​“Çudo Peçka” maaş məsələsinə münasibət bildirib: “Şirkətimiz böhran yaşayır”

 
“Çudo Peçka” MMC bu şirkətin Bakıdakı mağazalarından birinin işçilərinin polisə şikayəti barədə xəbərlərə münasibət bildirib.
 
“Report”a daxil olan açıqlamada maaşla bağlı problemlərin olduğu təsdiqlənib: “Çudo Peçka” MMC olaraq bildiririk ki, həqiqət də bəzi işçilərimizlə maaşla əlaqədar müəyyən problemlər yaranıb. Amma söhbət Cəfər Xəndan küçəsində yerləşən mağazayla bağlı deyil. Söhbət ondan gedir ki, illərdir fəaliyyət göstərdiyimiz “Sahil” metrostansiyası yaxınlığındakı mağazamız müəyyən səbəblər üzündən tərəfimizdən bağlanıb. Həmin mağazada isə “Çudo Peçka”nın 26 işçisi çalışırdı. Həmin işçilər dünən mərkəzi ofisimizdə olaraq gecikdirilən əmək haqlarının verilməsini tələb ediblər. Onlarla söhbətdən sonra şirkətimiz əmək haqlarının bir hissəsinin verilməsini, qalan hissəsini isə tədricən ödənilməsi barədə öhdəlik vəd edib. Amma işçilər əmək haqlarının tam ödənilməsinə israr ediblər. Tərəfimizdən onlara bildirilib ki, hər yerdə olduğu kimi, “Çudo Peçka” şirkəti də böhran yaşayır və elə bu böhran səbəbindən də onların çalışdığı mağaza bağlanıb. Biz, “Çudo Peçka” olaraq bildiririk ki, bizimlə çalışan və çalışmış hər bir işçi bizim üçün əzizdir və adıgedən mağazanın bağlanmasını da dərin təəssüf hissi ilə bəyan edərək bildiririk ki, orada çalışan işçilərin əmək haqları şirkətimiz tərəfindən ödəniləcək”.
 
Qeyd edək ki, Bakıdakı “Çudo Peçka” mağazalarından birinin işçilərinin polisə şikayət etməsi ilə bağlı xəbəri “Report” yayıb. “Çudo Peçka” mağazasının 30-dək işçisi polisə ərizə ilə müraciət edərək üç aydır maaşlarının verilmədiyini bildirib.
 
Faktla bağlı mağazanın sahibi Çingiz Çəlilovun oğlu Anar Cəlilov polis idarəsinə çağırılıb, ondan izahat alınıb. A.Cəlilov işçilərin maaşlarının yaxın günlərdə veriləcəyini bildirib.
Qeyd edək ki, Anar Cəlilov məşhur müğənni Röya Ayxanın keçmiş həyat yoldaşıdır.
 
“Çudo Peçka” əvvəllər Çingiz Cəlilovun olub. Mağazalar şəbəkəsi 2011-2016-cı illərdə “Bakery Operating Company” MMC-nin idarəçiliyində olsa da, hazırda əvvəlki sahibindədir.