​Cümhuriyyət parlamentinin ilk iclasında Rəsulzadənin işlətdiyi sehrli ifadə- TARİX

Baxış sayı: 
176

 
 
 
Gələn il Azərbaycan Cümhuriyyətinin elan olunmasının100-cü ildönümüdür. Bu böyük tarix dövlət səviyyəsində qeyd olunacaq. Artıq mətbuatda da Cümhuriyyətlə bağlı yazılara, araşdırmalara getdikcə daha çox rast gəlmək mümkündür.
 
Bu gün isə Cümhuriyyət parlamentinin yarandığı gündür. Düz, 99 il əvvəlin 7 dekabr tarixində ADR-in parlamenti fəaliyyətə başladı.
 
Moderator.az bu münasibətlə Cümhuriyyət parlamentinin ilk iclasından bəhs edən yazını təqdim edir:
 
Parlamentn açılışını Məhəmmədəmin Rəsulzadə edir. O, öz çıxışında çox maraqlı məqamlara toxunur. Hətta xüsusi ifadələr də işlədir. Qeyd edək ki, məşhur “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarı da həmin çıxışa aiddir. Amma dilçi alim, professor  Qəzənfər Kazımov özünün  “Dil, tarix, poeziya” kitabında Rəsulzadənin həmin çıxışındakı başqa maraqlı məsələyə toxunub:
“1918-ci ildə Parlamentin ilk iclasında milli şüranın ilk sədri Məhəmmədəmin Rəsulzadə giriş nitqində “YUM” sözü işlədib:
“Möhtərəm məbuslar! Azərbaycan Cümhuriyyətinin ilk məclisi - məbusanını açmaq yum səadəti, siz möhtərəm məbusları təbrik etmək şərəfinin öz öhdəmə düşməsi ilə müftəxərəm ( alqışlar ), əfəndilər Göründüyü kimi , “yum səadəti”  xeyir-dua vermək mənasındadır və Dədə Qorqud dilindəki , “yum verəyim” sözünü xatırladır .
 
Qeyd edək ki, Rəsulzadə Parlamentdə ən güclü sayılan “Müsavat” fraksiyasına başçılıq edib. O, həmçinin Parlamentdə iki komissiyada – “Müəssislər Məclisini çağırmaq” və “Maliyyə büdcə” komissiyasında təmsil olunub.
 
Parlamentin ilk iclasında yaşanan başqa maraqlı hadisə isə Fətəli Xan Xoyskinin çıxışı olub. Fətəli xan Xoyski 1918-ci ilin 7 dekabrında - parlamentin açıldığı tarixdə qanunverici orqanın ilk iclasındakı çıxışında Azərbaycan Hökumətinin bir neçə aylıq fəaliyyəti barədə hesabat verdikdən sonra istefası haqqında bəyanatı da təqdim etdi. Bu, artıq Xoyski şəxsiyyətinin böyüklüyü demək idi:
 
“Fəaliyyətimizdə xətalar işləmişiksə də, hər zaman fikrimiz bu olmuşdur: Hökumət çalışmışdır ki, öz nüfuzunu millətin gözündə itirməsin. Biz xahiş edirik ki, nöqsanlarımızı göstərəsiniz, tənqidə ixtiyarınız var və tənqid xeyirli şeydir. Parlamentin əsas vəzifəsi də yol göstərməkdir. Hər nazir öz nəzarətləri barəsində bəyanat verəcəkdir. Hökumətin ixtiyarı bu günə qədər idi. Şimdi isə siz yığıldınız. Hökumət başında parlamentin etimadına müzəhhər və parlamentə istinad edən bir kabinə olmalıdır. Heç bir hökumət parlament açıldıqdan sonra iş başında qalamaz. Ona görə də mən bütün yoldaşlarım tərəfindən xəbər verirəm: hökumət hüzurunuzda istefasını verir”.
 
Elmin Nuri

Загрузка...
Загрузка...