“Daha Qərb bizdən tələb edə bilməz ki...” – Kataloniya böhranı nələri sübut etdi?

“Kataloniyada keçirilən referendum istər beynəlxalq hüquq çərçivəsində, istərsə də Helsinki Yekun Aktının “ərazi bütövlüyünün toxunulmazlığı” prinsipi fonunda qəbul edilə bilməz. Bu fakt təbii olaraq pislənilməlidir. Separatizmin istənilən formada təzahür etməsi ziyanlıdır. Separatizm həm baş verdiyi bölgəyə, həm də bütün dünyaya təhlükələr yaradır”.
 
Bu sözləri Publika.az-a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
 
O bildirib ki, Azərbaycan hər zaman separatizmə birmənalı şəkildə yanaşaraq, öz mövqeyini ortaya qoyub və dövlətlərin ərazi bütövlüyünün qorunmasını dəstəkləyib:
“Ölkəmiz zaman-zaman sübut edib ki, dövlətlərin siyasi və ərazi bütövlüyünün qorunması dünyada bir çox problemlərin qarşısını alan əsas amillərdən biridir. Kataloniyada keçirilən referenduma gəldikdə isə burada məsələyə bir neçə aspektdən yanaşa bilərik. Deyilsə ki, katalonlar uzun illərdir İspaniyanın tərkibində yaşayır və buna görə də onların hər hansı bir formada müstəqilliklərini elan etməyə haqları var, bu qətiyyən doğru yanaşma olmaz. Çünki ərazi bütövlüyü faktoru vacib məsələdir. Digər tərəfdən də Kataloniyanın İspaniyanın tərkibində müstəqil statusu, muxtariyyəti var və bu muxtariyyət onların dillərini, mədəniyyətlərini, tarixlərini qoruyub saxlamağa, inkişaf etdirməyə kifayət qədər şərait yaradır”.
 
E.Mirzəbəyli qeyd edib ki, Kataloniyada separatizm dalğasının baş qaldırması dünyada beynəlxalq hüququnun prinsiplərinə, Helsinki Yekun Aktına ziddir:
“Bu həm də separatçı qurumlara ikili standartlarla yanaşmadan irəli gələn bir məsələdir. Əgər zamanında Qərbin Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ədalətli mövqeyi ortaya qoyulsaydı, həm separatçılara, həm də separatizmə dəstək verən qüvvələrə konkret sanksiyalar tətbiq olunsaydı, şübhəsiz ki, bu gün biz separatçı davranışların vüsət almasını görməzdik. Separatizmi mükafatlandırmaq son nəticədə daha aqressiv situasiya yaradır və daha aqressiv bir mərhələyə keçid verir”.
 
 
Politoloq bildirib ki, bu gün Avropa İttifaqında bir neçə xalq tərəfindən formalaşan çox sayda ölkələr var:
 
“Yaxud elə ölkələr də var ki, onlar federal quruluşa malikdirlər və bu quruluşun tərkibində də konkret etnik qruplar kompakt şəkildə yaşayır. Misal olaraq, Belçikada yaşayan türk qruplarını, flamanları gətirə bilərik. Həmin qruplar da katalonlar kimi ərazi və müstəqillik iddiaları ilə çıxış edir və öz müqəddəratlarını təyin etmək istəyirlər. Oxşar problem hazırda İtaliyada da mövcuddur. Əslinə qalsa, bütün bu problemlər vaxtilə Helsinki Yekun Aktının dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipini əsas götürərək, həmin etnik qruplara muxtariyyətlər verdi. Bildiyiniz kimi, bu aktda suveren bərabərlik, güc işlətməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisələrin dinc yolla həll olunması kimi prinsipləri mövcuddur. Lakin öz müqəddəratını təyin etmə prinsipi dövlətin sərhəd toxunulmazlığı prinsipi çərçivəsində həyata keçirilməlidir. Necə ki, Finlandiyada Alanda adaları bu prinsipləri qoruyaraq, öz müstəqilliyinə qovuşdu, eləcə də müstəqillik iddiası olan qruplar buna əməl edə bilər. Bu gün Kataloniyada keçirilən referendum dəstəklənərsə, mükafatlandırılarsa, bu artıq Avropada “domino effekti” yaradacaq və separatizm dalğasına təkan vermiş olacaq. Bu da nəinki Avropa İttifaqını əhatə edən regionun, bütün dünyanın təhdid edilməsi deməkdir”.
 
E.Mirzəbəyli Kataloniya referendumunda bir məqama xüsusi diqqət çəkib:
“İspaniyanın müvafiq güc strukturlarının Kataloniyada keçirilən referendum seçkilərinə münasibəti, Konstitusiya Məhkəməsinin atdığı addımlar, referendumun ləğv edilməsi ilə bağlı qəbul etdiyi qərarlar, bu qərarın yerinə yetirilməsi ilə bağlı İspaniya polisinin atdığı addımlar separatçılığa qarşı davranışların çərçivəsini ortaya qoyur. Yəni bu gün Qərb heç bir halda Azərbaycana deyə bilməz ki, separatçılarla dəyirmi masada söhbət aparmalısan. Xüsusilə də silahlı, konkret bir dövlətin ərazi bütövlüyünü pozaraq, orada formalaşan separatçı rejimlə. Referendum zamanı İspaniya hökumətinin dinc şəkildə keçirilən səsverməyə və etiraz aksiyalarına müdaxilə formasına şahid olduq. Bunun müqabilində silahlı separatçılara, yaxud işğalçılara qarşı hansı formada davranışlar sərgilənməlidir? Bu mövzuda Avropa bizdən hansı tələblərə əməl etməyimizi istəyə bilər? Şübhəsiz ki, Azərbaycan onun ərazi bütövlüyünü təhdid edən separatçılara hərbi müdaxilə edəcək. Mən məsələyə bu kontekstdən yanaşmağı daha doğru hesab edirəm”.
 
E.Mirzəbəyli bildirib ki, İspaniyada separatizm hərəkatı silahla deyil, siyasi yollarla ortaya çıxdı:
 
“Ancaq heç kəsə sirr deyil ki, separatizm müəyyən mərhələdən sonra daha aqressiv və silahlı mərhələyə qədəm qoyur. Siyasi, aqressiv separatizmlə terrorizm arasındakı fərq cizgisi çox incədir. İspaniya polisinin sərgilədiyi davranış Qərbin bu günədək oxuduğu insan haqları və demokratiya ilə bağlı moizələrinin cəfəngiyat olduğunu ortaya qoydu. Ancaq digər tərəfdən, ölkənin ərazi bütövlüyünü qorumaq üçün bu addımın atılması prinsipcə doğrudur. Bir dövlət öz ərazi bütövlüyünün qorunması üçün ona silah qaldıran, onun ərazi bütövlüyünü pozmağa çalışan, ona qarşı işğalçı davranışlar sərgiləyən istənilən təhdidçi qüvvələrə qarşı sərt tədbirlər həyata keçirməlidir. Əks təqdirdə istənilən kiçik bir qrup bir dövlətin müstəqilliyini və ərazi bütövlüyünü təhlükə altına ala bilər”.
Zümrüd

Загрузка...
Загрузка...