"Dağlıq Qarabağ məsələsi 3 ölkə arasındakı münasibətlərin mühüm bir həlqəsi olmalıdır" — Zahid Oruc

 
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 5 rayonun qaytarılacağının siqnalını verib
 
Mövlud Çavuşoğlu bildirib ki, Rusiya 5 rayonun qaytarılmasını təklif edib. Türkiyə isə bunu dəstəkləyib və məsələni Azərbaycan tərəfi ilə müzakirə edib. Bundan əlavə, Türkiyənin xarici işlər naziri qeyd edib ki, Azərbaycan bununla bağlı hansı qərarı verərsə, Türkiyə onu dəstəkləyəcək.
 
Son dönəmlər aktiv fazadan passivə keçən danışıqlar yenidən fəallaşmağa başlayıb. Türkiyənin Rusiya ilə münasibətlərinin yaxşılaşması, "Türk axını" layihəsinin imzalanması rəsmi Ankaranın Cənubi Qafqaza marağını daha da artırıb.
 
Mövlud Çavuşoğlunun səsləndirdiyi fikirlər və Dağlıq Qarabağ məsələsinin həllində Rusiya və Türkiyənin rolu barədə millət vəkili Zahid Oruc Ölkə.Az-a danışıb:
 
"Mövlud Çavuşoğlu diplomatik fəaliyyətdə təcrübəli bir şəxsdir. O, Türkiyəni Avropa Şurasında təmsil etdiyindən beynəlxalq proseslərin incəliyini bilir. Hər hansısa bir konfliktlə bağlı aparılan danışıqları nə zaman ictimailəşdirə biləcəyini də dərk edir. Mövlud Çavuşoğlu uzun müddət ölkəmizlə əlaqələrdə fəal iştirak etdiyindən bölgənin reallıqları ilə yaxından tanışdır. Faktiki olaraq Türkiyə ilə Ermənistan arsında 100 ildən çox davam edən problemlər olmasaydı belə, Azərbaycanla Ermənistan arasındakı konflikt regionda təhlükəsizlik mühitinə, neft-qaz əlaqələrinə, Rusiyanın nəzərdə tutduğu bir sıra başqa layihələrə, Rusiya İran arasındakı əlaqələrə zərbə vuracaqdı. İki dövlət və xalq arasındakı müharibə bütövlükdə bölgəni zəhərləyir və bu mənada Çavuşoğlunun yeni raund çərçivəsində Azərbaycan torpaqlarının bir qisminin qaytarılması əsasında Türkiyənin də danışıqlarda yer aldığını deməsi bizim üçün çox önəmlidir.
 
Uzun müddətdir ki, Minsk qrupu müxtəlif təkliflər, modellər, təşəbbüslər irəli sürüb. Bunların hər biri müxtəlif dövrlərdə bəlli səbəblərdən hayata keçməyib. Ən sonda görünən budur ki, aprel döyüşlərindən sonra Rusiya tərəfi fəal şəkildə danışıqları bəlli bir nəticəyə çatdırmaq istədi. Moskvadan Lavrovun timsalında bölgəyə fəal səfərlər, Medvedevin görüşlər keçirməsi belə bir ümid yaratdı ki, Rusiya nəhayət Ermənistana təzyiq göstərəcək, çünki regionu əvvəlki vəziyyətdə saxlamaq mümkün deyil. Rusiya hərbi cəhətdən qüvvətləndirdiyi Azərbaycanı Qarabağ üzərində sınamaq istəmədi. Bu, Ermənistanda anti-Rusiya çıxışlarına yol açdı. Hətta dünən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının görüşü də aprel döyüşlərinin kölgəsində keçdi. İrəvanda Putin əleyhinə yenə etirazlar oldu, Nazarbayev görüşə qatılmadı.
 
Rusiya və Türkiyə arasında məlum təyyarə insidentindən sonra Azərbaycan və Qazaxıstan vasitəçilik missiyasını üzərinə götürdü və iki ölkə arasında münasibətlər yaxşılaşdı. İki dövlət də maraqlıdır ki, Dağlıq Qarabağ problemində irəliləyiş olsun. Rusiya və Türkiyə arasında Qafqaz üstündə çox böyük müharibələr baş verib. Rusiya çox maraqlıdır ki, NATO-nun, Qərbin maraqlarını bölgəyə buraxmamaq üçün onun mənafeyinə və strategiyasına uyğun olan bir dövlətlə münasibətlərini qursun. Türkiyə bu baxımdan çox önəmlidir. Bir tərəfdən ona görə önəmlidir ki, Türkiyənin də Rusiya kimi Avropa ilə münasibətlərində düyün nöqtələri var. Avopa İttifaqı Türkiyəni İttifaqa qəbul etmir, onu neoosmanizmdə günahlandırır, erməni kartından fəal şəkildə Türkiyəyə qarşı istifadə edir. Rusiya da Avropa İttifaqı ilə Ukrayna məsələsinə görə çox gərgin münasibətdədir. Türkiyə ilə Rusiyanın beynəlxalq münasibətlərdə oxşar cəhətləri var. Ona görə də Rusiya maraqlıdır ki, bölgədə digər mənafeləri sıxışdırıb çıxarmaq üçün Türkiyə mənafeyini bölüşdüyünü göstərsin. Məhz buna görə də, Qarabağ məsələsi çox mühüm həlledici nöqtədir.
 
Əslində bir çoxları iddia edirdilər ki, Türkiyə ilə Rusiya münasibətlərinin yaxşı olmasının bizə ziyanı var. Çünki zamanında Atatürklə Lenin arasında müəyyən bəlli razılaşmalar olduğundan Azərbaycan mənafeləri qurban veriləcəkdi. Biz buna qətiyyən inanmırıq. Azərbaycan Türkiyə və Rusiya üçün vaz keçilməyəcək ölkədir. Hazırki dövrdə Rusiya ilə münasibətlərimizin çox yüksək səviyyəyə qalxması ona səbəb oldu ki, Ermənistan özünü Rusiyanın fort-postu kimi hiss etmir. Əksinə, Ermənistanda Rusiya və Putin əleyhinə çox kəskin ictimai rəy formalaşıb. Hökumətdə də məlum böhran, müdafiə nazirinin dəyişdirilməsi və yeni addımlar atmaq istəməsi onu sübüt edir ki, Ermənistan Qərbdən özünə yeni ağalar tapacaq. Ona görə də, hesab edirəm ki, Çavuşoğlunun 5 rayon məsələsini gündəmə çıxartması, ardınca Lavrov tərəfindən "Türkiyə ilə müxtəlif anlaşmalar ola bilər, Qarabağ məsələsində bu ölkənin mühüm rolu var" sözünü dilə gətirməsi açıq şəkildə onu göstərir ki, Rusiya Türkiyəyə güzəştlər etməyi düşünür. Çünki Qarabağ məsələsinin Azərbaycanın ziyanına həlli, Bakı tərəfindən Türkiyənin Qafqazdakı maraqlarına böyük zərbə vuracaq. Çünki region dövlətləri güclənəcək, Türkiyə itirəcək, neft-qaz resursları çox ciddi zərbə alacaqdır. Bu gün özünü tranzit məkanına, az qala qaz ixrac edən ölkəyə çevirən dövlət bu siyasətdən ciddi ziyan çəkəcək. Ona görə də hesab edirəm ki, Dağlıq Qarabağ məsələsi Türkiyə, Rusiya və Azərbaycan arasındakı münasibətlərin mühüm bir həlqəsi olmalıdır. Türkiyə və Rusiyanın Azərbaycan üçün təhlükəsizlik qarantiyaları verməsi şərti ilə Dağlıq Qarabağ məsələsi ölü nöqtədən tərpənə bilər".
 
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın dövlət katibi Con Kerri və ardınca isə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Dağlıq Qarabağ məsələsinin yaxın zamanda həllinin mümkünsüz olduğunu bildirib.