Daşnak qəbirlərini ziyarət edən azərbaycanlı danışdı: “Fəxr edirik”

 
Teleqraf.com sentyabrın 20-də Bakıda “26 Bakı komissarları”nın məzarını ziyarət edən kommunist qrupunun əsas təşəbbüskarı, Azərbaycan Kommunist Partiyası “Marksizm-Leninizm Universiteti”nin rektoru Ədalət Abdinovla müsahibəni təqdim edir.
 
- Sentyabrın 20-də bir qrup insan Azərbaycanın başına faciələr gətirən “26 Bakı kommisarları”nın Suraxanıdakı məzarını ziyarət edib. Bu ziyarətin təşkilində sizin rolunuz və fəaliyyətiniz nədən ibarət olub?
 
- 1918-ci il sentyabrın 20-nə kecən gecə ingilis və eser qatilləri 26 Bakı komissarlarını Pereval ilə Ağcaqum stansiyaları arasında - Zakaspi dəmir yolunun 207-ci kilometrliyində istintaqsız və məhkəməsiz güllələyib. Həmin qanlı hadisədən 99 il ötür. Azərbaycan Kommunist Partiyası Xətai Rayon Komitəsi 26 Bakı komissarlarının qətlə yetirildiyi gün onların Suraxanı rayonunun Hövsan qəsəbəsindəki məzarını ziyarət etməyi qərara almışdı. Partiyanın qərarını yerinə yetirməklə biz kommunist lər Sovet Azərbaycanı qarşısında xidmətləri olan mətin komissarların xatirəsinə bir daha hörmət və ehtiramımızı bildirdik.
 
- Sözügedən ziyarət ölkədə birmənalı qarşılanmayıb. Mətbuat Azərbaycanın əleyhinə fəaliyyət göstərən komissarların məzarını ziyarət etmənizi biabırçı hadisə kimi tirajlayıb. Etdiyiniz bu ziyarətlə bağlı səslənən iddialara cavabınız nədir?
 
- Bugünkü gənclər bilməlidir ki, Bakı Kommunnasının tarixi çox əhəmiyyəti olub. Bakı Sovetinin 1918-ci il aprelin 25-dəki iclasında Zaqafqaziyada Sovet hakimiyyətinin ilk səlahiyyətli dövlət orqanı olan Bakı Xalq Komissarları Soveti çox vacib sosialist tədbirləri həyata keçirib. Neft sənayesinin, bankların və Xəzər Ticarət Donanmasının milliləşdirilməsi, mülkədar torpaqların müsadirə edilib kəndlilərə paylanması haqqında dekretlər verib, 8 saatlıq iş günü tətbiq edib, fəhlələrin əmək haqqını artırıb və s.
 
Bəli, Bakı Xalq Komissarları Sovetinin bu qərarları bəylər, xanlar, qolçomaqlar üçün bir bəla idi...
 
- 1918-ci ilin martında Bakıda kütləvi qırğın təşkil edən şəxslər təriflə təqdim etdiyiniz komissarlar olub. Konkret olaraq Baqdasar Avakyan, Arsen Əmiryan, Aram Kostandyan, Suren Osepyan və Stepan Şaumyan. Bu insanların məzarını ziyarət etmək sizcə, Azərbaycan xalqına, bu ölkənin müstəqilliyi üçün canlarından keçən minlərlə şəhidin ruhuna hörmətsizlik deyilmi?
 
- ABŞ, İngiltərə və Fransanın daxil olduğu “cinayətkar trio” Şərqə doğru gеnişlənən kommunist inqilabını durdurmaq üçün “inqilabi mübarizəni milli münaqişələrlə əvəzləmək” şüarını irəli sürüb və bu məqsədlə də törətmiş olduqları süni milli münaqişələrlə 100 minlərlə insanın məhvinə səbəb olublar.
 
Bu gün mart qırğınlarına istər dövlət səviyyəsində, istərsə də ictimai rəydə olduqca yanlış yanaşma mövcuddur. Bеlə ki, bir çox tədqiqatçılar olduqca yanlış olaraq mart hadisələrinin səbəbini Bakıda axtarırlar. Əslində isə mart qırğınlarının gеrçək səbəbini Tiflisdə, ABŞ, Fransa və İngiltərə dövlətlərinin qərargahlarında, bu ölkələrin “səfirlikləriylə” dövlət aparatının yüksək vəzifəli şəxslərinin gizli yazışmalarında axtarmaq lazımdır. Onda bizim bəzi yalançı vətənpərvərlərimiz ABŞ-ın Tiflisdəki səfiri Smitin öz dövlətindən Qafqaza daşnakları və müsavatçıları, gürcü millətçilərini silahlandırmaq və maliyələşdirmək üçün pul və silah göndərmək tələbini bəlkə anlaya bilərlər.
 
Sualınızda qeyd etdiyiniz şəxslərə gəldikdə isə, onlar kommunist olublar və sinfi mübarizədə iştirak ediblər. Bu mübarizəyə milli don geyindirmək naşılıqdır.
 
- Zamanında Rusiyaya bağlı olan Azərbaycan kommunist ləri 1920-ci ildə Demokratik Cümhuriyyəti devirdikdən sonra ölkəmizi Azərbaycan SSR elan edərək müstəqilliyimizə son verdi. Siz və müasir Azərbaycan kommunist ləri babalarınızın bu əməlinə görə, xəcalət çəkib mənəvi baxımdan özünüzü günahkar hesab edirsinizmi?
 
- Biz babalarımızın əməlləri ilə fəxr edirik. Xalqımız Azərbaycan Sovet Sosialist dönəmində ən xoşbəxt günlərini yaşayıb. Sosialist iqtisadiyyatı əsasında sosial azadlıqlar təmin olunurdu. Fəaliyyət seçməkdə, öz qabiliyyətini inkişaf etdirməkdə və tətbiq etməkdə şəxsiyyətə geniş azadlıqlar verilmişdi. Pulsuz təhsil, sağlamlığın mühafizəsi, qocalığa və xəstəliyə görə sosial təminat, nəhəng miqyasda aparılan və vətəndaşlara pulsuz verilən mənzil tikintisi, mədəni quruculuq işləri - bütün bunlar cəmiyyətin rifahı və şəxsiyyətin özünün mənafeyi naminə insanın səmərəli fəaliyyəti üçün geniş imkanlar yaradırdı. Milyonlarla zəhmətkeş öz qabiliyyət və istedadının azad inkişafı üçün bu əlverişli imkanlardan faydalanırdı.
 
Demokratik dediyiniz Cümhuriyyət və onun varisləri sizə nə verdi? Cəmiyyəti ağalara və nökərlərə böldülər...
 
- SSRİ-nin bərpa olunması ideyasına münasibətiniz necədir?
 
- Hazırki şəraitdə SSRİ-nin bərpası mümkün deyil. Mənim mübarizəm isə müstəqil sosialist Azərbaycanı uğrundadır.
 
- Azərbaycan kommunist hərəkatının yaxın 20-30 ildə qrup halından çıxaraq güclənmə ehtimalları varmı?
 
- Azərbaycan kommunist hərəkatı beynəlxalq kommunist hərəkatının tərkib hissəsidir. Bu baxımdan o, həmişə güclüdür və yenidən qalib olacağı gün uzaqda deyil!..
 
- Siz müstəqil Azərbaycan kommunistləri yanaşmasını müdafiə edirsiniz, yoxsa Rusiyaya bağlı Azərbaycan kommunistləri ideyasını?
 
- Kommunist sırasında olduğu partiyanın qərarlarını yerinə yetirməyə borcludur. Çünki o qərar həmin kommunistin verdiyi səs əsasında qəbul olunub. “Müstəqil Azərbaycan kommunistləri yanaşması”nda bir yanlışlıq var. Bəli, Azərbaycan Kommunist Partiyası tam müstəqildir. Bizim beynəlxalq, o cümlədən Rusiya kommunist təşkilatları ilə də sıx əlaqəmiz var və onlarla əməkdaşlığımız davam edir.
 
Müəllif: Cavad

Загрузка...
Загрузка...