Çinlilər qulaqlarına inanmadılar: Çenduda Azərbaycan sehri - FOTOLAR

Baxış sayı: 
148

Şərqin ilk demokratik respublikası Azərbaycan Xalq Cumhuriyyətinin 100 illlik yubileyi dünyanın bir çox ölkəsində təntənəli şəkildə qeyd olunur. 16 mart tarixində Çin Xalq Respublikasının ən böyük şəhərlərindən olan Çenduda bu münasibətlə Azərbaycan günü keçirdilib. Tədbir çərçivəsində şəhərin ən böyük teatr səhnələrinin birində "Sehirli Azərbaycan musiqisi Sıçuanda" adlı maraqlı konsert də baş tutub. Fransanın caz akademiyasında təhsil alan cazmen, bəstəkar və pianoçu Etibar Əsədli tədbir haqda Publika.az-a danışıb:
 
 
"Konsert böyük uğurla baş tutdu. Azərbaycanın Çindəki səfiri cənab Əkrəm Zeynallı da başda olmaqla, səfirliyin əməkdaşları, digər soydaşlarımız, eləcə də şəhər sakinləri ifamızı dinləməyə gəlmişdilər. Proqrama əsasən caz-muğam və muğam ifaları daxil edilmişdi. 90 dəqiqəlik konsertin bir saatını tarda Şəhriyar İmanov, zərb alətlərində Elvin Bəşirov, bas-gitarada isə Ruslah Hüseynovun müşaiyətilə mən ifa etdim. Fikrət Əmirovun “Lay-lay”, mənim “İthaf”, “Week-end”, xalq mahnılarımız “Qara qaşın vəsməsi”, ”Əlində sazın qurbanı” və Şəhriyar İmanovun “Ağlayan şəlalə” kompozisiyalarını səsləndirdik. Konsertin ikinci hissəsini ənənəvi muğam triosu davam etdirdi. Ümumiyyətlə, Cumhuriyyətimizin 100 illik yubiley konsertindən böyük təəssüratlarla ayrıldıq".
 
 
Qeyd edək ki, xanəndələr Hüseyn Məlikov, Nigar Şabanova, tarzən Kamal Nuriyev, kamança ifaçısı Ceyhun Muradovun təqdimatında səslənən muğamlar, xalq mahnılarımız, müsəlman Şərqinin ilk operası “Leyli və Məcnun”dan parçalar, “Şahnaz” təsnifi, “Qarabağ” şikəstəsi musiqisevərlərin zövqünü oxşayıb.
 
 
Çendu şəhərində ilk dəfə baş tutan Azərbaycan gecəsi çinli tamaşaçıları sözün əsl mənasında musiqimizin sehrinə salıb.
Leyla Sarabi

Загрузка...
Загрузка...