Daha bir əsgər ölümü – “Zabit dedi pul gətir, ya da oğlun səhərə sağ çıxmayacaq”

 
Gədəbəydə xidmət edən 7 ayın əsgərindən 5 min manat istəyiblər
 
Oktyabr 29-da  Lətifovlar ailəsinə bəd xəbər verilib. Ailəyə hərbi hissədən zəng edərək 7 aydır hərbi xidmət çəkən oğulları Pərvin Lətifovun ürəyinə silahdan atəş açaraq intihar etdiyini deyiblər. Bu barədə mərhum əsgərin anası Xalidə Lətifova “Azadlıq” qəzetinə məlumat verib.
 
 
 
 
O bildirir ki, hadisədən əvvəl özünü zabit kimi təqdim edən şəxs ona zəng edərək oğlunun postda yatdığını deyib.“Bizə zəng edib dedilər ki, “Siz uşağınızı düzgün tərbiyə etməmisiniz. Niyə uşağınıza tərbiyə verməmisiniz? O, postda yatır”.  Dedim ki, 7 aydır uşaq sizin yanınızdadır, mənim yanımda deyil ki, tərbiyə verim. Sonra da 7 ayda mənim uşağımdan bircə dəfə də şikayət gəlməyib”.
 
Valideyn zabitə deyib ki, əgər oğlu postda yatırsa, onu aşağı endirsinlər. Zabit isə bunun xərcinin olduğunu bildirib. “Dedim, uşağımı aşağı salın. Dedi, “aşağı yerə salsaq, sənin uşağına 5 ildən 8 ilə iş düşür. 5 min manatınız varmı gətirib verməyə?”  Dedim, yox, yoxdur. Mənim 5 qəpiyim də yoxdur. Dedi, “axşam uşağı posta çıxardacağıq, əgər postda yatsa, o uşaq sizin deyil”. Anaya bu kəlməni deyərlərmi? Mənə deyir, uşağın səhərə sağ çıxmayacaq”.
 
Şəkinin Baş Layısqı kənd sakini 19 yaşlı Pərvin Lətifov 7 aydır Gədəbəydə xidmət edib. Anası deyir ki, kasıb yaşayırlar. Oğlunu əsgərliyə aparmaq üçün zorla diş  düzəldiblər ki, apara bilsinlər. “Dedim, verin mən uşağımla danışım. Mən uşağımla danışanda gördüm ki, zarıya-zarıya danışır. Uşağıma dedim, can balam, gecə yatma, gözünə duz-istiot sürt, amma yatma. Bu gecəlik yatma, qurban olum sənə, yatma. Yalvarmışam uşağıma telefonda. O da dedi ki, qorxma düzələcək”.
 
Ana deyir ki, “10 saatın içində öldürüb verdilər mənə uşağımı”. O uşağı ki, 14 yaşından sonra evi dolandırırmış.
 
Xalidə Lətifova deyir, yoldaşı, o biri oğlu və özü də xəstəliklərdən əziyyət çəkirlər. Oğlu əsgərlikdə olanda da onlardan heç nə istəməyib. “Hələ o uşaq məndən pul istəməmişdi. Mən deyəndə, deyirdi mama, heç nəyin lazım deyil. Bircə özünüzü dolandırın. Bu vaxta qədər uşağımdan nə şikayət gəlmişdi, nə “sənin uşağın yatır” söylənmişdi, nə də “sənin uşağın postda dura bilmir” deyilmişdi”.
 
Valideyn oğlunun intihar etdiyinə inanmır. O deyir ki, hadisə baş verən axşam növbədə hansı komandirlər olubsa, oğlunun ölümündə onlardan şübhələnir. Hadisədən iki gün öncə oğlu ilə danışanda o deyib ki,  komandirləri, zabitləri dəyişdirilib. “Onlar içkili idilər, içkili kimi danışırdılar. Bax siz sərrast danışırsınız indi, amma onlar sərrast danışmırdılar. Hədə-qorxu ilə danışırdılar. Yoldaşıma dedilər ki, sən evində yağ yeyirsənmi, yumurta yeyirsənmi? Sənin uşağına biz yumurta yedizdiririk, sənin uşağına burda filan şeylər içirdirik. Mən də kasıb ailədənəm, gəlib mənim vəziyyətimi görsəniz, özünüz ağlaya-ağlaya gedərsiniz. Bu vəziyyətdəyəm, əmisi də 94-cü ildə şəhid olub. Çevrilib baxan olmayıb. Mən bir göz otağın içində, bir qarın ac, bir qarın tox özgə paltarı ilə uşaq böyütmüşəm. Bu vəziyyətdə yaşayan uşaq orda nəsə edərmi?! Zülm, əziyyət görən uşaq nəsə edərmi?!”
 
Əsgərin nəşi gətiriləndə valideyni meyiti açıb baxmağa qoymayıblar.  Qəbiristanlıqda da tam açmağa icazə verməyiblər. “Bizə deyiblər ki, ürəyindən güllə dəyib. Kim vurub, kim eləyib bilmirik. Meyiti açıb mənə göstərsəydilər, mən uşağımın hər yerinə baxardım, qoymadılar. Dedilər ki, guya özünü atıb. Nə oldu, 7 aydı özünü atmadı, indi atdı?! Yaxşı, əgər atıbsa, gör uşağıma nə zülm vermisiniz ki, özünü atıb. Üç gündən bir uşağım mənimlə telefonla danışıb,  pis olsa idi, mənimlə danışa bilərdi?!”
 
Valideyn  əlavə edir ki, oğlunun köhnə komandiri ona yaxşı baxıb. Anası ilə danışmağa şərait yaradıb. Onlardan heç vaxt pul istəməyib. “Köhnə komandir mənim uşağımı çox istəyirdi. Kasıblığına görə, xoşüzlülüyünə görə… Bunlar elə biliblər ki, mən  komandirə pul vermişəm. Mənim uşağımı göndəriblər ki, mən onlara pul göndərim”.
 
Valideynin indi bir xahişi var “Oğlum intihar etməyib. Oğlumun adını təmizləsinlər”.