​DAA-nın prezidenti almaniyalı millət vəkili ilə görüşdü

 
Dünya Azərbaycanlıları Assambleyasının (DAA) prezidenti Rəşad Quliyev Almaniya Federativ Respubliksının Nordrhein Westfalen (NRW) əyalətinin parlament üzvü, hazırda iqtidarda olan Xristiyan Demokratlar Partiyasının (CDU) rəhbərliyində təmsil olunan Serap Gülerlə görüş keçirib.
 
Assambleyadan Respublika.info-ya verilən məlumata görə, görüşün əsas istiqaməti DAA-nın məqsad və məramı haqqında millət vəkilinə məlumat vermək, eyni zamanda gələcəkdə CDU ilə DAA arasında əməkdaşlıq perespektivlərini müzakirə etmək olub.
 
Əsas məqsədin Azərbaycanın zəngin mədəniyyəti haqqında məlumat vermək, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların yaşadıqları ölkələrdə inteqrasiya prosesinə dəstək olmaq, dünya xalqları və toplumları ilə işbirliyi yaradaraq qarşılıqlı hörmət və dostluq səviyyəsində fəaliyyət keçirmələri olduğunu söyləyən R.Quliyev, eyni zamanda Dağlıq Qarabağın işğal edildiyi faktının da dünyaya çatdırılması və diplomatik səviyyədə bu məsələnin həll edilməsinə nail olmaqdan ibarət olduğunu deyib.
 
Öz növbəsində Serap xanım Azərbaycan haqqında məlumatlı olduğunu bildirib, Assambleyanın fəaliyyətinin onun özü üçün də maraqlı olduğunu qeyd edib.
 
Görüşün sonunda Serap Güler xanım DAA ilə NRW parlamenti, həmçinin CDU partiyası arasında gələcək əməkdaşlığın qurulmasına öz tərəfindən dəstək verəcəyini , beləliklə rəsmi qurumlar və Assambleya arasında əməkdaşlıq körpüsünün yaradılmasına tövhə verəcəyini bildirib.
 
Daha sonra R. Quliyev millət vəkili Serap Güler xanımı gələn ilin fevralın 4-də Kölndə keçiriləcək Dünya Azərbaycanlıları Köln Forumuna dəvət edib. O da bu tədbirə qatılacağını, özü ilə yanaşı CDU partiyasının fəal siyasətçilərini də dəvət edəcəyini bildirib