Cümhuriyyətin baş nazirinin ailəsi onun qətlindən necə xəbər tutur?- Gizli Tarix

 
 
 
Moderator.az gələn il yüz illik yubileyi tamam olacaq Azərbaycan Cümhuriyyəti ilə bağlı silsilə yazılarını davam etdirir.
 
Bu dəfə həmin şanlı dövlətin əsas onurğa sqtunlarından biri olan, ayrı-ayrı vaxtlarda xalq maarifi və maliyyə naziri, baş nazir vəzifələrində çalışan Nəsib bəy Yusifbəyli barəsində danışacağıq. Daha konkret, onun həyatı ilə bağlı bir neçə faktı təqdim edəcəyik. Yazıda araşdırmaçı alimlər Vilayət Quliyev və Akif Aşırlının araşdırmalarından istifadə olunub:
 
Nəsib bəyin şəxsi həyatı o qədər də fərəhli keçməyib.  O, İsmayıl bəy Qaspiralının qızı Şəfiqə xanım Qaspiralı ilə evlənib. İki uşaqları da olub; Oğlunun adı Niyazi, qızının  da adı Zəhra.  Nəsib bəy 1909-cu ildə, Şəfiqə xanımdan mədəni şəkildə ayrılıb. Çox mədəni ailə olmalarına baxmayaraq, kiçik ailə ixtilafı nəticəsində  bir-birindən ayrıldılar. İndi də o ailə ixtilafının nə olduğu dəqiq deyilmir.  Şəfiqə xanım Qaspiralının özünün yazdığı kitabda bu barədə danışılır. Bunlar mədəni şəkildə ayrılsalar da əlaqələri hər zaman qalıb. Niyazi də,  Zəhra da Şəfiqə xanımın himayəsi altında böyüyür. Nəsib bəy də  bunlardan öz  atalıq borcunu əsirgəmir. Vaxtı-vaxtında gedir,  görüşür.  Şəfiqə  xanım da Nəsib bəydən ayrılmasına baxmayaraq, özünün məktublarında,  xatirələrində onu çox yaxşı təsvir edir. Onların məhəbbəti sonsuz olur. Şəfiqə xanım axıradək  heç kəslə evlənmir. Nəsib bəy evlənir, lakin həmin xanımdan  övladları  olmur. Əzizə Cəfərzadə həmin məktubları araşdırıb və çap edib.
 
1918-ci ildə Azərbaycan  Cümhuriyyəti yaranır. Bundan sonra Şəfiqə xanım və övladları Bakıya gəlirlər. Amma sonradan 1920-ci il 28 aprel çevrilişində Şəfiqə xanım da övladlarını götürüb İstanbula gedir. Nəsib bəy isə burda qalır. Həmin vaxt da bolşeviklər Cümhuriyyət liderlərini hədəf götürmüşdülər. 28 apreldən sonra Nəsib bəy Gürcüstana keçmək istəyir. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən çoxu yenidən təşkilatlanmaq və bolşeviklərə qarşı mübarizəni təşkil  etmək üçün Gürcüstanda yerləşmişdi.  Çünki Gürcüstan hələ sovetləşməmişdi. Bolşeviklərin nəzarətində deyildi. Nəsib bəy sürücüsü ilə yola çıxır.  Yevlaxdan Qarxunlu Əşrəf bəy  adlı çox mötəbər bir bəy,  zadəgan vasitəsilə Gürcüstana  keçmək istəyir. Əşrəf bəy çox adlı-sanlı bir adam idi və son dönəmdə parlamentin üzvi də olmuşdu. Lakin Nəsib bəy sürücüsü ilə yolda  gedərkən onları izləyən  bolşevik xəfiyyələri  tərəfindən qarşısı kəsilir. Nəsib bəy Cümhuriyyətin aparıcı şəxsi olduğundan,  böyük nüfuza sahibləndiyindən  onun aradan götürməsinin planını qururlar. Yolda bunların qarşısını kəsib maşını gülləbaran edirlər. Bu hadisə Kürdəmirdə baş verir.
Nəsib bəyin maşınının qarşısını kəsib gülləyə tuturlar. Nəsib bəy ölür, amma sürücü ağır yaralansa da aradan çıxır. Bolşeviklər elə bilirlər ki, Nəsib bəyin çamadanında qızıl, bahalı əşyalar, pul Cümhuriyyətin varidatı ola bilər. Açanda görürlər ki, orda çamadanda bir dəst köynək,  diş fırçası yəni,  gündəlik lazım olan bir iki əşya var.
 
Şəfiqə xanım İstanbuldan onun ölümünü bilmir. Ümumiyyətlə, onun ölümündən çox sonradan xəbər tuturlar. Çünki qətli məxfi şəkildə həyata keçirilib. Onun meyitinin də tapılmamağının səbəbi budur. Şəfiqə xanım Qaspiralı axtarışa çıxır. Nəsib bəyi axtarır,  məktublar yazır,  ancaq onun məktublarına cavab gəlmir. Sonradan təsadüfən İstanbulda Nəsib bəyin sağ qalan sürücüsünü görür. O, Şəfiqə xanımla görüşdə  bütün baş verənləri nəql edir.
 
Elmin Nuri

Загрузка...
Загрузка...