Cəhənnəmə açılan QAPILAR: ərəb küçələri, yoxsa AMERİKA DOSTLUĞU?

Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə ABŞ prezidenti Donald Trampın qərarı islam dünyasında hiddətlə qarşılandı. İslam dünyası hesab edir ki, Birləşmiş Ştatlar fələstinlilərin hüquqlarını məhdudlaşdırır və BMT Təhlükəsizlik Şurasının Qüdslə bağlı qətnaməsini pozur. Vaşinqtonun diplomatik addımı Amerikanı Yaxın Şərqlə üz-üzə qoya bilər.
Cəhənnəmə açılan qapı
HƏMAS hərəkatı 8 dekabr tarixini “Qəzəb günü” adlandırdı. Təşkilat hesab edir ki, Tramp Qüdsü İsrailin paytaxtı kimi tanımaqla “cəhənnəmin qapılarını” açıb. Fələstin lideri Mahmud Abbasın ittihamları bir az yumşaq idi. Siyasətçinin sözlərinə görə, Amerika prezidenti özünü Fələstin problemi üzrə vasitəçi kimi etibardan saldı və sülh prosesində daha iştirak edə bilməyəcək.
Hiddət Fələstinin hüdudlarından sürətlə kənara yayıldı. İordaniya Birləşmiş Ştatların qərarını “beynəlxalq hüququn pozulması” adlandırdı. Amerikalıların regiondakı əsas müttəfiqlərindən olan Səudiyyə Ərəbistanı Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə qərarını “məsuliyyətsiz və sübutsuz addım” hesab etdi.
 
 
Amerika ilə Avropa ölkələri də razı deyillər. “Köhnə qitə”nin 4 ölkəsi - Fransa, Böyük Britaniya, İtaliya və İsveç BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsi tələbi ilə çıxış etdi. Paris və Londonun çağırışına Uruqvay və Misir də qoşuldu. Qüdsün status haqqında məsələdə Vaşinqtonun tərəfində heç kəs dayanmadı.
Yaxın Şərq terror aktlarına hazırlaşır
Birləşmiş Ştatlar və müsəlman dünyasının münasibətlərində kəskinləşmə yalnız ABŞ deyil, həm də avropalılar üçün təhlükə yaradır.
Yaxın Şərq və Şimali Afrikanın müasir tarixi üzrə rusiyalı mütəxəssis Qriqori Lukyanov hesab edir ki, Qüdsün İsrailin paytaxtı tanınması yalnız sosial həyəcanlar deyil, həm də amerikalılar və avropalılara hücumlarla nəticələnə bilər. Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Boris Dolqov da həmçinin hesab edir ki, Yaxın Şərq və onun hüquqları xaricində yeni terror aktlarının riski yüksəlib.
Lukyanov qeyd edir ki, İŞİD Qəzza və İordan çayının qərb sahilində heç vaxt “rəsmi” şəkildə olmasa da, bu ərazilərdə terror təşkilatının tərəfdarları var. Bundan başqa, ekspert bildirir ki, artan təhlükə yalnız İŞİD, yaxud da “Əl-Qaidə” ilə bağlı deyil. Onun sözlərinə görə, yaranmış şərtlərdə hiddətlənən ərəb radikal siyasi gücləri İsrailə qarşı ayağa qalxa bilərlər. Lukyanovun fikrincə, bu, Yaxın Şərqdə çoxsaylı ekstremist qruplaşmalar üçün əlavə şans yaradır.
 
 
Eyni zamanda, ABŞ-ın qərarı regionda Vaşinqtonun prinsipial rəqibi – İran üçün sərfəlidir. Tehran illər boyunca iddia edir ki, Ağ Ev müstəqil dövlətlərini yaratmaq ümidi ilə yaşayan fələstinliləri bu ümiddən məhrum etməyə çalışır. Qüdsün statusu ilə bağlı amerikalıların yeni yanaşması müsəlman dünyasında İranın nöqteyi-nəzərini təsdiqləyir.
Ölkə daxilində siyasi manevrləri məhdudlaşdırılan Donald Tramp, mümkündür ki, Respublikaçılar Partiyasının daxilində öz rəqibləri ilə razılaşma əldə etmək üçün belə bir qərar qəbul etdi. Prezidentin çoxdankı tənqidçiləri - senator Lindsi Qrem və Nümayəndələr Palatasının spikeri Pol Rayan müqəddəs şəhərin statusuna yenidən baxılmasını qızğın dəstəklədilər.
 
 
“Belə ziqzaqlar böyük dövlətin obrazına uyğun deyil və buna görə də ağlasığmazdır. Beləliklə, Vaşinqton və müsəlman dünyası arasında münasibətlərdə çətinliklə həll olunan daha bir ziddiyyət görünür”, - Boris Dolqov əmindir.
Səudiyyə Ərəbəsitanı üçün risklər
Hadisələrin belə inkişafı Yaxın Şərqdə ABŞ-ın əsas müttəfiqi olan Səudiyyə Ərəbistanı üçün riskləri artırır. Bu il Amerika şirkətləri ilə 110 milyard dollarlıq rekord müqavilələr bağlayan Ər-Riyad ABŞ-a nifrət edən ərəb küçəsi və Amerika dostluğu arasında ümumi məxrəci axtarmağa məcburdur.
 
 
Səudiyyə Ərəbistanının Məşvərət Şurasının (qanunverici orqan –red.) xarici əlaqələr komitəsinin başçısı Zahir əl-Haris “Sputnik” agentliyi ilə söhbətində Trampın qərarını “faciəli” adlandırıb.
“Sözsüz ki, Tramp Səudiyyə Ərəbistanını olduqca çətin vəziyyətdə qoydu. Hərçənd uzun müddətdir Səudiyyənin hakim sülaləsinin maliyyə resursları Qərblə dostluğa görə ona dəyən mənəvi zərəri minimallaşdırmağa imkan verirdi. Bu günlərdə yayılan informasiya var ki, Səudiyyə Ərəbistanı xüsusi xidmət orqanlarının da iştirakı ilə İrana qarşı İsraillə əməkdaşlıq edir. İndi Tramp Səudiyyənin siyasətinə bu istiqamətdən zərbə vurur”, - Dolqov yekunlaşdırıb.
Ömər Dağlı

Загрузка...
Загрузка...