“Cənab prezident, ölkə dibə gedir”: qiymət qalxır, əhali batır - Reaksiya

 
Azərbaycanda iqtisadi vəziyyət gerçəkdən də acınacaqlıdır. Ölkənin maliyyə sisteminin çöküşü barədə az qala hər gün yazırıq.
 
Politika.Az respublikada qiymətlərin qalxması, manatın ölməsi, işsizlik, ixtisarlar, bankların bağlanması, əhalinin borc içində boğulmasından yazır. Amma hökumət komandası işlək deyil.
 
Hakimiyyət antiböhran tədbirləri həyata keçirmək istəmir. Təkcə prezident İlham Əliyev real islahatlar həyata keçirir, fərmanlar verir, məmurlara xəbərdarlıq edir.
 
Güc strukturları istisna olmaqla, hökumətdə hamının əvəzinə prezident İlham Əliyev işləyir.
Dünya tarixində bundan da ağır iqtisadi böhranlar olub, hökumətlər bundan da çətin vəziyyətlərdən çıxıblar. Böhran öz-özlüyündə dəhşətli bir şey deyil. Dəhşətli odur ki, ölkə iki ildir, 2014-cü ilin payızından israrla dibə gedir.
 
Politika.Az xəbər verir ki, sabiq deputat Gültəkin Hacıbəyli da ölkədəki iqtisadi vəziyyətə görə üsyan edib: “Özünə hökumət deyən bu nəsnə nədirsə, barmağını barmağına vurub bircə ağlabatan iş görməyib ki, batan gəmini xilas etsin.
 
Bu iki il ərzində yalnız üç iş görüblər: manatı dəyərdən salıb böhranın bütün ağırlığını əhalinin belinə yükləyiblər. Kütləvi ixtisarlarla yenə də öz yüklərini azaldıb camaatı çörəksiz qoyublar. Taxıla, pambığa və s. bu kimi layihələrə böyük pullar ayırıb mənimsəyiblər.
 
Nəticədə nə taxıl var, nə pambıq, nə də pul. Qiymətlər qalxır, əhali batır, banklar batır, maliyyə sistemi batır, ölkə sistemli iqtisadi iflasa gedir”.
 
AXCP sədri Əli Kərimli isə iqtisadi durumu belə şərh edib: “Hakimiyyəti zəbt etmiş bir qrup oliqarxın, "iribuynuzlu" məmurun Beynəlxalq Bankdan kredit adı ilə götürüb qaytarmadığı, böyük bir hissəsi ofşor hesablara daşınmış 10 milyard manat tədricən xalqa ödətdiriləcək. Budur Azərbaycandakı analoqsuz idarəetmə.
 
Kasıbı 5-10 min manat kreditə görə dünyaya gəlməyinə peşman edirlər, intihara sövq edirlər, özləri isə 100 milyonlarla, milyardlarla manat məbləğində krediti mənimsəyib, üstündən də su içirlər. Bütün bunlar bir ölkənin dövlət səviyyəsində talan edilməsi deyilsə, bəs nədir?”

Загрузка...
Загрузка...