Dağlıq Qarabağ probleminin həllində müharibə variantı: Vətəndaşlar nə deyir? - VİDEOSORĞU

2-5 aprel tarixlərindəki hərbi əməliyyatların ardından Dağlı Qarabağ problemi ətrafındakı danışıqlar prosesi yeni bir mərhələyə keçdi. Politoloqlar artıq  danışıqlarda Azərbaycanın mövqeyinin daha da möhkəmləndiyini bildirir, hətta yaxın vaxtlarda 5 və ya 7 rayonun qaytarılacağı haqqında proqnozlar verirdilər.
Lakin ötən iki aydan artıq müddətdə hər hansı konkret nəticə əldə olunmadı. Böyük ümidlər bəslənilən Sank-Peterburq görüşündə də önəmli bir yenilik olmadı.
Bu baxımdan, Azərbaycan tərəfi yenidən müharibə variantını gündəmə gətirə bilər.
Musavat.com olaraq, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı son danışıqlar prosesinə, eləcə də müharibə variantının aktuallaşmasına əhalinin rəyini öyrənməyə çalışdıq.
“Dağlıq Qarabağ probleminin həllində müharibə variantına xalq nə deyir” sualı ətrafında keçirdiyimiz rəy sorğusunun nəticələrindən bəlli oldu ki, əksəriyyət danışıqlar prosesinin bir nəticə verəcəyinə inanmır və müharibənin qaçılmaz olduğunu düşünür.
Müharibənin başlamasına tərəfdar olanlar arasında gənclər üstünlük təşkil edir. Qadınlar və orta yaşlı nəsilin münayəndələri isə mümkün qədər sülh danışıqları yolu ilə torpaqlarımızın qaytarılmasını arzu etdiklərini bildirdilər.
Gənclərdən biri sorğumuza cavab olaraq, bildirdi ki, danışıqlar prosesinə ümid bağlasaq, yenə də uzun illər Dağlıq Qarabağ problemi aktual olaraq, qalacaq.
Başqa bir respondent isə münaqişənin həlli yolunun olmadığını bildirdi: “Düzdür, aprel döyüşlərində mövqelərimizi müəyyən qədər irəlilətdik. Lakin istəmirəm ki, bundan sonra Azərbaycan yenidən müharibəyə başlasın. Yalnız sülh yolu ilə olsun”.
Daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.