​“Çovdarov deyib, bir səhvi özümə bağışlamayacam ki, Eynullanı öldürtmədim”

 
 
“Mədət Quliyev Pentensiar Xidmətin rəisi təyin olunmasaydı, bəlkə də məni öldürmüşdülər”
 
Politika.Az araşdırmaçı-jurnalist Eynulla Fətullayev ilə müsahibəni təqdim edir:
 
- Eynulla bəy, dünyanın demokratiya paytaxtlarında, o cümlədən bizim əvvəl nümunə kimi baxdığımız Türkiyədə, ABŞ-da hakimiyyətə gələnlər və ya hakimiyyətini yeniləyənlər ciddi məhdudiyyətlərə gedirlər, cəmiyyətlər, azadlıqlar daha da sıxışdırılır. Azərbaycanı da azadlıqların məhdudlaşdırıldığı ölkə kimi qeyd edirlər, amma durum, məsələn, Türkiyədəki kimi deyil. Orda çevriliş cəhdindən sonra 100-dən çox jurnalist həbsdədir, çoxlu qəzetlər, televiziyalar bağlanıb... Bu cür tendensiyalar Azərbaycanda azadlıqları məhdudlaşdırmaq istəyənləri daha da həvəsləndirə bilərmi? Biz Trampın mediaya qarşı tövründən nə cür ruhlanacağıq? Bizi nə gözləyir? Bu sual çörəyi demokratiyadan çıxan və manata görə də qazancları devalvasiyaya uğrayan insanları daha çox maraqlandırır...
 
- Dünyada artıq izolyasanizm tərəfdarları qələbə çalmaqdadır. Ona görə də deyirəm ki, yeni mərhələ başlayır. Bundan sonra böyük dövlətlər daha çox öz problemləri ilə məşğul olacaq, nəinki Azərbaycanın problemləri ilə.
 
- Yəni Azərbaycandakı insan hüquqları, söz azadlıqları kimi məsələlərə reaksiya verməyəcəklər?
 
- Siz fikir verin, son vaxtlar Amnesty İnternational Təşkilatının, ya da Human Rights Watch təşkilatının bəyanatlarını eşidirsiz? Təkcə Azərbaycanla bağlı yox, digər ölkələrlə bağlı da yoxdur. Sanki onların fəaliyyətində də bir passivlik nümayiş olunmaqdadır. Avropa institutları tam iflic vəziyyətdədir. Çünki yeni dünya düzənində və yeni münasibətlər kontekstində bu təşkilatlar öz yerlərini tapa bilməyiblər. Onlar əski beynəlxalq münasibətlər sistemi üçün kəşf edilmiş təşkilatlar idi. ATƏT, Avropa Şurası... Hətta soyuq müharibədən doğan irs idi, qalmışdı. Yeni dünyaya da adaptasiya olunmuşdu. İndi isə dünya yenidən dəyişir. Biz SSRİ-nin dağılmasından sonra üçüncü dəfədir ki, dünyanın dəyişməsini müşahidə edirik. Dünyanın beynəlxalq münasibətlər sistemində daha bir dəyişim yaşanır.
 
- Sanki bu dəyişikliklərdən sevinclisiz...
 
- Əlbəttə sevincliyəm.
 
- Niyə axı?
 
- Çünki kataklizmlər az olacaq.
 
- Əksinə, çoxalıb. Dünya dağılır.
 
- Obama fəlsəfəsinin, demokratların hakimiyyətdə olduğu illərinin, həmin siyasətin nəticəsidir.
 
“Mən artıq 22 ildir jurnalistikadayam. Hər il də nəsə partladıram. Noldu, elə həmişə kimsə gətirib mənim qabağıma qoydu bu xəbərləri? Ya da servis elədi?”
 
- Yəni deyirsiz ki, Obamadan sonra hər şey müsbətə doğru dəyişəcək?
 
- Bilirsiz, Obamanı ağ atlı oğlan kimi gətirmişdilər. Nobel mükafatını aldı. Guya dünyaya sülh verəcək. Amma görün Suriyada nə baş verdi, dünyada nələr oldu...
 
- Müsəlman aləmi dağılır, qan içindədir. Hüseyn Barak Obamanın gəlişi ilə dünyada müsəlmanlar üçün ağır günlər yaşandı.
 
- Biz nədən qorxurduq, Rauf bəy? Ondan qorxurduq ki, Azərbaycanda ərəb baharı olar.
 
- Yəni sevincinizin səbəbi odur ki, kataklizmlər yığışacaq.
 
- Səbəb odur ki, mən Bakıda, mənim və övladımın başına bombalar yağmasını istəmirəm. Siz istəyirsiz bunu? Heç kim istəmir. Həyat onu göstərdi ki, istənilən Şərq ölkəsində demokratiya, liberalizm modelinin qurulması cəhdi böyük müharibələrə, dini faktorun fəallaşmasına, məscidin siyasətə gəlməsinə rəvac verən amillərdəndir. Suriya kimi dünyəvi dövləti görün nə etdilər? Radikal, vəhhabi, hakimiyyətdə olan ələvi - dini cərəyanların toqquşma arenasına gətirib çıxardı. Azərbaycan da bunun bir addımlığında idi.
 
- Siz dediz ki, yeni mühafizəkarlar gəlirlər hakimiyyətə. Azərbaycanda da suveren demokratiya modeli mövcuddur... Yəni proseslər qlobal olmayacaq...
 
- Suveren demokratiya modeli dövrü getdi. Biz ona “gözəl demokratiya” deyirik də. Bu, neft inkişafı, neft industriyası, ucuz neft pulları... O model getdi. Biz indi yeni bir modelin astanasındayıq.
 
- (zarafatla)Nə modelidirsə, deyin. Amma adını demokratiya modeli qoymağa tələsməyin.
 
- Bu artıq yeni mərhələdir. Ona görə də baxaq. Amma bir şey də var. Artıq Avropa Şurasının nümayəndələri prezidentin və ya hansısa dövlət rəsmisinin otağında “sizdə demokratiya ilə bağlı problem var, siz onu düzəltməlisiz”, deyə bilmir. Bu ritorika getdi.
 
“Avropa institutları tam iflic vəziyyətdədir”
 
- Bəlkə faydası olmadığını gördükləri üçün daha buna cəhd etmirlər?
 
- Xeyr, sadəcə həmin dövr getdi.
 
- Niyə ki? Bizim hələ də həbsdə yatan aktivlərimiz var. İnsan azadlıqları, söz azadlıqları ilə bağlı problemlər var.
 
- Razıyam. Amma əks-arqumentlər də var. Vatslav Havel İlham Əliyevə nəsə deyə bilərdi. Amma Zemon gəlib İlham Əliyevə nə deyə bilər? (gülür) İslamafobiya və antiislam çıxışları ilə fərqlənən adamdır.
 
- İlham Əliyev də çıxışında bu tezisləri açıq deyir... Bölüşürsünüz onun bu fikirlərini?
 
- Həqiqət təbii ki, İlham Əliyevin tərəfindədir. Bu gün siyasi və tarixi həqiqət İlham Əliyevin tərəfindədir.
 
- Bu sözlərdən sonra müxalifət sizə qarşı yenə hücuma keçəcək.
 
- Keçsin. Bizim işimiz nədən barətdir? Biz rəssamıq, hadisələri gördüyümüz kimi çəkirik.
 
- Rəssam demiş, siz bu günlərdə Tiflis kazinolarında da bir “rəsm əsəri” çəkmisiz...
 
- Doğurdan da... Nə məsələdir? O adam (söhbət Fərhad Qəribovdan gedir-müəl.)deyir ki, mən deyiləm.
 
- Foto, videokadrlar varmı? Siz anons vermisiz ki, davamı olacaq və sair.
 
- Bilirsiz, əslində hər şey təsadüfən oldu. Biz xəngəlxanada oturub xəngəl yeyirdik. Bir də gördük ki, bunlar gəldilər. Bizə orda dedilər ki, bunlar bir azdan kazinoya gedəcəklər.
 
- (dəqiqləşdirməyə çalışır) Bu, Tiflisdə baş verib? Tiflisdə açıq kazino var bəyəm?
 
- Bəli, əlbəttə. Və ora ancaq azərbaycanlılar gəlir.
 
“Akif Çovdarov, Eldar Mahmudov, Hilal Əsədov, Hacı Məmmədov və digər cinayətkarlar nəyə layiqdilərsə, onu da aldılar”
 
- Niyə? Gürcülərə qadağandır?
 
- Xeyr, sadəcə həvəskarlar azərbaycanlılardır. Görünür pul amili də var. Kazinonun qabağında Azərbaycanın dövlət nömrə nişanlı maşınları dolu olur. Ora da uduzmağa gəlirlər. Çünki kazinoda udan olmayıb.
 
- Bəzi kazinolarda çəkiliş qadağandır, içəri telefonla girmək olmaz. Bəs siz o kadrları necə çəkdiz?
 
- Telefonla, gizli.
 
- O kadrlar nə zaman üzə çıxacaq? Sanki anons verəndə bir az dadı qaçır belə söhbətlərin... Fərqli yozumlara səbəb olur.
 
- Açığı, əvvəl istəmədim ki, bu söhbət böyüsün. Amma sonradan o deyəndə ki, mən deyiləm, onda məcburən dedim ki, özüm çəkmişəm.
 
- (gülərək) Dedi, mən baxmamışam, amma ordakı mən deyiləm...
 
- (gülür) Hə, elə oldu.
 
- Eynulla bəy, bu dəyişən, dağılan, xəbəri köpüklənən dünyada Eynulla Fətullayevin iş rejimi, qrafiki necədir? Bayaq müsahibə başlamazdan əvvəl redaksiya ilə danışırdız, “filan xəbərə bax”, “o şəkli çıxar, o birini qoy” deyə tapşırıqlar verirdiz. Bu cür sıx qrafik sizdə gündəlik olaraq belədir, ya təsadüfən burda olanda belə sıxlıq yarandı?
 
- Gündəlik rejimdir. Bəlkə təvazökarlıqdan kənardır, amma bu, belədir. Bir dəfə Famil Cəfərli demişdi ki, mən belə işləyən iki redaktor görmüşəm - biri sən, biri Rauf bəydir. Həqiqətən də hərdən sosial şəbəkəni izləyirəm. Baxıram ki, səhər saatlarıdır, bir siz qalmısız, bir mən... Xəbər olanda məsləhətləşirik. Bu, artıq yeni mediadır, yeni iş rejimidir. Bəzi saytlar saat 17-də sanki dükanı bağlayıb gedirlər. Anlamırlar ki, bu, artıq sosial mediadır, onun saatı, fasiləsi yoxdur.
 
- Amma bir ara sanki saytın idarəsi sizdə deyildi.
 
- Həmişə məndə olub. Bir dəfə problemlər yarandı. Mən sadəcə etiraz xarakterli AzəRtac xəbərlərini verirdim. Kampaniya idi.
 
- Eynulla bəy, sizə bir açıq sual verəcəm. Bəzi insanlar, eləcə də həmkarlar iddia edir ki, Eynulla Fətullayevin eksklüziv xəbərlərinin qaynağı DTX sədri Mədət Quliyevlə yaxın dost olmasıdır. Belə bir proses varmı ki, sizə dövlətin hansısa strukturundan xəbərlər servis olunsun?
 
- Təbii ki, yox. Bilirsizmi, mən artıq 22 ildir jurnalistikadayam. Hər ay da nəsə “partladıram”. Noldu, elə həmişə kimsə gətirib mənim qabağıma qoydu bu xəbərləri? Ya da servis elədi? Jurnalistikada zəhmət olmalıdır. Zəhmət olan yerdə uğur da var. İşləyəcəksən, araşdıracaqsan, uğur da gələcək. Tiflisə tam başqa səbəb üçün getmişdim. Fərhad Qəribovun orda olması, mənim onu görməm təsadüf idi. Fortuna adama kömək etməlidir. Bu da fortunadır.
 
- Teymuraz Əliyevlə görüşünüz də təsadüfən olmuşdu deyəsən. Onda da başqa tədbir üçün getmişdiz Tiflisə.
 
“Bu məsələlərdə ən böyük itki verən, ən çox sarsılan da İlham Əliyevdir”
 
- Bəli, Mikloş Haraştinin dəvəti ilə tədbirə getmişdik. Bəlkə də qanunauyğunluqdur. Həyat onu göstərir ki, bəzi təsadüflər qanunauyğunluqdur. Mədət müəllimə gəlincə, mən onunla bağlı təyinata sevindim. Onu vicdanlı və peşəkar insan kimi tanıyıram. Ən azı o zaman məni həbsxanadan xilas etdi. Mədət Quliyev Pentensiar Xidmətin rəisi təyin olunmasaydı, bəlkə də məni öldürmüşdülər.
 
- Çox qəribədir ki, o şəbəkə ki, sizi həbs etmişdi, məlum oldu ki, Mədət Quliyev onlara qarşı olub. Çünki onu gətirib məhz həmin vəzifəyə qoydular, oranı təmizləmək, yenidən qurmaq üçün.
 
- O zaman 1 saylı cəzaçəkmə müəssisəsinin rəhbəri Qəhrəman müəllim - çox vicdanlı biri idi - mənə dedi ki, mən sənə karsda kamera hazırlayacam, ordan çıxma. Səni vura bilərlər. Çünki bu, ona da problem olardı. Mən bunu gözləyirdim açığı. Akif Çovdarov məni öldürtdürə bilərdi. Elşad Abdullayevə açıq demişdi ki, “həyatda bir səhvi özümə bağışlamayacam - Eynullanı niyə öldürmədim”. Elşad Abdullayevlə münasibətlər yaxşı deyil. Amma bunu o dedi. Mədət Quliyev Eynullanı xilas etdi. Əslində məni tanımırdı. Sadəcə, o, əsgərdir, prezident tərəfindən təyin olunmuş adam idi. Prezidentə həqiqəti söyləməliydi, söylədi. Mən görüşdə də demişdim ki, mənim hakimiyyətlə bir problemim yoxdur, sadəcə onun bir qolu ilə - MTN-dəki şəbəkə ilə problemim var. Bilirdim ki, bunlar gec-tez həbs olunacaqlar.
 
- Ürəyinizdən keçirmi ki, gedib Akif Çovdarovu türmədə ziyarət edəsiz?
 
“Bu gün siyasi və tarixi həqiqət İlham Əliyevin tərəfindədir”
 
- (zarafatla) Siz də ona qonaqlıq verəsiz? Masanın üstünə onun kimi viski qoyasız?
 
- (gülür) Yox, bu, çox ucuz qisas ola bilərdi. Həyat ümumiyyətlə bumeranqdır. Nə edəcəksənsə, o da qarşına çıxacaq. Mən fatalistəm o məsələlərdə. Sadəcə düşünürəm ki, Akif Çovdarov, Eldar Mahmudov, Hilal Əsədov, Hacı Məmmədov və digər cinayətkarlar nəyə layiqdilərsə, onu da aldılar. Mən vaxtilə deyirdim ki, siyasi hakimiyyət, prezidentin ölkədəki bir çox şeylərdən sadəcə məlumatı yoxdur. Ona yalan söyləyirlər. Bəzən hər şey göründüyü kimi deyil. Zaman göstərdi ki, mən haqlıydım. Bildiyimə görə, prezident Eldar Mahmudova çox inanırdı. Ona görə də 10 il boyunca Eldar Mahmudov o postda qaldı. Hesab edirəm ki, bu məsələlərdə ən böyük itki verən, ən çox sarsılan da İlham Əliyevdir. Mən məqalələrimdən birində yazmışdım ki, prezidentin keçirdiyi hissləri təxmin edə bilirəm. Ən çox inandığın, ən etibarlı adamın sənə xəyanət edir - bu, çox ağrılı bir haldır. İnsana kim xəyanət edə bilər? Yaxını. Bu, ədalətin təntənəsidir. Ölkəmiz, dövlətimiz üçün...