​Cavid Qurbanovun başı dərddə – Rəcəb Babaşova görə

Qazaxın icra başçısının MTN generalları ilə əlaqəsinə görə Cavid Qurbanovun prezidetin yanındakı etimadı təhlükə altına girə bilər
 
“MTN işi” ilə bağlı mətbuatın diqqət mərkəzinə gələn Qazaxın icra başçısı Rəcəb Babaşovun istintaqa cəlb olunması gündəmdədir . Hazırda məhkəməsi gedən Akif Çovdarovun məhkəməsində bir çox şahidlər və müttəhimin özü tərəfindən Qazaxın icra başçısna qarşı ittihamların səsləndirilməsi istisna olunmur.
 
Bu barədə özəl mənbələrdən daxil olan məlumatda bildirilir. Məlumata əsasən MTN generallarının istintaqı zamanı daha əvvəl Vergilər nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi işləyən Rəcəb Babaşovun adı bir neçə dəfə keçib. Məsələ ilə bağlı Baş Prokuror Zakir Qaralova məlumat verildiyi qeyd olunur. Bildirilir ki, Rəcəb Babaşov Vergilər Nazirliyndə çalışdığı zaman Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi, “MTN işi” ilə bağlı işdən azad olunan Vidadi Məmmədovla birlikdə MTN generallarının “çətəsində” yer alıb. Lakin onu həbsdən və istitintaq araşdırmasından “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanovun qurtardığı qeyd olunur.
 
Qeyd edək ki, Rəcəb Babaşovun adı mətbuatda müxtəlif maliyyə maxinasiyalarından tutmuş “MTN işi”nədək ən müxtəlif məsələlərdə hallanıb. Qazaxın icra başçısı daha çox Cavid Qurbanovun “kassiri” kimi tanınıb. Cavid Qurbanovun çoxlu sayda biznes qurumlarına da onun nəzarət etdiyi bildirilir. Əslən sabirabadlı olan Rəcəb Babaşovun həm Nəqliyyat naziri Ziya Məmmədovla, həm də Cavid Qurbanovla nikah vasitəsi ilə qohum olduğu məlumdur.
 
Eldar Mahmudov vəzifədən alındıqdan və “MTN işi” ilə bağlı generallar həbs olunduğu zaman müxtəlif mənbələr Rəcəb Babaşovun “MTN çətəsi” ilə iş birliyi içində olması barədə mətuata məlumatlar ötürməyə başladılar. İttihamların ciddi olmasına baxmayaraq o zaman Rəcəb Babaşov istintaqdan yayına bildi. Buna görə o yaxın dostu, qohumu və hamsi Cavid Qurbanova minnətdardır.
 
Mənbənin bildirdiyinə görə Vergilər Nazirliyində çalışması təhlükəli olduğu üçün Cavid Qurbanov onun Qazax rayon İcra Hakimiyyəti başçısı təyin olunmasına nail ola bilib. Lakin hazırda vəziyyət elədir ki, Rəcəb Babaşovun adı Çovdarovun məhkəməsində hallandığı zaman Cavid Qurbanovun kareyrası təhlükə altına girə bilər. Çünki prezidentə təqdimatı zamanı Rəcəb Babaşovun “MTN işi” ilə əlaqəli olduğu gizlədilib. Məsələ açıqlanarsa Cavid Qurbanovun prezidetin yanındakı etimadı təhlükə altına girə bilər. Bu üzdən də hazırda Cavid Qurbanovun cəbhəsində narahatlıq və təşviş olduğu bildirilir.
 
Məlumatlandıran mənbə bildirir ki, Cavid Qurbanov öz nüfuzundan istifadə edərək məhkəmədə Rəcəb Babaşovun adının keçməməsi üçün çalışır. Bildirilir ki, Cavid Qurbanova yaxın olan vəkilər də bu işlə məşğul olurlar. Onlar şahidlərlə, istintaq qrupu ilə və hakimlərlə görüşüb bu işi ört-basdır etməyə çalışırlar.