Cavid Qurbanov bayramqabağı bileti bahalaşdırdı: ölkə qaranlıq tuneldə - ÖZƏL

 
Azərbaycanın dəmir yollarında sərnişin və yük daşımada qiymət artımı olacaq. Bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanov bildirib.
 
O qeyd edib ki, hər ay dəmir yolları işığa görə 1 milyon 300 min manat pul ödəyir: “Elektrik enerjisinin qiyməti qalxıbsa, dəmir yollarında da qiymət artımı olacaq”.
 
Politika.Az-a bildirilib ki, ölkənin bütün sahələri üzrə bahalaşma dalğası müşahidə olunacaq. Hökumət böhranın qabağını ala bilmir. Ona görə də ən kustar və kobud varianat keçib: zərəri xalqın boğazından kəsməklə kompensasiya edirlər.
 
Bu arada isə “Azərbaycan Dəmir Yolları” QSC sədri, deputat Cavid Qurbanov özünü sosial şəbəkələrdə reklam etdirir. Deputat Feysbukda müxtəlif qruplar və səhifələr açdırır, onun təlimatı üzrə təhkim olunmuş şəxslər fəaliyyət göstərir, piarını aparır.
 
Həmin qruplarda Cavid Qurbanovun həm QSC rəhbəri, həm deputat kimi gördüyü işlər təbliğ olunur, reklamı gedir, təriflər yağır. İlin-günün bu vaxtında məmurun özünü təbliğ etməsi başadüşülən deyil.
 
Heç bir deputat və ya qurum rəhbəri Feysbukda piarla məşğul olmur. C.Qurbanov isə prezidentin həyata keçirdiyi işləri və ölkə ilə bağlı məsələləri təbliğ etdirmək yerinə özünü reklam etdirir.
 
Politika.Az xəbər verir ki, bayramqabağı bahalaşma dəmiryol vağzallarında gərginliyə səbəb olacaq. İlin sonu yaxınlaşdıqca gedişat daha da pisləşir.
 
Ərzaq məhsullarının qiymətinin qalxması, maaşların azalması, bank borclarının üstünə gəlməsi xalqın güzəranını çətinləşdirir. Azərbaycanda sosial-iqtisadi vəziyyət çətinləşir.
 
İnsanlar gündəlik həyatında problemlərin dərinləşdiyini, dolanışığın əzaba çevrildiyini, borcların artdığını və qiymətlərin günbəgün bahalaşdığını hiss etməkdədir. Bu halda C.Qurbanovun qərarı vəziyyəti daha da qəlizləşdirəcək.
 
Xüsusilə də nəzərə almaq lazımdır ki, son 2 ildə 2 dəfədən çox ucuzlaşan milli valyuta insanların ən zəruri istehlak xərclərini ən azı 40-45% artırıb.