Cəlilabad Müalicə və Diaqnostika Mərkəzinin baş həkiminin psixoloji problemi var? - təfsilat

Və ya Eldar Hacıyevin telefonla danışmaq mədəniyyətinin belə aşağı səviyyədə olmasının səbəbi nədir?
Ötən günlərdə Cəlilabad Müalicə və Diaqnostika Mərkəzində özbaşınalığın pik həddə olduğu, mərkəzin direktoru Eldar Hacıyevin sözün həqiqi mənasında korrupsiya şəbəkəsi yaratdığı barədə məlumat vermişdik. Politika.Az xəbər verir ki, baş həkim həkimlərdən pul yığmaq üçün «qarovulçu» sistemi belə yaradıb.
Həmin məlumatda vurğulanırdı ki, Eldar Hacıyev USM və tomoqrafiya şöbələrinin qapıları ağzına özünün ən yaxın adamlarını qoyub. Onların vəzifələri bu otaqlara girən xəstələrin sayını və adını yazmaqdan ibarətdir. Belə ki, hər bir xəstə adını qohumların dəftərinə yazdırır və ardından da içəri daxil olurlar. Bununla da baş həkim gün ərzində neçə xəstənin USM və ya tomoqrafiya otağına girməsindən xəbər tutur və günlük pulu müəyyənləşdirir. Adını dəftərə yazdıran xəstələrin verdikləri 1 manat isə qohumlara çatır.
Bundan başqa, analoji vəziyyət Cəlilabad Müalicə və Diaqnostika Mərkəzinin kadrlar şöbəsinin qarşısında da yaşanır. Belə ki, baş həkimin Vüsalə adlı qohumu orada əyləşir və əsas funksiyası da bu şöbəyə nəzarət etməkdən ibarətdir.
Ortaya çıxan sənədlərdən isə məlum olur ki, Eldar Hacıyev təkcə bu yolla pullar qazanmayıb. O, həmçinin dövlət büdcəsindən ayrılmış vəsaitləri də özünküləşdirməyə nail olub. Məsələn, hər il təmir xərcləri adı altında ayrılmış 10 min manatın nəyə sərf olunduğunu bilən yoxdur. Və ya günlük qida xərclərinin 8 min manat göstərilməsi isə nonsensdir. Ona görə ki, Azərbaycanda elə bir xəstəxana yoxdur ki, ora daxil olan xəstələrə verilən yeməklərin ümumi dəyəri bu qədər təşkil etsin. Yəni, Eldar Hacıyev işin ağını çıxarıb.
Politika.Az xəbər verir ki, işin ən ilginc tərəfi odur ki, baş həkim dəftərxana ləvazimatlarına astronomtik rəqəmdə pul ayırtdırıb. Belə ki, Eldar Hacıyev bir il üçün bu məqsədlə 43 min manatlıq dəftərxana ləvazimatı aldırıb. Əslində, bu qədər pul silinib, pullar da elə baş həkimin cibinə gedib.
Məsələ ilə bağlı Eldar Hacıyevlə əlaqə saxlayıb, mövqeyini öyrənməyə çalışdıqda isə qəribə mənzərəylə üzləşik. Deməli, Politika.Az-ın əməkdaşı baş həkimə zəng edib. İlk əvvəl «Məni niyə narahat edirsiniz?» - deyib telefonu qapatsa da, bir neçə dəqiqə sonra özü zəng edərək, «Mənim nömrəmi sizə kim verib?» deyə sual ünvanladı. Cavabımızdan sonra «Gedin başınızı divarlara çırpın, axmağın biri axmaq. Siz məni hələ yaxşı tanımırsınız»- deyib telefonu qapatdı.
Qeyd edək ki, böyük bir mərkəzin baş həkiminin belə şəkildə danışması çox təəssüfləndiricidir. Bu adam hələ anlamır ki, jurnalist cəmiyyətin nümayəndəsidir və onun bir baş həkimin telefonunu tapması elə də çətin məsələ deyil. Üstəlik, mətbuat da cəmiyyətin aynasıdır. Yəni, bizim vəzifəmiz neqativliyi görüb təqdim etmək, ictimaiyyətin diqqətinə çatdırmaqdır. Eldar Hacıyev isə hələ də anlaya bilməyib ki, mətbuat nədir. Və bəla burasındadır ki, elə rəhbəri olduğu qurumu da məhz bu ağılnan idarə edir.
Bizdə belə bir şübhə var ki, Eldar Hacıyevin yaşından dolayı psixoloji problemləri var. İnsan niyə durub, durduğu vəziyyətdə ona zəng edən adamı təhqir etməlidir ki? Və ya tanımadığı, özü də jurnalistə niyə «axmaq» deyə xitab etsin ki? Belə başa düşürük ki, Cəlilabad Müalicə və Diaqnostika Mərkəzinin rəhbərinin əsaslı şəkildə müalicəyə ehtiyacı var. Əks təqdirdə, onun psixoloji problemləri xəstələri və işçilərinə də sirayət edə bilər.