“Çovdarova ömürlük cəza, Hilal Əsədova həbs...” – Şikayət

 
“Vosmoy bazarı” kimi tanınan “8-ci kilometr bazarı” dövlət nəfinə müsadirə edilməsi barədə Bakı Hərbi Məhkəməsinin qərarından apelyasiya şikayəti verilib.
 
Bu barədə Teleqraf.com-a bazarın sahiblərindən biri Salman Səfərov bildirib.
 
O, qeyd edib ki, qardaşı Qəhrəman Səfərovla birlikdə hazırladıqları şikayəti Bakı Hərbi Məhkəməsinə təqdim ediblər.
 
Sahibkarın sözlərinə görə, işə baxan hakim hökm qəbul edərkən, onların epiozdları üzrə ədalətsiz qərar çıxarıb: “Biz apelyasiya şikayətimizdə bazarın geri alınmasını tələb edirik. Qardaşımla birlikdə eyni iş üzrə zərərçəkmişik, şikayətimizi də bir yerdə vermişik”.
 
Salman Səfərov bildirib ki, ittihamda Akif Çovdarovun quldurluq yolu ilə 33 milyon manat əldə etdiyi göstərilib: “Amma hökmdə quldurluq maddəsi üzrə Akif Çovdarovun barəsində hökm verilmədi. Biz ona həmin maddə üzrə də cəza verilməsini istəyirik”.
 
Zərərçəkmiş deyib ki, apelyasiya şikayətlərində bazarın onlara qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı mülki iddialarının da təmin olunmasını istəyib. O, bildirib ki, şikayətlərində həmçinin Akif Çovdarova ömürlük azadlıqdan məhrum edilməsi barədə hökm qəbul edilməsini tələb ediblər: “Bizim əlimizdən bazarın alınması Eldar Mahmudovun göstərişi ilə olub. Burada Hilal Əsədovun da adı keçir. Bazara 50 faizinə sahib olan Hilal Əsədov kənarda qalıb. Biz şikayətimizdə onun barəsində cinayət işinin başlanmasını istəmişik. Akif Çovdarovu tutsalar da, cinayətkarın biri kənarda qalıb.
 
Akif Çovdarov bazarı Hilal Əsədovla bölüb. Bazarın yarısı Hilal Əsədovun arvadının, yarısı da Akif Çovdarovun qızının adına keçirilib. Burada Hilal Əsədov da məsuliyyətə cəlb olunmalıdır”.
 
Salman Səfərov bildirib ki, prokurorluq onlara maddi və mənəvi zərərin miqdarını 8 milyon 100 min manat təyin edib.
 
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə “Vosmoy bazarı” kimi tanınan “8-ci kilometr bazarı” dövlət nəfinə müsadirə edilib.
 
İstintaq sənədələrinə görə, “Vasmoy bazarı”nın bir hissəsi Akif Çovdarovun qızının, bir hissəsi isə MTN -də nazir müavini olmuş Hilal Məmmədovun həyat yoldaşının adına olub.
 
Bu epizod üzrə isə Səfərov qardaşları zərərçəkən kimi tanınmışdı. Onlar bazarın Akif Çovdarov və Hilal Məmmədov tərəfindən əllərindən zorla alındığını bildirmiş və bazarın geri qaytarılmasını istəmişdilər.
 
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyonluq əmlakının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...