​Cümhuriyyət hökuməti qərar verməzdən əvvəl bu jurnalistin yazılarından faydalanırdı”- TARİX

 
 
 
Moderator.az Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı silsilə yazılarını davam etdirir. Bu dəfə Cümhuriyyət tarixində xeyli iş görən, mətbuat səhifələrində gənc dövlətin maariflənməsi üçün əlindən gələn nakam taleli jurnalist Fərhad Ağazadə barəsində maraqlı bir faktı oxuculara təqdim edəcəyik.
 
Mətbuat tarixi üzrə araşdırmaçı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Moderator.az-a açıqlamasında Fərhad Ağazadənin Cümhuriyyət hökuməti üçün vacib bir fiqur olduğunu bildirib. Çünki yeni qurulan Cümhuriyyət bir addım atmazdan əvvəl aidiyyatı məsələ ilə bağlı xarici təcrübələri araşdırır, onları Bakıda tətbiq etmək istəyirdi. Bu işdə isə ən yaxşı kadr bir neçə xarici dili bilən Fərhad Ağazadə olub. Məsələn, Bakı Dövlət Universiteti yaranmazdan (1919) haradasa bir il əvvəl onunıa bağlı araşdırmalar aparılıb. Bu işi isə Fərhad Ağazdə öz çiyinlərinə götürüb. Dünyanın Sarbonna, Oksford, Kembric, Lomonosov adına Moskva Dövlət Universiteti, Harvard və s. ali məktəblərin tarixin, təcrübəsini öyrənib ki, bizdə universitet qurulanda bundan nəzəri olaraq istifadə etsinlər:
 
“Bakı Dövlət Universiteti ilə bağlı çox vacib AXC sənədləri var. Onların arasında Cümhuriyyət parlamentinin materialları və Fərhad Ağazadənin dəyərli yazıları yer alır. Universitet açılmamışdan öncə bir hazırlıq prosesi keçirilmişdi. “Azərbaycan” qəzetində “Darülfünün tarixi” adlı silsilə yazılar var. Müəllifi nakam taleli jurnalist, publisisr Fərhad Ağazadədir. Məşhur dünya universitetlərinin tarixi, onların keçdiyi yol, qazandığı təcrübələrdən bəhs edirdi. Bu da yeni yaranacaq universitet üçün bir nəzəri materiallar idi. Fərhad Ağazadə ingilis, alman, rus dillərini sərbəst bilirdi. Onun başqa məsələlərlə bağlı nəzəri məzmunlu məqalələri var. Cümhuriyyət hökuməti bir işi görməzdən qabaq onunla bağlı xeyli araşdırmalar aparılırdı. Fərhad Ağazadə də bu araşdırmalarda fəal iştirak edir, vacib maarifləndirici yazılar yazırdı”.
 
Qeyd edək ki, Fərhad Ağazadə 1880-ci ildə Şuşa şəhərində anadan olub. Yaradıcılığının ən bəhrəli çağında sağalmaz xəstəliyə tutulub və ömrünün sonuna qədər bu xəstəlik ona acı bir tale yaşadıb. Bu xəstəliyə qədər xüsusən də Cümhuriyyət dövrü mətbuatının, “Azərbaycan” qəzetinin ən fəal yazarlarından olan Fərhad Ağazadə həm mətbuat, həm maarif sahəsində xeyli işlər görmüşdü. Əlifba islahatı aparan şəxslərdən biri də o idi. Lakin 1929-cu ildə sağalmaz xəstəliyə tutulur. Qida borusu get-gedə daralır. Mahaçqala, Sankt-Peterburq və Moskva kimi şəhərlərdə onu müalicə edə bilməyib əməliyyata salmaq istəyirlər. Lakin Ağazadə buna razı olmur. Həyat yoldaşına yazdığı məktubda “əgər əməliyyata aparsalar, gəlib evdə oturacağam” deyir. Bununla da ardıcıl olaraq faciələr bir-birini əvəz edir. XX əsrin böyük əlifba islahatçısı bunlara çox davam gətirə bilmir.
 
Elmin Nuri

Загрузка...
Загрузка...