​Cənnət kimi qüsursuz qadın: İllərin ona gücü çatmır - FOTO-VİDEO

Bu dünyada cənnət kimi qüsursuz bir qadın yaşayır. Bir-birini tələsik əvəz edən illər onun səsinə, simasına daha dərin gözəllik qatır. Əsl adı Helen Foloşade Adu olan bu “möcüzə qadın”ı biz Şade kimi tanıyırıq. Müğənnilikdən əlavə, mətn müəllifi, bəstəkar, prodüser, hətta aranjimançı kimi də fəaliyyət göstərir. Heç vaxt özünü diqqət mərkəzinə çəkmir. Həyatını öz inanclarına, doğrularına görə yaşayır. Öz tərzinə, musiqi zövqünə xəyanət etmir.
 
Şade dövrümüzün dəbdən düşməyən, öz sanbalını itirməyən əfsanəsidir. Ötən əsrin 80-ci illərinin ortalarında səhnəyə ilk addımlarını atan müğənni, öz cazibəsi, ekzotik musiqi seçimi, caz-soul tərzli mahnıları ilə milyonların ruhunu oxşadı. O eyni anda səhnənin həm toxunulmaz ilahəsi, həm də xəfif rəqqasəsinə çevrildi. Özünədək olan ideal qadın prototipini tapdayıb, yeni cərəyanın əsasını qoydu. Yaratdığı qrupla uzun illər sərbəst şəkildə fəaliyyət göstərib, qastrol səfərlərinə çıxdı.
Nigeriyalı ingilis Helen
1959-cu il, yanvar ayının 16-da Nigeriyanın İbadan şəhərində bir körpə dünyaya göz açır. Əslən nigeriyalı atası Bizi Adu, britaniyalı anası Enn Heys qızlarına Helen Folaşade adını verirlər. Helenin valideynləri Britaniyada tanış olub, evlənmişdilər. Nigeriyaya köçəndən sonra Bizi Adu yerli universitetlərin birində professor kimi fəaliyyət göstərir. Enn isə tibb bacısı işləyirdi. Qızlarının cəmi 4 yaşı olanda cütlük yola getməyib, ayrılmaq qərarına gəlir. İngilis ana ruh düşkünlüyü ilə qızını və oğlunu da götürüb, Britaniyaya qayıdır. Burada övladlarını mükəmməl təhsillə təmin edir.
 
Helen, yəni Şade uşaqlıqdan dəb, rəqs, atçılıq, ifaçılıqla məşğul olmağa başlayır. Hətta özünə at alıb, dərsdən sonra çalışıb, onun qidasını, qalacağı yeri təmin edirdi. Ali təhsilini Londonun Sent-Martin kollecinin geyim dizayneri ixtisası üzrə tamamlayır. Əslində hər kəs onun bu sahəni davam etdirəcəyini gözləyirdi. Lakin səhnə, musiqi onun qəlbinə hakim kəsilmişdi. Özünə moda evi açan gənc dizaynerin biznesi istədiyi kimi getmir. Əlini bu işdən tam üzən cazibədar qız özünü fotomodel kimi sınamağa başlayır.
 
1983-cü ildən yaradıcılıq yoluna qədəm qoyan Şade "Epic Records" səsyazma studiyası ilə müqavilə imzalayır. Meneceri ilə birgə “Sade” (Şade) qrupunu yaradır, özü də bu təxəllüsü götürür. Musiqisi və sözləri özünə məxsus albomlar yazdırır. 1985-ci ildə hətta “Təcrübəsizlər” filmində rol alır. 1986-cı ildə İspaniyanın paytaxı Madridə köçür. 3 ildən sora isə tanınmış ispan kinorejissoru Karlos Skolayla ailə qurur. Lakin bu nikah uğursuz olur. 1 il sonra cütlük boşanır. Əfsanə qadın yenidən Londona dönür. 90-cı illərin əvvəllərində Yamaykaya köçən müğənni Bobbi Morqan adlı prodüserlə tanış olur. 1996-cı ildə onların Mixaila İlu adlı qızları doğulur. Hazırda 22 yaşı olan İlu bir neçə il öncə lesbiyan olduğunu vurğulayaraq, cinsini dəyişib. Müğənninin şəxsi həyatını gizli saxlamağının səbəblərindən biri də yəqin ki, budur.
 
 
Şade həmçinin mütəmadi olaraq xeyriyyə tədbirlərilə çıxış edir, dünyanın diqqətini qaynar nöqtələrə yönəltməyə çalışır.
Bu gün Şade Londondakı evində yaşayır. Köhnə dostlarının əhatəsində zaman keçirməyi və musiqiləri kimi sakit həyatı sevir. "Mersedes" markalı köhnə avtomobilinə belə xəyanət edib, yeniləmək istəmir. Siqaret çəkməkdən yaxa qurtarmağa çalışsa da, bu zərərli vərdiş ondan əl çəkmir.
 
Şade müsahibələrdən ən çox qaçan müğənnilər sırasındadır. O düşünür ki, dinləyiciləri onun həyatı haqda məlumatı musiqilərindən əldə edə bilərlər. Lakin müğənnin bu mühafizəkarlığı London KİV-nin hiddətinə səbəb olur və haqqında müxtəlif şaiyələr yayılırdı.
 
Nadir hallarda albom yazdıran soul ifaçısı düşünür ki, mahnı yaranan kimi onu alboma çevirmək olmaz. Çünki musiqilər də insanlar kimi böyüyüb, müdrikləşməlidirlər. Geyim tərzində isə minimal əşyalardan istifadə edərək maksimal nəticəni əldə etməyə üstünlük verir. Onun sitata çevrilən cümləsi isə təxminən belə səslənir: "Deməyə söz tapmırsınızsa, susun!”
Leyla Sarabi

Загрузка...
Загрузка...