Çavuşoğludan ABŞ-a SƏRT CAVAB: “Bu, cahillikdir!”

 
 
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Silahlı Qüvvələr Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, generalı Cosep Votel “müttəfiqlərimiz həbs olundu” bəyanatına cavab verib.
 
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, nazir amerikalı generalın bəyanatını “məlumatsızlıq, cahillik” adlandırıb.
 
“Türkiyənin İŞİD, PKK və digər təşkilatlarla mübarizəsində hərbi gücünü yalnız bunlarla məhdudlaşdırmaq başqa niyyətlərdən, yaxud da məlumatsızlıq və cahillikdən qaynaqlanır”, - Mövlud Çavuşoğlu bildirib.
 
Çavuşoğlu hərbi çevriliş cəhdindən sonra orduda aparılan təmizliyin İŞİD-lə mübarizəni zəiflətməyəcəyini, əksinə mübarizəni daha etibarlı və təsirli edəcəyini deyib.
 
Rusiya ilə əlaqələrin normallaşmasına toxunan Çavuşoğlu Moskva ilə əlaqələrin NATO və Avropa Birliyinə alternativ olmadığını vurğulayıb.
 
Qeyd edək ki, Türkiyədə hərbi çevrilişi şərh edən amerikalı general ABŞ-ın Türkiyə ordusundakı yaxın müttəfiqləri həbs olunduğunu bildirib. O, ikili münasibətlərin zərər görəcəyini bildirib və İŞİD-lə mübarizəyə uzunmüddətli təsir göstərəcəyinə dair narahatlığını dilə gətirib.