Çempionlar Liqası: Bu axşam ilk yarımfinalçılar müəyyənləşəcək

Bu axşam UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsində ilk iki cavab görüşlərinə start veriləcək.
Mançester və Madriddə oynanılacaq matçlardan sonra ilk yarımfinalçıların adları müəyyənləşəcək.
Öz meydanında “Mançester Siti” ilə qollu bərabərliyə (2:2) razılaşan PSJ-nin səfərdə işi çətin olacaq. Paris təmsilçisi yalnız qollu heç-heçə və qələbə sayəsində yarımfinala adını yazdıra bilər. İngiltərə klubu isə ilk oyunun fürsətindən yararlanmağa çalışacaq.
Fransızların heyətlə bağlı problemləri də yetərincədir. Belə ki, David Luiz və Blez Matuidi cəza, Veratti isə zədə üzündən həlledici oyunda çıxış edə bilməyəcəklər. Üstəlik, Trapp və Pastorenin də bu oyunda iştirakı da sual altındadır. Meydan sahiblərinin heyətində isə Delf, Fernando və Kompani zədədən əziyyət çəkir.
Paralel keçəcək digər qarşılaşmada isə Madridin “Real” klubu “Volfsburq”u qəbul edəcək. Almaniyada sürprizlə qarşılaşan madridlilər revanş almağa səy göstərəcəklər. Səfərdə 0:2 hesablı məğlubiyyətlə üzləşən Zidanın komandası yarımfinalda oynamaq üçün 3 qol vurmalı və öz qapılarından top buraxmamalıdırlar.
"Real”ın heyətində zədə səbəbindən fransalı müdafiəçisi Rafael Varan forma geyə bilməyəcək. Kərim Benzemanın isə meydana çıxması hələ sual altındadır. Çətin səfər öncəsi Almaniya təmsilçisi S. Jung, Sprenger, Bendtner və Stolçun yardımından yararlana bilməyəcək (AzərTAc).