Çevriliş ssenarisindəki nazirlər

Ölkə iqtisadiyyatını çökdürüb iqtidara gəlmək istəyiblər
MTN şefinin Samir Şərifov və Şahin Mustafayevlə işbirliyi baş tutmayıb?
Milli Təhlükəsizlik Nazirliyinin ləğvi və bu qurumun rəhbəri Eldar Mahmudovun hakimiyyət strukturlarından tamamilə uzaqlaşdırılmasının gizlinləri açılmamış qalır. MTN-nin ləğv olunmasının aparılan islahatların tərkib hissəsi olmasıyla, Mahmudovun “qələmi”nin sındırılması vəzifəsindən sui-istifadə etməsiylə əlaqələndirilsə də, ortada başqa faktorlar var. Sabiq MTN “şef”i istefaya göndərilərkən, o iddia ortaya atıldı ki, general ölkədə siyasi çevriliş etmək istəyib və hədəfi baş nazir olmaq idi. Lakin, digər ehtimallar yarandıqca, Eldar Mahmudovun təhlükə qismində zərərsizləşdirilməsinin daha ilginc tərəfləri görünməyə başladı.
Mustafayev və Şərifov niyə hədəfə alınmışdı?
Politika.Az xəbər verir ki, gələn son məlumatlara görə, qorxulu generalın əsas hədəfi ölkənin iqtisadi sektorunu ələ keçirmək olub. Mahmudov müavini Akif Çovdarovla ölkənin orta və kiçik sahibkarlıq sektoru və ayrı-ayrı şəxslər üzərində qurduqları “reket şəbəkəsi” ilə planlarının reallaşması yönündə ilk addımlarını atdılar. Bu yolla planlarının icrası üçün külli-miqdarda maddi vəsait əldə etdilər. Lakin, hədəf daha böyük idi. Bu məqsədlə də iqtisadiyyat naziri Şahin Mustafayev və maliyyə naziri Samir Şərifov hədəf taxtasına gətirilmişdi. Ölkənin iqtisadi sektoruna nəzarət edən bu nazirlərin Eldar Mahmudov tərəfindən “vurulması” üçün bir sıra planlar da hazırlanmışdı. Generalın MTN-dəki səlahiyyət müddətinin sonlarına yaxın və bundan sonra da bir sıra media qurumlarında Şahin Mustafayev və Samir Şərifovla bağlı sensassion materiallar tirajlanmağa başlanıldı. Həmin materiallara əsasən, guya Mustafayev və Şərifov əlbir olaraq, ölkənin iqtisadi sektorunu çökdürərək, hakimiyyətə gəlmək istəyiblər. Müəllifi Eldar Mahmudov olan bu ssenarilərə görə, Şahin Mustafayev, Samir Şərifov və iqtisadi-maliyyə sektorundakı digər adlar xarici dövlətlərin planları üzərindən Azərbaycanda siyasi çevriliş etmək məqsədini güdüblər. Amma sabiq MTN “şefi” necə deyərlər, ova gedərkən özü ovlandı. Vəzifəsindən uzaqlaşdırıldı və MTN ləğv edildi. Özü isə ev dustaqlığına göndərildi, iddiaları da təsdqini tapmadı.
Görünən odur ki, Mahmudov iqtisadiyyat və maliyyə nazirləri ilə sövdələşmək cəhdləri baş tutmayıb. Buna görə də, “qara piar” kampaniyasına başlayaraq, sektorları ələ keçirmək yolundakı əsas əngəlləri aradan qaldırmaq niyyəti güdüb.
Qorxulu generalın planı
Şahin Mustafayev və Samir Şərifovun hədəfə alınmalarına gəlincə, bu sırf Mahmudovun iqtisadi və maliyyə sektoruna olan ağalıq iddiasından irəli gəlirdi. Gələn məlumatlara görə, general siyasi məqsədlərini xaricdəki spekulyatorları vasitəsilə məhz maliyyə və iqtisadi sektorlardan başlamaq istəyib. Yəni, Samir Şərifov və Şahin Mustafayevin adına yazılan “çevriliş planı” məhz Eldar Mahmudovun öz məqsədi olub. Şübhəsiz ki, bir ölkədə siyasi çevriliş etməyin sirri həmin dövlətin iqtisadiyyatı və maliyyə sistemində yatır. Bu iki sektorundan birinin çöküşü xaotik mühit yaradır və bu çevriliş üçün əsl fürsət təqdim edir. Bu, ABŞ və bir sıra Avropa dövlətlərinin müxtəlif dövlətlərdə uğurla sınaqdan keçirdiyi təcrübədir.