Cəmiyyətdə qərbpərəstlərin, yoxsa rusiyapərəstlərin mövqeyi güclüdür?

Qarabağ cəbhəsində son müharibə balansın kimin ziyanına pozulduğunu ortaya çıxarıb
Azərbaycanda öz maraqlarını tam reallaşdırmaq uğrunda Rusiya ilə Qərbin mübarizəsi davam edir. Ekspertlər bildirir ki, bu mübarizədə Qarabağ kartından xüsusi istifadə edilir. Azərbaycan cəmiyyətində isə nə Rusiyaya, nə də Qərbə münasibət birmənalı deyil.
Azərbaycan cəmiyyətində qərbpərəstlərin yoxsa, rusiyapərəstlərin mövqeyinin daha güclü olduğunu, Qarabağdakı son müharibəyə Rusiyanın məlum şəkildə  müdaxiləsinin cəmiyyətdə rusiyapərəstlərin mövqeyinə nə cür təsir etdiyini araşdırmaq üçün siyasi ekspertlərə müraciət etdik.
Siyasi ekspert Bəxtiyar Hacıyev bildirdi ki,  2012-2014-cü illər arasını çıxsaq, son 10-15 ildə Azərbaycan cəmiyyətində Qərbə rəğbət Rusiyaya rəğbətdən daha çox olub: “Hər gün insanlar Qərb ölkələrinə səyahət edir, hər il minlərlə gənc ABŞ və Avropada təhsil alır, müxtəlif təlimlərdə, düşərgələrdə, layihələrdə iştirak edirlər və Qərb ölkələrinin inkişafını, azadlığı hiss edir və yaşayırlar, Azərbaycandakı dostlarına, yaxınlarına, ailə üzvlərinə bu barədə danışırlar. Yalnız 2012-2014-cü illərdə Rusiya Azərbaycanın Gömrük İttifaqı və Avrasiya Birliyinə daxil olması üçün mediada, sosial şəbəkələrdə güclü təbliğat aparmışdı və ictimai rəydə xeyli rəğbət qazana bilmişdi. Bir sıra insanlarda Rusiyanın Qarabağ məsələsində heç olmasa Ermənistanın yanında olmayacağına, Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş 7 rayonun geri qaytarılması üçün Ermənistana təsir göstərəcəyinə ümid yaranmışdı. Ancaq cəbhədəki son gərginlikdən sonra Rusiya Azərbaycan cəmiyyətində Qarabağın işğalının birbaşa dəstəkçisi kimi qəbul edildi, ümidlər öldü”.
B.Hacıyevin sözlərinə görə, cəmiyyətdə, sadə insanlar arasında qərbpərəstlərin sayı daha çox olsa da dövlət qurumlarında yüksək vəzifələrdə çalışan şəxslər arasında mənzərə tam əksinədir. Rusiyaya yaxın və Rusiyaya bağlı şəxslər kifayət qədər güclü, nüfuzlu, səlahiyyətlidirlər.
Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı da hesab edir ki, Azərbaycan cəmiyyətində rusiyapərəstlər əsasən hakimiyyət düşərgəsində təmsil olunan ayrı-ayrı şəxslərdir: "Cəmiyyətdə Rusiyaya kor-koranə inananlar son dövrlər var idi. Bu da son illərdə aparılan təbliğatın təsirindən qaynaqlanırdı. Aprelin ilk günlərində Qarabağ cəbhəsində başlanan və Azərbaycan ordusunun irəliləməsi ilə müşahidə olunan müharibəyə Moskvanın açıq-aşkar müdaxilə edərək Ermənistanın məğlubiyyətinin qarşısını alması Azərbaycan cəmiyyətində Rusiyaya ümid bəsləyənlərin ümidlərini yerlə bir etdi. Artıq cəmiyyətdə Rusiyaya inam qalmayıb. Rusiyapərəst məmurlar isə hələ iş başındadırlar. Azərbaycanda cəmiyyətdə Qərbə inteqrasiya tərəfdarı olanların sayı daha çoxdur. Hakimiyyətdə isə Rusiyaya yaxınlaşma xəttinin tərəfdarları kifayət qədərdir". (musavat.com)