​Cehiz verənlərə bəd xəbər: tozsoran, kondisioner, soyuducu da qalxdı - ÖZƏL

 
Artıq elektrik avadanlıqlarının qiymətində də bahalaşma qeydə alınıb
 
Politika.Az-ın məlumatına görə, tozsoran, ütü, fen, kondisioner, soyuducu və digər məişət texnikasının qiyməti artıb.
 
Hazırda ticarət mərkəzlərində, firmalarda bu malların qiymətlərinə dəyişiklik edilir. Bu avadanlıqların xaricdən gətirildiyi və dollarla alış-veriş edildiyini nəzərə alınaraq qiymətlər qalxıb.
 
Onsuz da əhalinin bu texnikanı nağd pulla almağa imkanı yox idi və əksəriyyəti kreditlə götürürdü. Ancaq yeni tariflərdən sonra cehiz verənlər, qız köçürənlər, yeni mənzili olan insanlar böyük bir çətinliklə üzləşəcək.
 
Bahalaşma dalğası hər sahəni bürüdüyü üçün vətəndaşlar zülm-zillət çəkir. İndi valideynlər qızlarını ər evinə köçürmək üçün min bir əziyyətə qatlaşır, borc-xərcə girir, toydan yığılan puldan qalan azca vəsaitlə və kreditlə cehiz alırlar.
 
Bundan sonra vəziyyət qəlizləşəcək. Ailələr övladlarına toy etmək, cehiz almaq üçün daha ağır borca girəcək. Çünki zəruri olan məişət texnikasının qiymətləri qalxmaqdadır. Bu avadanlıqları gətirənlər isə onları qınamamağı xahiş edir. Çünki xaricdən idxal olunur.
 
Politika.Az xəbər verir ki, minlərlə ailə olduqca ağır bir vəziyyətlə üzləşir. Dövlət rəhbərliyi təxirəsalınmaz antiböhran tədbirləri həyata keçirir. Amma bəzi yarıtmaz məmurların sayəsində ölkəni bahalaşma dalğası bürüyüb.
 
Ərzaq məhsullarının qiymətinin qalxması, maaşların azalması, bank borclarının üstünə gəlməsi xalqın güzəranını çətinləşdirir. Dolların bahalaşması və manatın ucuzlaşması, islahatların ləngliyi, monopoliyanın qalması vəziyyəti ağırlaşdırır.
 
Ölkədə işsizlik baş alıb getdikcə, bahalaşma davam etdikcə aztəminatlı ailələrin, imkansız insanları, təqaüdçülərin, köçkünlərin və şəhid ailələrinin və digər təbəqə insanların iqtisadi vəziyyəti daha da ağırlaşır.
 
Hakimiyyətin sosial siyasəti insanların həyat tərzinə yeni əngəllər yaradır. İqtisadiyyatın tənəzzülündə, ictimai həyatın bütün sahələrində bu siyasətin təsiri güclənməkdədir.
 
Hər gün iş yerləri qapadılır, istər özəl, istər dövlət müəssisələrində ixtisarlar gedir, vergi bazası daralıb. Ölkə sürətlə böyük böhran dövrünə daxil olur. O biri tərəfdənsə, devalvasiya alıcılıq qabiliyyətini minimuma endirib, yoxsulluq və işsizliyin miqyası genişlənib.

Загрузка...
Загрузка...