“Cəfər Cabbarlı Sevilin çarşabını alıb Balaşın sifətinə çırpırmış”- TARİX

Baxış sayı: 
171

 
 
 
Moderator.az böyük Azərbaycan dramaturqu, ədibi Cəfər Cabbarlı və onun ən istedadlı kadrlarından olan ilk kino aktrisamız İzzət orucova haqqında tarixi faktları təqdim edir.
 
Cəfər Cabbarlı “Hara gedir Azərkino” adlı məqaləsində yana-yana yazırdı: “Azərkinonun rəhbərlərinə sual verəndə: nə üçün sizdə fabrikin nəzdində yerləşən mətbəədə ikisi yenicə işə götürülmüş dörd mürəttibdən biri də türk deyil və türk yazıları bu dili bilməyənlər tərəfindən elə təhrif olunur ki, “gözəl qızlar”-“gözəl qozlar” kimi yazılır? Cavab verirlər ki, türk mürəttibləri yoxdur. Əslində burada türk mürəttibi özü üçün gəzir və nərd oynayır.
Soruşanda ki, nə üçün Sizdə türk qadını rolunda türk qadını çəkilmir, deyirlər türk qadınları yoxdur. Lakin elə buradaca, fabrikdə türk qadını Orucova makinaçı işləyir. Azərkinonun türk olmayan 125 işçisinin içərisində həmin 8-9 türkdən biri, gözəl aktrisa İzzət Orucovanı makinaçı işlətmək nə dərəcədə doğrudur?! “Kişi rollarına aktyorlar nə üçün Moskvadan, Leninqraddan, Xarkovdan dəvət olunur?” sualına isə heç kəs aydın cavab verə bilmir və direktor rejissorun, rejissor operatorun, operator rejissorun üstünə yıxır. Azərkinonun öz siması yoxdur. O, özünün şəxsi yaradıcılıq simasını tapmalıdır”.
 
 
Amma Cəfər Cabbarlı sonradan istəyinə çatır. İzzət Orucovanı min bir əziyyətdən sonra böyük kinoya cəlb edir. Filmimizin ilk aktrisası olan İzzət xanım “Sevil” filmində çəkilir. Sonralar o, xatirələrində belə deyəcəkdi:
 
“Cəfər çox tələbkar idi. Bəyənmədiyi kadrların dəfələrlə yenidən çəkilməsinə israr edərdi. Məsələn, Sevilin çarşabını başından atması epizodu bir neçə dəfə təkrar çəkildi, amma bu səhnə yenə də Cəfərin xoşuna gəlmədi. O, hər dəfə əllərini bir-birinə vurub deyərdi:
- Yox, İzzət, olmadı. Çarşabı başından atmağın çox süni çıxır. Əsərin kulminasiya nöqtəsi də elə buradır. Sən çarşabı başından elə atmalısan ki, bu səhnə tamaşaçıda cəhalətin və mövhumatın qara pərdəsi olan çarşaba nifrət və qəzəb oyatsın.
 
Nəhayət, “Sevil” filminin çəkilişi tamamlandı. Film ekranlara buraxıldı. Həmin gün anamı da kinoya baxmağa aparmışdım. Qohumlarımın çoxu da tamaşaya gəlmişdilər. Hamının biletini Cəfər Cabbarlı özü almışdı. Həmin gün çoxlu azərbaycanlı qadın öz çarşabını həmişəlik tulladı. O gün çarşabını atanlardan biri də mənim anam idi”.
 
Bu xatirələr İzzət Orucovanın “Sevil” filminin çəkilişi zamanı, eləcə də ilk dəfə nümayiş etdirilən vaxt keçirdiyi hisləri əks etdirir.  O zaman İzzət Orucova gənc bir xanım idi. Onu təsadüfən görən Cəfər Cabbarlı çoxdan bəri axtardığını tapdığı kimi sevinir. Kinoşünas Aydın Kazımzadə həmin hadisəni bu cür nəql edir: 
 
-“Sevil” filmi istehsalata buraxılanda, Cəfər Cabbarlı küçəbəküçə gəzib Sevil roluna qız axtarırdı. Günlərin birində o, “Təyyarə” kinoteatrında bir qızla rastlaşır. Qızın xarici görünüşündə Sevil obrazının cizgilərini görür. Tanımadığı qızın arxasınca düşür, harada yaşadığını müəyyənləşdirir. İsmayıl Hidayətzadəni götürüb onlara gedir. Atası, qardaşları heç cür onun filmdə çəkilməsinə razı olmurlar. Düzdür, o zamanlar aktrisalar ilk addımlarını atmağa başlamışdılar. Amma İzzət aktrisa deyildi. Ürəyindən olsa da, özü də çəkilməyə qorxurdu. Amma Cəfər Cabbarlı da Cəfər Cabbarlı idi... Cavan olsa da, onun ilanı yuvasından çıxaran şirin dili vardı. Çox gəlib-gedəndən sonra ailənin razılığını alır”.
 
Həmin filmdə başqa maraqlı hadisələr də yaşanıb: “Cəfər Cabbarlı hər an, hər dəqiqə İzzətin yanındaydı. Xoşbəxtlikdən bu filmin bütün çəkilişi Cəfərin iştirakı ilə olub. Bəzi epizodlar barədə İzzət xanım həm xatirələrində yazıb, həm də mənə də danışıb. Çəkilişdə hətta elə anlar olurmuş ki, İzzət xanımı öyrətmək üçün Cəfər Cabbarlı çadranı başından açıb özü Balaşın sifətinə çırpırmış... Cəfər Cabbarlı dediyi sözə əməl edir. Hər gün İzzəti faytonla evdən götürüb, axşam da ailəsinə təhvil verir. Film çəkilir və ekranlara çıxanda böyük uğur qazanır. Bundan ruhlanan Cəfər Cabbarlı “Almas”ın da ssenarisini yazır. Baş rola da yenə İzzət xanımı təsdiq etdirir. Amma amansız ölüm böyük sənətkarı aramızdan aparır. Filmi onun həmkarları - Ağarza Quliyev və Braginski davam etdirirlər. Ölümünün bir illiyində film ekranlara çıxır”.
 
Elmin Nuri

Загрузка...
Загрузка...