Con Kirbi: "Kerri Azərbaycanın demokratiya və insan haqları sahəsində atdığı müsbət addımları alqışlayıb"

ABŞ Azərbaycana Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan "Cənub qaz dəhlizi"nin yaradılması işində lider ölkələrdən biri kimi baxır.
"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbinin çərşənbə günü Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev ilə dövlət katibi Con Kerri
arasında baş tutan görüş haqqında məlumatında qeyd olunub.
Amerikalı diplomatın sözlərinə görə, Kerri ABŞ-ın Azərbaycanın regional ticarət mərkəzinə çevrilmək istiqamətində səylərini dəstəklədiyini ifadə edib. Kirbi bildirib ki, "o, həmçinin Azərbaycanın NATO və Əfqanıstandakı missiyalara verdiyi töhfələr, onun sülhməramlı əməliyyatlara göstərdiyi dəstək və terrorçuluqla mübarizədə mühüm roluna görə minnətdarlıq edib".
Onun sözlərinə görə, "Kerri demokratiya və insan haqları məsələlərinin müzakirəsi zamanı Azərbaycanın son vaxtlar bu istiqamətdə atdığı müsbət addımları alqışlayıb".
Dövlət Departamenti nümayəndəsi bildirib ki, görüşdə, həmçinin "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylər" müzakirə olunub.
"Dövlət katibi Kerri Birləşmiş Ştatların Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiq edib və qeyd edib ki, biz təmas xəttində və sərhəddəki gərginlikdən narahatıq. O bizim münaqişənin tərəflər arasında beynəlxalq hüquq, BMT Nizamnaməsi və Helsinki yekun aktı prinsipləri əsasında hərtərəfli nizamlanmasına nail olunması üzərində işə sadiq olduğumuzu qeyd edib", - deyə o əlavə edib.