləri normallaşdırmayacağından ibarətdir”, - siyasi şərhçi xatırladıb.
20 ilə yaxındır, hər iki ölkədən olan iş adamları Türkiyə-Ermənistan dialoqunun bərpası ilə sərhədlərin açılmasına və ticarət əlaqələrinin qurulmasına ümidlər bəsləyirlər.
Bu mövzuda həmfikir olan iş adamlarının təşəbbüsü ilə yaradılmış Türk-Erməni Biznes Şurası (TABDC) məsələ ilə bağlı rəsmi Ankaranın siyasətini yaxından izləyir.
"Hərəkətsizlik"
TABDC-nin təmsilçisi Noyan Soyaka görə, son illərdə “hərəkətliliyin müşahidə edilmədiyi Türkiyə-Ermənistan əlaqələrində, Davutoğlunun istefası ilə dəyişiklik gözləmirlər”.
“İki ölkə arasında imzalanan protokolların həyata keçirilməməsindən sonra onsuz da aşağı olan güvən səviyyəsi daha da azalmış və əlaqələr sabit nöqtəyə gəlib”, - Noyan Soyak Türkiyədə baş nazir dəyişikliyinin türk-erməni dialoquna mümkün təsirindən danışarkən bildirib.
2008-ci ildən başlayaraq fasilələrlə müxtəlif dövrlərdə Türkiyə hökuməti Ermənistanla əlaqələrin yaradılması təşəbbüsləri ilə addımlar atıb.
“Son iki ildə verilən 24 aprel “başsağlığı və ortaq kədər” mesajları Ermənistan və diasporada gözlənilən pozitiv yanaşmanı, təəssüf ki, tapmayıb. Əksinə, Ermənistan tərəfi bu mesajları Türkiyənin soyqırımı inkar etməsinin bir başqa vasitəsi kimi qəbul edib”, Noyan Soyak xatırladır.
Türkiyə xarici işlər nazirinin keçmiş müavini,Osman Faruk Loğoğlu hesab edir ki, baş nazir dəyişikliyinin Türkiyə-Ermənistan əlaqələrinə təsiri olmayacaq.
Prezident Erdoğan və baş nazir Davutoğlu 24 aprel 1915-ci il hadisələrinin ildönümündə başsağlığı mesajları verərək o dövrdə baş vermiş qətliamları “qeyri-insani hərəkət” adlandırmışdılar.
TABDC təmsilçisi Noyan Soyak deyir ki, “bu kimi kiçik görünən jestərin donmuş əlaqələrdə bir başlanğıc olması və dialoq yolunda addımlar atıla bilməsi mümkün ikən, türk-erməni əlaqələri hər iki ölkədə daxili siyasi səbəblərdən irəliləyə bilməyib”.
"Azərbaycanın yanında"
Türkiyə xarici işlər nazirinin keçmiş müavini, təqaüddə olan səfir Osman Faruk Loğoğlu hesab edir ki, baş nazir dəyişikliyinin Türkiyə-Ermənistan əlaqələri mövzusuna çox təsiri ola biləcəyi və ya dəyişikliyə yol açacağına inanmır”.
Onun sözlərinə görə, Türkiyənin daimi mövqeyi Azərbaycanın yanında yer alırıq şəklində olacaq”.
“Azərbaycanla Ermənistan arasında qarşıdurmanın, qarşılıqlı itkilərin olduğu bir vaxtda baş nazir dəyişikliyinin “Türkiyə-Ermənistan əlaqələri üzərində birbaşa təsiri olacağını düşünmürəm”, səfir Loğoğlu əlavə edib.
Baş nazir Ahmet Davutoğlu prezident Rəcəb Tayyip Ərdoğanla fikir ayrılığı səbəbindən sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədrliyindən istefa verib.
AKP 22 mayda fövqaladə qurultayını keçirərək yeni sədr seçməlidir. Ölkə konstitusiyasına əsasən, hakim partiyanın sədri həm də baş nazir vəzifəsinə seçilir.
Ahmet Davutoğlu hakim partiyanın rəhbərliyindən istefa verdiyindən, baş nazir vəzifəsindən də getmiş sayılır (BBC).