Əcəm qardaşlığı və ya Türkiyə ilə İranı barışmağa məcbur edən amillər...

2007-ci ildə Amerikanın İrana hücum edəcəyi iddiaları dünya gündəmini zəbt edəndə Türkiyənin o zamankı prezidenti Abdullah Gül İranla bağlı maraqlı bir fikir demişdi. Abdullah Gül demişdi ki, İran və Türkiyə arasında sərhədləri müəyyən edən anlaşma (1639-cu il Qəsri-Şirin anlaşması) imzalananda ABŞ dövlət olaraq dünya xəritəsində yox idi. Bu, əslində iki ölkə münasibətləri ilə bağlı mühüm bir nöqtə idi.
Yaxın Şərqin iki böyük imperiyasının varisi olan əcəm (ərəb olmayan, orta əsrlərin məşhur kəlamı – K.R.) ölkələri arasında rəqabət indi də davam edir. Əslində ötən 500 ildə qısa fasilələri çıxmaqla heç zaman dayanmadı. 21-ci əsrin əvvəllərində nisbətən yaxşılaşan Türkiyə-İran münasibətləri “ərəb baharı” sonrası, xüsusən də Suriya hadisələri ilə yenidən pisləşdi. Daha sonra İraq və son olaraq Yəmən hadisələri Ankara və Tehranı yenidən “səngərin” əks tərəfinə atdı.
Amma hər nə qədər soyuq və rəqabətli münasibətlər olsa da, bu iki dövlət tarixin ən mürəkkəb dönəmlərində anlaşıb və ya anlaşmağa məcbur qalıb. İndi də elə oldu. İstanbulda Türkiyənin ev sahibliyi elədiyi İslam Əməkdaşlıq Təşkilatı sammitində İran əleyhinə qətnamə böyük rezonans doğursa da, Türkiyə İranla bütün əlaqələri qırmaq istəmədi. Bunun real-politik səbəblərini qarşıda qeyd edəcəyik.
İslam Əməkdaşlıq Təşkilatı liderlərinin İstanbul sammitindən iki gün sonra İran prezidenti Həsən Ruhani aprelin 16-da Türkiyəyə rəsmi səfərə gəldi. İran prezidenti Ankarada Prezident sarayında yüksək səviyyədə qarşılandı. Gözlənildiyi kimi liderlər çox isti mesajlar verdilər.
İran və Türkiyə prezidentləri sarayda 1 saat ikili görüş keçiriblər, daha sonra danışıqlar heyətlərin iştirakı ilə davam etdirilib. Türkiyə və İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 3-cü toplantısı keçirilib. Həsən Ruhani İstanbul İƏT sammitindəki anlaşılmazlıqla bağlı deyib ki, onlar İƏT-də müsəlman ölkələrində əməkdaşlığın güclənməsi və Fələstin probleminin həll olunması üçün iştiraklarını davam etdirəcəklər.
Eyni zamanda deyib ki, İƏT-in əsas missiyası dünyaya sünni və ya şiə deyil, müsəlman olmanın mesajını verməkdir.
Türkiyə prezidenti isə çıxışında görüşdə regional məsələləri müzakirə etdiklərini, Suriya və İraq mövzusunda fikir ayrılıqları olsa da, təməl prinsiplərdə iki ölkə arasında fikir ayrılığının olmadığını bildirib. Maraqlıdır ki, liderlər mətbuat konfransında region ölkələrinin ərazi bütövlüyünə vurğu ediblər, sərhədlərin dəyişilməməsi ilə bağlı ortaq mövqedə olduqlarını bəyan ediblər.
İqtisadi əməkdaşlıq mövzusunda da Ankara və Tehran arasında çox ciddi anlaşmalar imzalanıb. 8 sahədə anlaşma imzalanıb. Türk iş adamlarına İrana viza sadələşdirilməsi, mədəniyyət, təhsil sahəsində əməkdaşlıq mövzularında bir sıra anlaşmalar əldə olunub.
2012-ci ildə 21 milyardlıq ticarət dövriyyəsi 2015-ci ildə 9 milyarda düşüb, ancaq Ankarada liderlər bu rəqəmin tezliklə 30 milyarda qaldıracaqlarını deyiblər. Həsən Ruhani Türkiyənin enerji təhlükəsizliyini təminat altına alacaqlarına da söz verib.
Təbii ki, bütün bunlar rəsmi görüşdə verilən bəyanatlar olduğundan, bəzən söz olmaqdan o tərəfə keçməməsi ehtimalı da var. Amma məsələ ondadır ki, indi şərtlər iki ölkəni yaxınlaşdırır. Məlum olduğu kimi, Suriya, İraq və Yəmən mövzusunda İran və Türkiyə arasında kəskin fikir ayrılığı var və faktiki olaraq Suriyada iki ölkə əks cəbhələrdə dayanaraq, savaşırlar. Digər tərəfdən, Türkiyə Yəmən və İraq mövzusunda İranı sərt şəkildə tənqid edib, Tehranı məzhəb bölücülüyündə və gərginliyi artırmaqda ittiham edib. Məlum olduğu kimi, hazırda sadalanan böhranların heç biri həllini tapmayıb. Savaş və gərginlik davam edir. O zaman Tehran və Ankaranı yaxınlaşmağa vadar edən daha önəmli səbəblər olmalıdır.
İlk növbədə hər iki dövlətin liderləri anlayır ki, bölgədə bu qədər düşmənçilik və nifrətin sürətlə böyüməsi bölgəni, müsəlman dünyasını fəlakətə aparır. Münasibətlərdəki gərginlik sürətlə dərinləşir və artıq İslam Əməkdaşlıq Təşkilatı kimi böyük qurumlara sirayət edir. Hər nə qədər ərəb ölkələri ilə müttəfiq olsa da, Qəsri-Şirin anlaşması imzalanarkən müsəlman dünyası adına iki dövlət vardı – Osmanlı və Səfəvi imperiyaları... İndi də açıq deyilməsə də, müsəlman dünyasının əsas aparıcı gücü bu iki ölkədir. Güc isə həm də məsuliyyətdir, dolayısı ilə İƏT və müsəlman dünyası daxilindəki birlik və bütünlüyün pozulması hər nə qədər rəqabətdə olsalar da, ilk növbədə bu ölkələri narahat edir.
Türkiyə və İranı anlaşmaya sövq edən daha bir mühüm məqam Yaxın Şərqdə sərhədlərin dəyişməsi qorxusudur. Son illərin hadisələri, xüsusən də son bir ildə Suriya və İraqda baş verənlər göstərdi ki, Qərb, xüsusən də Amerika regionda kürdlərlə yaxından əməkdaşlıq edir və İraqda, eləcə də Suriyada yeni kürd idarəçiliyi meydana çıxa bilər. Bu günlərdə İraq kürdlərinin lideri Məsud Bərzani Qərb paytaxtlarının kürd dövləti yaradılmasına soyuq yanaşmadığını açıq şəkildə bəyan etdi. Bura Amerikanın Suriya kürdlərinə böyük dəstəyini əlavə etsək, mövzunun ciddiyyəti aydın olur. Bir neçə ay əvvəl ABŞ-ın dövlət katibi Con
Kerrinin də Amerikanın Suriya ilə bağlı “B planı” olduğunu və Suriyanın federal subyektlərə bölünə biləcəyini deməsi, ortada hansısa ciddi planların olduğunu göstərirdi.
Təbii ki, kürd məsələsi Yaxın Şərqin 4 ölkəsini – Türkiyə, İran, İraq və Suriyanı təhdid edir. İraq və Suriyada kürdlərin artıq gücə çevrildiyini nəzərə alsaq, növbəti hədəfin Türkiyə və İran olduğunu demək olar. Türkiyədə artıq cənub-şərq vilayətlərində kürd terroru baş qaldırıb. Aydın məsələdir ki, Suriyadakı PYD/YPG o bölgəyə nəzarət etdikcə Türkiyənin ərazi bütövlüyü üçün təhdidə çevrilir. Hətta anlaşma olsa belə, Suriyada kürd muxtariyyətinin yaranması Türkiyə üçün başağrısı olaraq qalacaq.
Bütün bu sadaladıqlarımız və daha bir neçə amil Türkiyə və İranı indiki mərhələdə “barışıq qəlyanı çəkməyə” vadar edir. Əks təqdirdə, yaxın illərdə, aylarda bölgədə xaos və nifrətə dönmüş rəqabət geniş vüsət ala bilər. Bu səbəbdən də Ankara və Tehran keçmiş rəqabət və düşmənçiliyi unudub, ən azı ümumi mövzularda ortaq nöqtəyə gəlməyə çalışır.