“Dağlıq Qarabağ artıq mədəniyyətlərarası toqquşmanın obyektidir” - MÜSAHİBƏ

Sərdar Cəlaloğlu: “Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq, Zəngəzur və Göyçəni Ermənistandan tələb etməlidir”
“Azərbaycan təcili olaraq Pakistan və Türkiyə ilə üçtərəfli hərbi ittifaq haqqında müqavilə imzalamalıdır”
Xəbər verdiyimiz kimi, srağagün Ermənistan hökuməti müxalifətdən olan deputatlar Zauru Postancyan və Qrant Baqratyan tərəfindən hazırlanan, qondarma “DQR”in tanınmasını nəzərdə tutan qanun layihəsinə baxıb. İclasda Ermənistan XİN-in rəyi qəbul edilib və qanun layihəsi parlamentə göndərilib. Lakin parlament “indiki mərhələdə “DQR”-in müstəqilliyinin tanınması barədə qanun layihəsini bəyənməyib”.
Marqlıdır, o halda Ermənistanın zaman-zaman “DQR”-in müstəqilliyinin tanınması məsələsini gündəmə gətirməsinin arxasında hansı siyasi maraqlar dayanır? Bu və digər suallara ADP sədri Sərdar Cəlaloğlu ilə müsahibəmizdə aydınlıq gətirməyə çalışdıq.
-Sərdar bəy, Sizcə, Ermənistan parlamentinin “DQR”-i tanıması məsələsini gündəmə gətirməsinin arxasında hansı siyasi maraqlar dayanır?
- Əslində Ermənistanın müxtəlif dövrlərdə Dağlıq Qarabağın tanınması məsələsini gündəmə gətirməsinin arxasında Azərbaycanı şantaj etmək niyyəti dayanır. Belə ki, Ermənistan bununla Azərbaycanın 3 günlük müharibədə əldə etdiyi mövqeləri yenidən geri qaytarmaq və əvvəlki qaydada işğal olunmuş torpaqları əlində əsas tutub, Dağlıq Qarabağa daha böyük status qoparmaq məqsədi güdür. Ancaq indiki halda Azərbaycan Dağlıq Qarabağa heç bir status verə bilməz. Çünki 1924-cü ildə Dağlıq Qarabağa muxtariyyət statusu verilərkən, həmin müqaviləyə belə bir maddə əlavə olunub ki, bir şərtlə muxtariyyət statusu verilir ki, Dağlıq Qarabağ erməniləri heç vaxt Azərbaycandan ayrılmaq haqqında hər hansı qərar verməyəcəklər.
1920-ci ildə isə Ermənistan və Azərbaycan Sovet hökumətinin tərkibinə daxil olanda, ölkələr arasında belə bir müqavilə imzalanıb ki, Azərbaycan özünün Zəngəzur və Göyçə mahallarını, bundan əvvəl isə İrəvanı, Ermənistana ona görə güzəştə gedir ki, ermənilər bir daha Azərbaycana qarşı hər hansı ərazi iddiası irəli sürməyəcəklər.
Əgər bu gün Ermənistan Azərbaycana qarşı ərazi iddiası irəli sürürsə, bu o deməkdir ki, Dağlıq Qarabağa Azərbaycan heç bir status verə bilməz.
Digər tərəfdən, ermənilər Azərbaycan ərazilərinə iddia etdiyinə görə, artıq Ermənistan Sovet Sosialist Respublikası ilə Azərbaycan Sovet Sosialist Respublikası arasında bağlanan İrəvan, Zəngəzur və Göyçə mahallarının Ermənistana verilməsi haqda müqavilə də qüvvədən düşmüş olur.
Odur ki, hazırda Azərbaycan Ermənistan tərəfinə rəsmən müraciət edərək, həmin müqaviləni pozduğuna görə Zəngəzur və Göyçə mahallarının Azərbaycana qaytarılması məsələsini qaldırmalıdır. Eyni zamanda 1924-ci ildə Dağlıq Qarabağa muxtar vilayət statusu verilməsi ilə bağlı müqavilədəki şərti əsas götürüb, Dağlıq Qarabağ ermənilərinə hər hansı status verməkdən imtina etməlidir.
- Bəs, həmin dövrdə Azərbaycan tərəfin belə bir müqaviləyə imza ataması nə dərəcədə doğru addım olub?
- Həmin vaxt bu ərazilər Sovet hökumətinin təzyiqi altında verilib. Həmin ərazilərdə daşnaqlar üsyan qaldırmışdılar, əhalini qırmışdılar və ora daşnaq orduları yerləşdirilmişdi. Müstəqil Azərbaycan dövləti 1920-ci ilə qədər bu ərazilərin azad olunması uğrunda mübarizə apardı və Dağlıq Qarabağda daşnaqları məhv etdi. Sonra ruslar Lənkəranda üsyan qaldırdılar və bu zaman ordu üsyanı yatırmaq üçün Dağlıq Qarabağdan endikdə ermənilər yenidən Zəngəzuru və digər əraziləri tutdular. Azərbaycan da həmin dönəmdə Sovet hökumətinin tərkibinə daxil olurdu deyə, necə ki, indi Rusiya bizə təzyiq edir, o vaxt da Sovet hökuməti öz tərkibinə daxil olan respublikaların sərhədlərinin müəyyən edilməsi üçün özü qərar verdiyindən, Azərbaycan Sovet Sosialist Respublikasını məcbur etdi ki, həmin əraziləri Ermənistana güzəştə getsin.
-Yəni bu qərar Azərbaycan xalqının iradəsinə zidd olaraq verilib...
-Bəli. Sadəcə, yuxarıda dediyim o şərtlə ki, İrəvan, Zəngəzur və Göyçənin Ermənistana verilməsinin qarşılığında ermənilər heç vaxt, heç bir vəchlə Azərbaycana qarşı ərazi iddiasında olmayacaqlar. Əgər bu gün ermənilər ərazi iddiası tələb edirsə, həmin müqaviləyə görə, bu, avtomatik olaraq həm Dağlıq Qarabağa hər hansı bir stastusun verilməsini aradan qaldırır, həm də ərazilərin geri qaytarılması məsələsində hüquqi prosedur açır. Hansı ki, Azərbaycan dərhal hüquqi prosedurlara başlamalı, bu məsələnin Ermənistanda müzakirəsinə paralel olaraq, Azərbaycan Milli Məclisində də həmin müqavilənin qüvvədən salınması məsələsinə baxılmalıdır.
Ermənilər demir ki, sovet hökumətinin vaxtnda Dağlıq Qarabağa muxtariyyət statusu verilib?! Amma həmin müqavilədən bu tərəfə Ermənistan dəfələrlə Azərbaycan torpaqlarına iddia edib, hətta zaman-zaman Azərbaycan torpaqları qoparılıb. Və parlamentdə də bu məsələni gündəmə çıxarmaları onu göstərir ki, artıq ermənilər həmin müqaviləni birtərəfli qaydada pozublar.
İkincisi, Azərbaycan hökuməti açıq şəkildə görməlidir ki, ermənilər nəyin bahasına olur-olsun Azərbaycan ərazilərini qoparmaq istəyirlər. Bu məsələdə Rusiya da Ermənistanın yanındadır. Rusiyanın bütün cəhdləri əslində Azərbayanın fəaliyyətinə, onun öz ərazilərini işğaldan azad etməsinə mane olmağa, əvəzində isə bu əraziləri ermənilərin yurisdikasiyasına verməyə, bu olmayacağı təqdirdə, həmin əraziləri öz nəzarətinə alımağa hesablanıb. Yəni Azərbaycan indiki halda bu məsələdə təklənmiş vəziyyətdə qalıb. Bir tərəfdə erməni-rus ittifaqı, o biri tərəfdə də yalnız Azərbaycan. Odur ki, Azərbaycan təcili olaraq Pakistan və Türkiyə ilə üçtərəfli hərbi ittifaq haqqında müqavilə imzalamalıdır. Bir halda ki, Pakistan hökuməti də bu barədə bəyanat verib ki, üçüncü tərəf Qarabağdakı savaşa qoşulacağı halda Pakistan da mütləq qoşulacaq, Türkiyə də bəyanat verib ki, həmişə Azərbaycanın yanında olacaq, bunu beynəlxalq hüquqa uyğun olaraq bir müqavilə ilə rəsmiləşdirmək lazımdır. Yəni üçüncü tərəf bu müqaviləyə qoşulacağı təqdirdə Pakistan və Türkiyənin Azərbaycan tərəfdən bu hərbi münaqişəyə qoşulacağı ilə bağlı müqavilə imzalanmalı və bu 3 ölkə arasında ümumi bir ordunun yaradılmasının əsası qoyulmalıdır. Yəni bu üçlük ittifaqı necə ki, BMT Təhlükəsizlik Şurasının, NATO-nun ordusu var, eləcə də Pakistan, Türkiyə və Azərbaycanın ortaq bir ordusu yaradılmalıdır ki, həmin ordu bu 3 ölkəyə qarşı aqressiyalarda birgə fəaliyyət göstərsin.
-Yeri gəlmişkən, aprelin əvvəlində Moskvada atəşkəs sazişi imzalansa da, həmin gündən etibarən düşmən tərəf mövqelərimizi, hətta dinc sakinləri belə, atəşə tutmaqdadır. O halda Azərbaycanın belə bir sazişə imza atmasına nə ehtiyac vardı?
- Bu cür sazişlərin hüquqi əsası yoxdur. Yəni əgər sazişə imza atan tərəflərdən biri buna zidd hər hansı addım atırsa, dərhal o saziş qüvvədən düşür. Ona görə də Azərbaycan həmin sazişi əlində rəhbər tutub, erməni aqressiyası qarşısında aciz dayanmamalıdır və Ermənistan sazişi pozduğuna görə, ən kəskin şəkildə cavab verilməlidir.
-Bəs, Rusiya və Ermənistan arasında bağlanmış hərbi müttəfiqlik sazişi bu və ya digər vəziyyətdə ermənilərin harayına çata bilərmi?
- Rusiyanın müdafiə naziri də, xarici işlər naziri də rəsmən bəyan edib ki, əgər müharibə Ermənistanın indiki beynəlxalq hüquqla tanınan ərazilərinə keçərsə, onda Rusiya Ermənistanı müdafiə etməyə məcburdur. Bilirsiniz ki, Ermənistan sərhədlərini erməni qoşunlari ilə rus qoşunları bir yerdə qoruyur. Biz o sərhədi keçəndə qarşımıza Rusiya qoşunları da çıxacaq. Çünki Ermənistan sərhədləri eyni vaxtda həm də Rusiya sərhədləri hesab ounur. Bu mənada biz Ermənistan ərazilərinə keçəriksə, Rusiya qoşunu ilə qarşılaşacağıq. Amma bizim öz ərazilərimizdə, Dağlıq Qarabağ da daxil olmaqla, apardığımız əməliyyatlara Rusiya heç cür qarışa bilməz. Qarışarsa, bu artıq beynəlxalq hüquqa görə intervensiya sayılır və bu da bütün İslam dünyansının Azərbaycan tərəfindən mühribəyə girməsi demək olar.
- Sərdar bəy, o da etiraf olunmalıdır ki, qondarma “DQR”-in tanınması məsələsinə Rusiya da maraq göstərmədi, hətta Ermənistanı bu yoldan çəkindirdi. Sizcə, Kremlin belə bir addım atamasına səbəb nə idi?
- Rusiya gördü ki, əgər Ermənistan bu məsələni gündəmə çıxararsa, Azərbaycan bütün qoşunlarını Qarabağa yeridəcək. Hətta Müdafiə Nazirliyimizin də mayın 8-9-da müharibə aparacağı ilə bağlı bəyanatı var. Ki, əgər Ermənistan parlamentində həmin məsələlər müzakirə olunsa, Azərbaycan hərbi yolla bütün ərazilərini geri qaytarmaq üçün hücuma keçəcək. Bu halda Rusiya məcbur olacaqdı ki, Ermənistan tərəfindən Azərbaycanla müharibəyə girsin. Belə olduqda isə, dərhal Pakistan və Türkiyə də müharibəyə qoşulacaqdı. Yəni Rusiya açıq şəkildə görür ki, artıq Dağlıq Qarabağ məsləsi iki dövlət arasında etnik və ya siyasi separatizmdən daha çox mədəniyyətlərarası toqquşmanın hədəfinə çevrilib. Biz görürük ki, Ukraynada, Gürcüstanda və Moldovada da eyni problem var. Amma bu problemin fərqi odur ki, burda tərəflərin biri müsəlmən, digəri xristiandır, orda hər iki tərəf xristiandır. Ona görə də Dağlıq Qarabağ problemi çox böyük sürətlə mədəniyyətlərarası toqquşmanın obyektinə çevrilib. Rusiyanı qorxudan budur ki, Dağlıq Qarabağ məsələsində yanlış addım atarsa, bütün İslam dünyası ilə üzbəüz qala bilər. Ona görə də Ermənistanı bu addımdan ciddi şəkildə çəkindirir.
- Hesab edirisniz ki, Azərbaycan öz torpaqlarını işğaldan hərbi yolla azad etməyə başlasa, Rusiya müharibəyə qatılmağa tərəddüd edə bilər?
- Rusiya bu gün də tərəddüd edir. Məsələn, qoşunu gətirdi bizim sərhədimizə, amma Azərbaycan da öz qoşunlarını yeridib sərhəddə, bir kəlmə demir. Özü də, Naxçıvandan, hər yerdən Ermənistanla sərhədə nə qədər texnika aparıb. Müdafiə Nazirliyinin də çox kəskin bəyanatı oldu ki, biz müharibə edəcəyik, torpaqlarımızdan rədd olun çıxın. Amma Rusiya bir kəlmə deyə bilmir. Deyə də bilməyəcək. Çünki artıq Dağlıq Qarabağ məsələsi bir etnik separatizmdən mədəniyyətlərarası toqquşma obyektinə çevrilib. Bu yeni situasiyadan Azərbaycan tərəfi mütləq müvəfəqqiyyətlə istifadə etməlidir.
Ayxan ldrımtürk