Çörək ikinci dəfə bahalaşa bilər - Şok təfərrüatlar

 
 
Səbəb taxıl məhsullarına ƏDV tətbiqinin yenidən aktuallaşmasıdır
 
Bu gündən etibarən çörəyin qiymətinin 10 qəpik bahalaşması müşahidə edilməkdədir. Hansı ki, su və elektrik enerjisinin qiymətindəki artımdan sonra gündəlik istehlak məhsulu olan çörəyin qiymətinin bahalaşması, cəmiyyətdə ciddi narahatlıq və narazılıq doğurmaqdadır.
 
Çörəyin bahalaşmasının doğurduğu ilkin şok və təəssürat aradan qalxmamış Politika.Az-a çörəyin qiymətinin ikinci kəs bahalaşa biləcəyi ilə bağlı informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, çörəyin qiymətinin növbəti dəfə artırılmasına səbəb taxil məhsullarına yenidən ƏDV-nin tətbiq edilməsi istəyidir. Belə ki, taxıl məhsulları üzərində ƏDV bir müddət əvvəl müvəqqəti olaraq ləğv edilsə də, qısa müddət sonra bu ləğvetmənin büdcə gəlirləri baxımından ciddi problem yaratdığı bəlli olub. Belə ki, taxıl məhsulları üzərində ƏDV-nin ləğvi hər il büdcəyə 50 milyon manat məbləğində ziyan vurur ki, bu da dünya bazarında neftin qiymətinin kəskin surətdə azalması və dünya iqtisadi böhranı səbəbi ilə ciddi maliyyə böhranı yaşayan rəsmi Bakı üçün heç də kiçik rəqəm deyil. Məhz bu səbəbdən də yaxın gələcəkdə taxıl məhsulları üzərində ƏDV-nin yenidən tətbiq edilməsi planlaşdırılır ki, bu da unun qiymətinin bahalaşmasına, nəticədə çörəyin qiymətinin artmasına səbəb olacaq.
 
Başqa sözlə desək, çörəyin ikinci dəfə bahalaşma ehtimalı var ki, bu ehtimalın reallaşması taxıl məhsullarına ƏDV-nin tətbiq edilməsindən asılıdır.